Qəzetçilərdən çap mediasının taleyi mövzusunda sərt və ziddiyyətli fikirlər

Qəzetlərin fəaliyyətini dayandırmaq məcburiyyətində qaldığına dair məlumatlar artmaqdadır. Səbəb kimi müasir informasiya mühitində - elektronlaşma dövründə çap mediasının rəqabətə davamlı olmadığı, bununla yanaşı informasiya mühitinə təsir gücünü itirdiyi göstərilir. 

Mediaekspert.az media rəhbərlərinin müxtəlif saytlara verdiyi açılamaların əsas hissələrini bir yerə topayaraq təqdim edir: 

Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin Musavat.com-a açıqlamasından:

Çap mətbuatının davam gətirməsi mümkünsüzdür. Dövlət yazılı mətbuatın yaşaması üçün uzun illər dəstək olub və bunun hesabına qəzetlər fəaliyyət göstərir. 
Qəzetlərin gəlir yeri reklamlardır, bu isə yoxdur. Qəzet satışı sıfırlanıb, yeni nəsil qəzet oxumur, bəziləri isə heç onun nə olduğunu bilmir. Təəssüf ki, Azərbaycanda yazılı mətbuat son günlərini yaşayır. Mən düşünmürəm ki, onu xilas etmək mümkündür. Çünki dünya tamamilə dəyişib, yeni nəslin qəzet yaddaşı yoxdur. Yalnız köhnə nəslin nümayəndələrindən bəziləri qəzet oxuyur.

Mətbuatda indi “ChatGPT”nin yazdığı yazılar çap olunur. Onlar da hissiz və duyğusuz olur. Bu baxımdan çap mətbuatının gələcəyi çox pessimist görünür. Lakin çalışmaq lazımdır ki, yeni mediada çox peşəkar təhlil, müsahibə, reportaj janrlarını qoruyub saxlayaq. Çünki bu xaotik dövr keçib gedəcək və peşəkar jurnalist araşdırmalarına ehtiyac yaranacaq. Hər halda ümid sonda ölür.

Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının Oxu.Az-a açıqlamasından: 

"Çap mediası dövrü bitdi" deyib tələsməməliyik, bütün dünyada qəzetlər nəşr olunur, yaşayır, hətta tirajları da artır. Biz tarixən sel gəlməmiş çırmanmanı sevirik, elə bilirik ki, dağıtmaqla nəyisə yenidən qururuq. Tutaq ki, qəzet çapı üçün ayrılan vəsaitə qənaət edilir, deyək ki, bununla xeyir veririk. Bilirsiniz, ölkədə qəzet çapına ayrılan vəsait nə qədərdir? Bakı şəhərində 10-15 kilometr yol təmirinə ayrılan vəsait bu gün fəaliyyət göstərən bütün  qəzetlərin bir illik büdcəsi deməkdir.

İkinci tərəfdən, biz qəzetlərə təkcə arxiv və tarixi yaddaş kimi baxmamalıyıq. Qəzetlər media institutunun vacib, əhəmiyyətli bir qoludur, jurnalistikamızın altyapısıdır. Bu bünövrəni uçursaq, gələcəkdə yaradıcılıq baxımından böyük risklərlə üz-üzə qalacağıq. Onsuz da Azərbaycanda qəzetlərin sayı o qədər də çox deyil - gündəlik 6, həftəlik 11 qəzet fəaliyyət göstərir. Qəzetlərin alınmamasının başlıca səbəbləri bu sahədə islahatların aparılmaması ilə bağlıdır. Yayım şəbəkələri dağıdılıb, rayonlara qəzet getmir. Belə vəziyyətdə qəzetlərin özlərinə yayım şəbəkələrinin qurulmasına şərait yaradılmalı olduğu halda bu imkanlar məhdudlaşdırıldı.

Bakının əhalinin gur olan yerlərində, keçidlərdə, rayonlarda köhnə qəzet köşklərinin satış yerləri müəyyənləşdirilməli, tender elan olunmalı, redaksiyalara öz məhsulunu satmaq imkanları yaradılmalı idi. 

