Tələbələrimlə qarşılıqlı inam əsasında əlaqə qurmağa çalışmışam – Müjkan Məmmədzadə + Müsahibə

Müsahibimiz pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan İdman Akademiyasının baş müəllimi Müjkan Məmmədzadədir.

Tanıtma: Bakıda dünyaya gələn Müjkan Məmmədzadə 278 nömrəli məktəbi bitirdikdən sonra Azərbaycan İdman Akademiyasına (AİA) qəbul olub və burada həm bakalavr, həm də magistr, daha sonra isə Təhsil Problemləri İnstitutunda fəlsəfə doktoru proqramı üzrə əyani doktoranturada təhsil alıb. 2019-cu ildə Naxçıvan Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirib. M.Məmmədzadə Təhsil Nazirliyi Respublika Bədən Tərbiyəsi Mərkəzində aparıcı mütəxəssis, Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzində bölmə müdiri, Xalq Təhsili Muzeyinin Elmi-kütləvi iş şöbəsinin müdiri, Bakı şəhər Mədəniyyət Baş İdarəsində ümumi sektorun müdiri vəzifələrində çalışıb. O müxtəlif vaxtlarda Bakı Turizm Kolleci, Beynəlxalq Kollec, Azərbaycan Beynəlxalq Universiteti, Pedaqoji Universitet və AİA-da müəllim kimi çalışıb. Hazırda AİA-da baş müəllim olan müsahibimiz, 2023-cü ildən bəri bu vəzifədədir.

- Tələbəlik illərinizdən əmək fəaliyyətinə başlamısınız. Yəqin ki, "iki cəbhədə vuruşmaq" çətin idi?

- Tələbə adını qazananda təhsilimi fərqlənmə diplomu ilə bitirməyi, magistr və doktorantura təhsili almağı qarşıma məqsəd qoymuşdum. 2-ci kursda oxuyarkən Nərimanov Rayon Gənclər və İdman İdarəsində əmək fəaliyyətimə başladım. Bundan başqa, təhsil aldığım müəssisənin YAP Gənclər Birliyinin sədri kimi də fəaliyyət göstərirdim. Təbii ki, 19 yaşlı bir gənc üçün təhsillə işi, həmçinin, ictimai fəaliyyəti bir araya sığışdırmaq çox çətin idi. İş rejimimin təhsilimə mane olmaması üçün çox çalışırdım. Məqsədimə çatmaq istəyim və müəllimlərimin dəstəyi ilə çətinliklərin öhdəsindən gələ bildim.

- Əmək fəaliyyətinizə nəzər salsaq, iş ünvanınızı tez-tez dəyişmisiniz. Bunun səbəbi nədir?

- Yeniyetmə ikən özümü bir çox sahələrdə sınamaq istəyim olub. Həmişə işimə sevgi və məsuliyyətlə yanaşmağım, heç bir tapşırıqdan qorxmamağım və təcrübə qazanmaq məqsədim işlədiyim qurumlarda yüksəlməyimə səbəb olub. Həmçinin, yeni tanışlıqlar sayəsində özümü fərqli iş mühitlərində sınamışam. Məhz bu səbəbdən iş ünvanım tez-tez dəyişib.

- Bir neçə ali təhsil ocağında tələbələrə dərs keçmisiniz. Bunlardan ən çətin iş şəraiti hansında idi?

- Qeyd edim ki, pedaqoji fəaliyyətimə də gənc yaşlarımdan başlamışam. Dövlət qurumunda çalışmağıma baxmayaraq, müxtəlif təhsil ocaqlarında dərs də deyirdim. Tələbə auditoriyasından ayrıldıqdan sonra ali məktəbdə müəllim olmaq çox çətindir. Bu çətinliyi dəf etmək üçün özünəinam hissi mütləq olmalıdı. Belə ki, Azərbaycan Beynəlxalq Universitetində işlədiyim zaman qiyabi təhsil alan tələbələrimin məndən yaşca və status baxımından böyük olması əlavə məsuliyyət tələb edirdi. Həmin tələbələrlə ünsiyyət qurmaq, dərsi ələ almaq və başqa məqamlarda zaman-zaman çətinliklər yaşamışam. Xoşbəxtlikdən bu problemlərin öhdəsindən qısa müddətdə gələ bilmişəm.

