Jurnalist Ekspert Mərkəzi “dövlət ən etibarlı dayaqdır” mövzusunda verilişlərini davam etdirir – Layihə + Video

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Jurnalist Ekspert Mərkəzinin icra etdiyi “Şəhid ailələri və qazilərin ən etibarlı dayağı həmişə dövlətdir” layihəsi çərçivəsində hazırlanacaq səkkiz verilişin dördü izləyicilərə təqdim olunub. Verilişlər Missiya TV internet kanalının studiyasında çəkilərək yayımlanır. 

İyulun 1-dən başlayan, 3 ay müddətində göstəriləcək verilişlərin aparıcısı layihənin rəhbəri, JEM sədri Ceyhun Musaoğludur.

JEM-dən verilən məlumata görə, layihə çərçivəsində ilk verilişin qonağı "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə ilə təltif olunan qəhrəman şəhidimiz Alı Həsənlinin atası Nofəl Həsənli olub.

Şəhid atası çıxışında dövlətin bu qəbildən olan ailələrə qanunlar səviyyəsində göstərdiyi münasibətdən danışaraq razılığını bildirib. Onu da vurğulayıb ki, şəhid ailələrinin maddiyyatdan daha çox mənəvi dəstəyə ehtiyacları var. Nofəl Həsənlinin sözlərinə görə, gələcək nəsillərin milli vətənpərvər ruhda yaşamaları üçün vətənin qəhrəman övladları barəsində bədii filmlər çəkmək, romanlar yazmaq çox vacibdir, təəssüf ki bu istiqamətdə işlər zəif aparılır.

İkinci verilişdə Azərbaycan Qazilərinin Sosil Durumunun və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri, keçmiş hərbi hissə komandiri, qazi Xudu Xudiyev iştirak edib.

Birinci və ikinci Qarabağ müharibəsi iştirakçılarına dövlətin diqqət və qayğısının daha təsirli olması baxımından icraçı məmurlar, vətəndaş cəmiyyəti institutlarının məsuliyyətlə davranmaları mövzusuna diqqət çəkən müsahib bu sahədə çatışmazlıqlar yaşandığını söyləyib. Bildirib ki, şəhid ailələri və qazilərin sosial rifahının yaxşılaşdırılması, mənəvi dəstəyin effektivliyinin artırılmasına görə dövlətin ayırdığı maddi vəsaitləri təyinatı üzrə xərcləməyənlər neqativ fəaliyyətlərini daha da şaxələndirməklə məşğuldurlar. Belə hərəkətlər dövlətin mübarək missiyasına kölgə salır.


Növbəti verilişdə "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunan qəhrəman şəhidimiz gizir Sübhan Abdurahmanlının anası Mehriban Abdurahmanlı fikirlərini bölüşüb. 

Övladları şəhidlik zirvəsinə ucalan xüsusən tək qalmış valideynlərlə mütəmadi ünsiyyət qurmağın vacibliyindən söz açan şəhid anası bu kimi işlərin təşkilində QHT-ləri könüllülük əsasında təşəbbüs göstərməyə, yerli məmurları belə təşəbbüsləri dəstəkləməyə çağırıb.

Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd rayonu uğrunda döyüşlərdə iştirak edən, “Xocavəndin azad olunması uğrunda” medalı ilə təltif olunan müharibə əlili Teymur Kərimli dördüncü verilişin qonağı olub.

Şəhid ailələri və qazilərin ən etibarlı dayağının dövlət olduğunu nümunələrlə təsdiqləyən qazi deyib ki, bu gerçəyi həm özü, həm də döyüş yoldaşları, onların ailələri həyatlarında yaşayırlar.

Teymur Kərimli maraqlı təklif  səsləndirib. Bildirib ki, işlə təmin olunmaq istəyən müharibə iştirakçılarına maarifləndirici və təşviqedici yöndən dəstək göstərməyin xeyirli üsullarından biri respublika üzrə vakant iş yerlərinin vahid platforma üzərindən təqdimatını qurmaqdır. Belədə qazi, yaxud şəhid ailəsi nümayəndəsi məlumatı ümumiləşdirilmiş mənbədən alar, iş yerləri axtarıb tapmaq asanlaşar.

Layihənin məqsədi şəhid ailələri və qazilərin hüquqlarının qorunmasına təkan olmaq, bu təbəqənin təmsilçilərinə yönələn dəstək xarakterli fəaliyyət barəsində ətraflı məlumat vermək, çatışmazlıqları şəffaf şəkildə göstərməkdir.

Bəsirə Həsənzadə