Qardaş ölkənin jurnalistləri Gümrü-Qars dəmir yolunda

Türkiyəli jurnalistlər İrəvanda Avropa Siyasi Birliyinin Sammitində və İrəvan Dialoq Forumunda iştirak etdikdən sonra Gümrüyə səfər ediblər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, onlar Gümrü-Qars dəmir yolunu gəzib, onun bərpası perspektivlərini araşdırıb və keçid məntəqəsinin açılmasının vacibliyini vurğulayıblar.

Türkiyəli jurnalistlər Ermənistan-Türkiyə sərhədində, Gümrüdə fəaliyyət göstərən Asparez Jurnalistlər Klubunun sədri Levon Barseqyanla görüşüb və sərhədin açılmasının vacibliyini müzakirə ediblər. Barseqyan qeyd edib ki, Axurik stansiyası soyuq müharibə dövründən qalan dəmiryolu şəbəkəsinin bir hissəsidir və Ermənistandan Türkiyəyə, oradan isə Avropaya gedən marşrutun son dayanacağıdır. O bildirib ki, bu, Asiya ilə Avropa arasında Orta Dəhlizin bir hissəsi ola bilər.

Barseqyan onu da xatırladıb ki, bu marşrut sovet dövründə fəaliyyət göstərib və daha sonra bir il, 1992-93-cü illərdə açıq qalıb. Onun sözlərinə görə, sərhədlərin açılması iki ölkə arasında ticarət və əlaqələrin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Asparez sədri əlavə edib ki, bu, təkcə Türkiyə və Ermənistanın deyil, həm də qonşu dövlətlərin xeyrinə olacaq.