- Bir çox beynəlxalq və respublika elmi-praktik konfransların iştirakçısısınız. Ən yaddaqalanı hansıdır?

- 100-dən çox beynəlxalq və respublika əhəmiyyətli konfransın iştirakçısı və məruzəçisi olmuşam. Ən yaddaqalanlara gəlincə, birincisi, 2013-cü ilə Naxçıvanda keçirilən beynəlxalq konfransdır ki, orada elmi rəhbərim Hümeyir Əhmədovla tanış olmuşam. İndiyədək qazandığım elmi nailiyyətlərimin səbəbkarlarından biri məhz Hümeyir müəllimdir. Rəhbərimin ilk doktorantı və yeni işıq üzü görən bioqrafiyanın müəllifi olmaq şansı mənə böyük təcrübə qazandırdı. Digər yaddaqalan tədbir isə 2014-cü ildə Eskişəhərdə keçirilən "Türk Dünyası Bilgilər Zirvəsi" konfransı idi ki, orada ölkəmizin nümayəndələri arasında ən gənc iştirakçı mən idim. 52-dən çox ölkənin alimlərinin iştirak etdiyi bu yığıncaqda "Bəxtiyar Vahabzadə Yaradıcılığında Milli İstiqlal" mövzusunda çıxış etmək mənim üçün böyük uğur və qürur idi.

- Ötən il pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almısınız. Bu uğurun karyeranıza nə kimi faydaları var?

- Mənə görə elmi dərəcə almaq özü elə bir karyerarıdır. Təbii ki, bu məqam beynəlxalq fəaliyyətimdə böyük imkanlar yaradır. Elmi dərəcə aldıqdan sonra İdman Akademiyasında baş müəllim vəzifəsinə yüksəldim. Bir çox xarici konfrans və qurultaylarda təşkilat komitəsinin üzvü olaraq iştirak etdim. İnanıram ki, bu qazancım mənə gələcəkdə daha böyük nailiyyətlər əldə etməyə yardımçı olacaq.

- Təcrübəli müəllim kimi tələbələrinizə uğur qazanmaları üçün hansı məsləhətləri verirdiniz?

- Pedaqoji fəaliyyətimin ilk illərindən çalışmışam ki, tələbələrimlə qarşılıqlı inam əsasında əlaqə qurum. Təəssüf ki, indiki tələbələrin əksəriyyəti məqsədlərinin ardınca getmir. Hər hansı fənni tədris etməyimdən asılı olmayaraq, onlara məsləhətlərimdən birincisi budur ki, qarşılarına hədəf qoysunlar. Onlara həmişə rastlaşacaqları maneələrdən bezmədən, istəklərinin arxasınca getmələrini söyləyirəm. Özümü nümunə kimi göstərərək, heç bir uğurun rahat yolla əldə edilmədiyini, çox çalışmağın və məsuliyyətli olmağın nəticəsinin uğura aparan yol olduğunu onlara aşılamağa çalışıram.

- Yəqin ki, kifayət qədər uğur qazanmış bir pedaqoqun da qarşısına qoyduğu məqsədlər var…

- Əlbəttə, var. Məqsədlərimdən biri elmi fəaliyyətimi davam etdirməkdir. Elmlər doktoru elmi dərəcəsini almaq, professor, akademik səviyyəsinə çatmaq başlıca istəyimdir. Pedaqoji tərəfdən isə tələbələrim ilə fərqli layihələrdə uğur qazanmaq və işğaldan azad olunmuş ərazilərimizdə böyük bir layihədə iştirak etmək istəyirəm. Dövlətimizə, xalqımıza və gənclərimizə yararlı bir layihə həyata keçirmək ən böyük arzularımdan biridir.

Məhəmməd Tağıyev (JEM üzvü)