"Nə qədər oxucu informasiyanı birbaşa saytlardan alır" sualına əvvəl cavab verilməlidir. Bu resursların əksəriyyəti sosial media şəbəkələri üzərindən izlənilir. Qəzetlər də yazıları eynən saytlar, onlayn informasiya resursları vasitəsilə yayır. Hələ üstəlik, onlayn rejimdə fəaliyyət göstərən sayt vasitəsilə bu işi görürük.

Qəzet redaksiyalarının gün ərzində fəaliyyəti iki istiqamətdə olur. Bizim səthi araşdırmamıza görə, ölkədə xəbər istehsalı və müstəqil yaradıcılıqla məşğul olan saytların sayı 15-i keçmir. Amma 40-a yaxın sayta dövlət yardım edir. Əgər söhbət rentabellikdən, ictimai rəyə təsir imkanlarından gedirsə, onda dövlətin dəstəyinə arxalanan bütün media strukturlarına eyni münasibət göstərilsin.

"Yeni Müsavat" Media Qrupunun baş direktoru Ələsgər Süleymanovun Oxu.Az-a açıqlamasından:

"Qəzetlərin yaşamasında müəyyən problemlər mövcuddur. Bunun obyektiv və subyektiv səbəbləri var. Subyektiv səbəblər daha çoxdur. Xüsusilə qəzetlərin yayımı və abunəsi ilə bağlı heç bir iş görülmür. Qəzet köşkləri şəhərin mərkəzi hissələrindən götürüldü, əldə yayıma qadağalar qoyuldu. Səyyar satış qadağan olundu. Bunlar da son nəticədə qəzetlərin tirajını o səviyyəyə çatdırdı ki, artıq çap mediası iflas durumundadır. Yayım firmaları demək olar ki, artıq yoxdur. Mövcud olan 2-3 firma isə öhdəliklərini yerinə yetirə bilmir. Çünki tirajlar o qədər azdır ki, qəzetin məntəqələrə çatdırılması rentabelli deyil.

Qəzetlərin bir çoxları artıq bağlanıb, az sayda qəzet qalıb. Bunu yoluna qoymaq mümkündürmü? Əlbəttə mümkündür. Buna istək lazımdır. Qəzet yayımını normal təşkil etməli və abunəlik sistemi yaradılmalıdır. Müvafiq təşkilatlar abunə edilməlidir. 

Statistikadan göründüyü kimi, dünyada heç bir ölkə hələlik print mediadan imtina etməyib və çap media sıradan çıxarılmayıb. Düzdür, elektron və sosial media sürətlə irəliləyir. Amma buna baxmayaraq, print media yaşayır, daha doğrusu yaşadılır. Bu sənəddir, salnamədir. Hər gün yüz minlərlə sənəd çap olunaraq arxivlərdə saxlanılır. Sosial media və ya elektron media günlərin bir günü yox ola bilər, bütün izi də itirmək mümkündür. Amma çap mediası arxivlərdə on illərlə qalır və gələcək nəsillər lazım olan araşdırmalarda məlumatları həmin arxivlərdən tapa bilər. Təəssüf, Aərbaycanda reklam bazarı heç vaxt normal olmayıb. 

Burada əməli addımlar olmalıdır ki, qəzet oxuma ənənəsi yaddaşlara qayıtsın. Qəzeti kağızdan oxumaq ənənəsi təşkil olunmalıdır. Məsələn, istənilən rayonda şagird kitabxanaya gedib qəzetlərin nüsxələrini vərəqləmək imkanına sahib olmalıdır. Və yaxud səhiyyə təşkilatlarında və digər qurumlarda qəzetlərin nüsxələri olmalıdır. Gündəlik qəzetlər hər gün həmin qurumlara çatdırılmalıdır. Bu da abunə yolu ilə olmalıdır. Bu, həm də qəzet oxuma ənənəsini geri qaytarar.

Mediaekspert.az