Azərbaycan mediasında məşhurların ad və soyadları ilə eynilik təşkil edən şəxslər barədə məlumatları yayarkən sərlöhfə ilə manipulyasiya etmək halları tez-tez baş verir.
Ötən gün belə hadisələrdən növbətisi yaşandı. Yayılan eyni məzmunlu xəbərlərin əksəriyyətində başlıq belə idi: "Cavanşir Məmmədov toyda çıxış edərkən qəfil öldü". Oxucu ani olaraq söhbətin tanınmış müğənni Cavanşir Məmmədovdan getdiyini düşünür. Xəbəri bu şəkildə təqdim etməkdə məqsəd yazını oxutmaq, İP sayını artırmaqdır.
Bu kimi üsuldan yararlanmağa cəhd həmin media orqanlarının etibarlılıq səviyyəsini aşağı salmaqla yanaşı, həm də Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarına ziddir.
Qaydaların 5.2-ci maddəsində göstərilir: "Jurnalist redaksiyada çalışdığı vaxtda onun və ya işlədiyi informasiya orqanının reputasiyasına gölgə salan, obyektivliyinə inamı azaldan hər hansı başqa işlə məşğul olmamalıdır".
Belə sərlöhvə oxucunu çaşdırır və oxucuların diqqətini adı üzərində fokuslaşdırmağa çalışdığımız məşhur insana mənəvi olaraq ağır zərbədir.
Jurnalistlərin Etik Davranış Qaydalarının 1.1-ci maddəsində deyilir: "Jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır".
Cavanşir Məmmədov adlı şəxsin toyda dünyasını dəyişməsi faktı həqiqətdir, təəssüf ki, sərlöhvə bu həqiqətin manipulyasiyaya xidmət etdiyini açıq göstərir.
Mediaekspert.az