Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı dayandırmasını ictimaiyyətin böyük əksəriyyəti razılıqla qarşılayıb. Demək olar bütün sferaların təmsilçiləri suveren dövlətlə diqtə dilində danışan, absurd və qərəzli ittihamlar səsləndirən, ölkənin bu qurumdakı nümayəndə heyətinin fəaliyyətinə xitam verilməsi məsələsini Monitorinq Komitəsinin iclasına çıxaran, nəhayət əndazəni aşaraq Azərbaycanı ermənilərə qarşı etnik təmizləmədə suçlayan AŞPA-ya verilmiş adekvat reaksiyanı alqışlayır.
Azərbaycanın 20 faiz ərazilərinin işğalına 30 il göz yummaqla işğalçının əl-ayaq açmasına şərait yaradan avroparlamentarilərin Cənubi Qafqazda münaqişə ocağını əbədi söndürərək sülh yolunda şux yerişlə addımlayan xalqa və dövlətə aşağılayıcı nəzərlərlə baxması təbii ki, azərbaycanlılarda hiddət yaratmaya bilməz.
Belə olan təqdirdə AXCP və Müsavatın başında dayanan şəxlərin əks mövqe sərgilmələri nə qədər gözlənilən olsa da, acı hisslər doğurur. Müxalifətin azlıqda qalan bu qövmü dövlətlə hakimiyyəti həmişə səhv salır. Dövlətə qarşı yönələn təhdidləri bir növ sevinclə qarşılayırlar. Sevinirlər ki, hakimiyyətin ünvanına ittihamlar yağdırmağa yeni meydan açılıb. Halbuki AŞPA-nın həm əvvəllər, həm də indi ünvanladığı böhtan Azərbaycan hakimiyyətinə deyil, məhz dövlətinə tuşlanıb. O dövlətə ki, 2001-ci il yanvarın 25-də Avropa Şurasına üzv olanda insan hüquq və azadlıqlarını özünün bir nömrəli prinsipi elan etmiş bu qurumun dini, milli, etnik ayrıseçkilik qoymadan işğalçını öz adı ilə çağıracağına, 1 milyon qaçqın və köçkünün hüquqlarının müdafiəsinə töhfə verəcəyinə böyük inamla yanaşırdı. Azərbaycan demokratik dəyərlərin oturuşması, inkişaf istiqamətləri, müasir, pluralist cəmiyyətin formalaşması baxımından da Avropa dövlətlərini nümunə hesab edirdi.
Gözləntilərin tam əksi baş verdi. Haqqı nahaqqa, ədaləti rəzalətə qurban verən Avropa Şurası və bu kimi digər beynəlxalq qurumlar erməni işğalına açıq dəstək göstərdilər. Nəhayət, Azərbaycan onlardan gözlədiyi ədaləti təkbaşına özü yenidən yaratdı.
Saman altından su yeridən, yanlış davranışlarnın nəticəsində erməni xəstəliyinə məruz qalaraq sağalmaq üçün saman çöpündən yapışan belə bir təsisatın qalib ölkə ilə danışdığı diktə dilinə dil vermək AXCP və Müsavat qeyri-cütlüyünə yaraşsa da, onların azərbaycanlı təmsilçiliklərinə yaraşmır.
AŞPA-nın Azərbayacanın ünvanına “Qarabağdan erməni sakinlər zorakılıqla çıxarılıb” kimi gülünc ittihamını Əli Kərimli doğru iddia sayırsa, onunla Araik Arutyunyan arasında olan fərq itir axı. Yaxud Arif Hacılı AŞPA-nı pisləyən kampaniyaya başlamağın doğru olmadığını, mənfi nəticələrin yaşanacağını, daxili və xarici siyasətdə fundamental dəyişikliklərin vacibliyini vurğulayırsa, həmin Avropanın azərbaycanılara qarşı qətliam törədən erməni terrorçularının azadlığa buraxılması tələbini niyə pisləmir? Məgər bu tələb doğru, haqlı tələbdir?
Azərbaycan məhz xarici siyasətində fundamental dəyişiklik etdi deyə, 20 faiz ərazisinin hər qarışını işğaldan qurtarmağı bacardı. Hazırda Ermənstanın nəzarətində olan 8 kəndin Azərbaycana qaytarılması mövzusunda ciddi danışıqlara başlanılıb, Zəngəzur dəhlizinin açılması ehtimalı artıb, hətta sonuncu nidanın qoyulması – sülh sazişinin imzalanması istiqamətində irəliyə doğru xeyli məsafə qət olunub.
Əli Kərimlinin qənaətisə lap “bərq vurur”. Deyir ki, Azərbaycan Avropadan uzaqlaşdıqca, Ermənistanın dostları artacaq. Ermənistan 28 il işğalçılığa dəstək verən ölkələrlə nəinki dost, qardaş olmuşdu. Nəticədə kim uddu, kim uduzdu? Kim dedi bağ mənimdir? Torpaqan pay olmayıb, dedik və sübuta yetirdikmi ana torpaq mənimdir, bizimdir, əlbəttə, həm də elə sizindir Əli Kərimli. Qarabağın işğaldan azad olunmasından heçmi xoş hisslər keçirmirsiz? “Şuşa…Şuşa…” deyib, azmı ah-nalə çəkmisiz. Yoxsa pafos idi püskürürdünüz? Xeyir, ittiham deyil, jurnalist sualıdır.
Deyirsiniz ki, AŞPA-dan üz çevirməyimiz (xüsisi xatırlatma: nümayəndə heyəti əməkdaşlığı müvəqqəti dayandırıb) xarici kreditlərin, maddi yardımın qarşısını alacaq. Azərbaycan Avropadan maddi yardım istəyirmi? Öncə bu suala cavab axtaraq. Qarabağda minatəmizləmə işləri aparılır, ermənilərin cəhənnəmə döndərdikləri ərazilər cənnətə çevrilir. Hansı Avropa ölkəsi bu prosesə maddi yardım göstərir? Əksinə, minatəmizləyən şirkətlər başqa ölkələrin mina ilə çirklənmiş ərazilərinin təmizlənməsinə görə istədikləri məbləğin 3 qatını bizdən istəyirlər.