Fransa Xarici İşlər Nazirliyi erməni qanunsuz silahlı
birləşmələrinin təxribatları nəticəsində aprelin 11-i Qarabağda yaşanan qanlı
savaşla bağlı fakta, məntiqə, beynəlxalq qanunlara sığmayan bəyanat yayıb.
Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarət
etdikləri ərazilərində gizlənərək terrorçu fəaliyyəti göstərən erməni
quldurları Xankəndi-Xəlfəli-Turşsu və bu
marşrutun şimalından keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarından
qeyri-qanuni silahlı dəstələrin döyüş mövqelərinin təminat və təchizatını həyata
keçirmək üçün mütəmadi istifadə edir, həmin yerlərə silah, hərbi texnika, canlı
qüvvə daşınır. Ermənilər həmin yollarda qanunsuz tikinti və təkmilləşdirmə işlərini
də intensivləşdirmişdilər. Bu, azmış kimi, aprelin 11-də Ermənistan silahlı
qüvvələri Qərbi Azərbaycanın Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində
yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz
mövqelərini minaatan və iriçaplı silahlarla atəşə tutdular. Hərbi
qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının
qarşısı qətiyyətlə alındı, atəş mövqeləri susduruldu.
Erməni quldurların xeyli itki verərək (sayı həmişə
azaldırlar, öz ictimaiyyətlərindən də gizlədirlər) qaçıblar və Azərbaycan
Ordusu əzəli, əbədi mövqelərində nəzarəti tam ələ keçirib. Savaşda ordumuzun 3
giziri şəhid olub.
Fransa XİN ermənilərin vəhşiliyinə don geyindirmək məqsədilə
guya manevr edib. Bizlərdə buna biclik deyirlər. Elmi baxımdan biclik gicliyin
antonimdir. Fransanın simasında isə məhz sinonimdir. Rəsmi Parisin bicliyi o qədər
bəsit və ikrah doğurandır ki, leksik mənaca bir-birinin əksinə olan sözlər də
onlarda eyni mənalı alınır.
Tərsinədirlər. Qərəzlidirlər. Həyasızdırlar…
Fransa XIN-in rəsmi saytına yerləşdirilən bəyanatın
fransız dili variantında bildirilir ki, Paris aprelin 11-də Ermənistan və Azərbaycan
sərhədində, Ermənistan ərazisinin Teq yaşayış məntəqəsi yaxınlığında baş
vermiş, hər iki tərəfdən 7 nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən
zorakılıqdan dərin narahatlıq keçirir.
Bu hissin adı narahatlıq yox, riyakarlıq olar. Həmin
söhbətdir – antonim, sinonim məsələsi. Fransızsayağı yanaşmada narahatlıqla
riyakarlıq sinonim sözlərdir.
Bəyanatda “Ermənistanın ərazi bütövlüyünə hörmət və Azərbaycan
qüvvələrinin qoşunların təmas xəttinin Ermənistan tərəfindəki işğal olunmuş
mövqelərindən çıxarılması gələcək insidentlərin qarşısının alınması və regionda
davamlı sülhün əsaslarının qorunması üçün vacibdir” ifadəsi var. “Narahat” Fransa
Cənubi Qafqazı, Azərbaycanı, erməni xalqının özünü bir əsrdən çoxdur narahtlıq
işərisində saxlayan, 30 il rəsmən işğalçılıq edən, bu gün də eyni xislətindən əl
çəkməyən Ermənistanın ərazi bütövlüyündən danışır. Tarixən ərazisi olmayan,
qonşularının torpaqlarına göz dikən, bu gün Qarabağın bəzi yurdlarında terror
yuvası salan və sülh sazişinin bəndlərini yerinə yetirməyən Ermənistanın hansı
torpaq bütünlüyünə xələl gəlib?! Bəyanatdakı sərsəmləmədən belə çıxır ki, Azərbaycan
qüvvələri Ermənistanın mövqelərini işğal edib. Bunun adı sırtıq böhtandır, beynəlxalq
müstəvidə tam məhkəmə predmetidir.