"Dünyaya məkrli siyasət prizmasından baxan Qərb müstəqil siyasət yürüdərək bütün sahələrdə inkişafa nail olan ölkələri hədəfə çevirmək aludəçiliyinin dibinə yuvarlanmaqdadır. Cənubi Qafqaz qanlı-qadalı tarixi ilə vidalaşdıqca regionda çiçək kimi açan sülh xüsusən ABŞ-da sağalmaz allergiya yaradıb. Çox güman Ermənistanın işğalına son qoyulandan sonra rəsmi Vaşinqtonun sağa-sola vurnuxması, bir yerdə dinc otura bilməməsi yoluxduğu “hegemon” xəstəliyinin nəticəsidir”.
Bu fikirləri mediaya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Ceyhun Musaoğlu bildirib.
JEM sədri ABŞ-ın Azərbaycanı başqa ölkələrlə səhv saldığına diqqət çəkərək, digər dövlətlərin daxili işlərinə qarışmaq kimi murdar xarakterə sahib Bayden Administrasiyasının rəsmi Bakıya təsir göstərmək imkanlarının sıfır səviyyəsində olduğunu vurğulayıb və qənaətini belə əsaslandırıb:
“Birincisi, Azərbycan güclü, qüdrətli dövlətdir. Dünya ölkələrinin 30 ildir işğal daşını regiondan götürüb kənara atmağa gücləri çatmadı, Azərbaycan bu müqəddəs işi təkbaşına gördü. Bu əzmin qarşısında atom da olsa əriyər. İkincisi, Qarabağ iqtisadi rayonu da daxil omaqla ölkəmizdə , bütün sahələr üzrə elə mübarək prosesə başlanılıb ki, xalqı dövlətlə üz-üzə qoymaq kimi çirkin plan biz tərəfdə baş tuta bilməz. Üçüncüsü, Azərbaycan aqressor olmadığını suverenliyini 23 saat 51 dəqiqə müddətində tam bərpa edərkən antiterror tədbirləri çərçivəsində göstərdiyi insani davranışla bir daha təsdiqlətdirdi. 44 günlük müharibə zamanı da ordumuz vuruşa-vuruşa bir əlində sülh çələngi tutmuşdu. Dördüncüsü və minincisi, biz əvvəl okeanı fəth etmişik, sonra gəmimizi o sualara çıxarmışıq, yeni okeanlar axtarmaq fikrimiz də yoxdur. Belə olan təqdirdə hansısa ölkəyə daxili işlərimizə qarışmağa imkan vermərik”.
C. Musaoğlunun fikrincə, ABŞ-ın nifr sisteminin əsas mexanizmi sayılan ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD)-in ağlı əvvəlki illərdə qalıb. Müstəqil agentlik yalanı altında yaradılan bu Agentlik əsasən mülki xarici yardım və inkişafa köməyin idarə edilməsinə cavabdehdir. 27 milyard dollardan çox büdcə ilə USAID dünyanın ən böyük rəsmi yardım agentliklərindən biridir və ABŞ-ın bütün xarici yardımının yarısından çoxunu təşkil edir – mütləq dollar ifadəsində dünyada ən yüksəkdir.
Prezident Con Kennedinin sərəncamı yaradılıb əsas diqqəti uzunmüddətli sosial-iqtisadi inkişafa yönəldən ABŞ-ın ilk xarici yardım təşkilatıdır:
"Müstəqil Agentliyə baxın, fəaliyyəti Konqres tərəfindən Xarici Yardım Aktı vasitəsilə tənzimlənir. Məqsəd əsasən də qrant layihələri çərçivəsində müstəqil ölkələrin daxilində geniş miqyaslı agent əməliyyatları gerçəkləşdırmək, əhalinin beyninin yuyulması planı hazırlamaq, cəmiyyəti milli dəyərlərindən uzaqlaşdırmaq, vətəndaşla dövləti üz-üzə qoymaqdır. Təbii ki, bu siyasət Azərbaycan üçün daha keçərli deyil. 20 il öncə USAİD-in qrant layihələrindəki anti-milli mövzular bəzi QHT-lərin gözlərini qamaşdıraraq onları qaranlığa sala bilirdisə, hazırda belə şəxslər təbii təkamül nəticəsində yoxa çıxıblar. Bununla yanaşı ölkədə milli donorluq institutunun inkişafı da çirkin xarici niyyətlərin “vətəndaş cəmiyyəti” qanadında pərvazlanmasına imkan vermir”.
JEM sədri QHT Agentliynin fəaliyyətini misal göstərərək, kiçik, orta, böyük qrant müsabiqələrinin elan edilməsini, 5 istiqamət üzrə mövzular sırasına ictimai əhəmiyyətli sərbəst mövzuların da əlavə olunmasını nümunəvi hal kimi dəyərləndirib:
“Bu günlərdə Konstitusiya Araşdırmaları Fondu milli donorun dəstəyi ilə gerçəkləşdirdiyi layihə çərçivəsində vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı, gəlirlərin bəyan edilməsi sisteminin tətbiqi, bu sahədə mövcud problemlər, imkanlar və risklər məslələri müzakirəyə çıxardı, ictimaiyyətə tövsiyələr təqdim olundu. Xarici donor məni məndən daha yaxşı başa düşəcək? Öz məmuruma özüm deyə bilmirəm ki, hesabat ver? Beynəlxaq donrorların bizə belə ürəyi yanırsa, işğaldan azad etdiyimiz yurdları təkbaşına qururuq, minalarla çirklənmiş əraziləri öz hesabımıza təmizləyirik, elə bu sahəyə diqqət ayırsın”.
C.Musaoğlu vətəndaş cəmiyyəti institutu təmsilçilərinə müraciət də ünvanlayaraq bildirib ki, xarici donorlarla ünsiyyət qurmaq istəyərkən yüz ölçüb, bir biçsinlər. Qərbin başqa ölkələrin ərazilərində koloniya siyasəti yürütdüklərini tarixin qaranlıq səhifələrindən bir daha oxuyaraq, onlara meydan sulamağa imkan verməyək. Unutmayaq ki, USAID ABŞ prezidentin, dövlət katibinin və Milli Təhlükəsizlik Şurasının rəhbərliyi altında fəaliyyət göstərir. 100-dən çox ölkədə, ilk növbədə Afrika, Asiya, Latın Amerikası, Yaxın Şərq və Şərqi Avropada nümayəndəlikləri var. Diqqət etdinizmi, bu ərazilərdəki gülüstan qamışlığa çevrilib”.
QHT rəhbəri açıqlamasında bir haşiyə də çıxaraq radikal müxalifət liderlərindən birinin sosial şəbəkələrdə yayılan fikrini xatırladıb. Həmin lider uzun müddət SOROS Fondundan aydı 200 dollar aldığını bu yaxınlarda etiraf edib:
“Beynəlxalq səviyyəli cəsus şəbəkəsilə eyni funksiyanı yerinə yetirən, qanlı inqilablar baharı nəticəsində ölkələrin həyatını əbədi qışa döndərən SOROS-un 200 dollarlıq əlaltısı olmaq insan ləyaqətinin rəzalət burulğanında paramparça olmasıdır”.
Mediaekspert.az