Süni intellekt və kriptovalyutalar(elektron pul)artıq gələcəyin texnologiyası deyil — onlar bu gün dünyanın iqtisadi, siyasi və texnoloji düzənini dəyişən əsas qüvvələrə çevriliblər.
Süni intellekt istehsaldan təhlükəsizliyə, səhiyyədən maliyyə sektoruna qədər bütün sahələrdə yeni idarəetmə modeli formalaşdırır. Dövlətlər və qlobal şirkətlər artıq rəqabəti resurslar üzərində deyil, məlumat və alqoritmlər üzərində qururlar.
Kriptovalyutalar isə ənənəvi maliyyə sisteminə alternativ olaraq sərhədsiz, sürətli və mərkəzsiz iqtisadi model təqdim edir. Bu gün bir çox ölkələr rəqəmsal valyutalar və blockchain texnologiyalarını milli strategiyalarına daxil edir. Çünki gələcəyin iqtisadiyyatında rəqəmsal aktivlər mühüm rol oynayacaq.
Süni intellekt və blockchain texnologiyalarının birləşməsi isə tamamilə yeni mərhələnin başlanğıcıdır. Dünyanın nüfuzlu beyin mərkəzləri hesab edirlər ki, ağıllı müqavilələr, avtomatlaşdırılmış maliyyə sistemləri, rəqəmsal təhlükəsizlik və data idarəçiliyi yaxın illərdə qlobal transformasiyanın əsas istiqamətləri olacaq.
Bəs Azərbaycanın bu transformasiyaya qoşulmaq imkanları nə qədərdir. Hazırkı müşahidəçi mövqeyimizi dəyişə bilərikmi?
Məsələ ilə bağlı "Mediaekspert"-ə açıqlama verən milli kriptovalyuta layihəsi olan "Azkoin"in media üzrə danışmanı, Jurnalist Ekspert Mərkəzi İdarə Heyətinin sədr müavini jurnalist Nicat Dağlar hesab edir ki, dünyadakı transformasiya sürətinə Azərbaycanın qoşulmaq imkanları kifayət qədər realdır:
"Əsas məsələ strateji yanaşmadır. Dünyada texnoloji yarış çox sürətlə gedir və artıq üstünlük yalnız böyük əraziyə və ya təbii resurslara deyil, innovasiya potensialına verilir. Gedişat onu göstərir ki, kim süni intellektə hakim olacaqsa, gələcəyin iqtisadi güc mərkəzi də məhz o olacaq.
Azərbaycanın üstün tərəfləri var. Məsələn, gənc və texnologiyaya açıq insan kapitalı,rəqəmsallaşma istiqamətində dövlət proqramlarının mövcudluğu,starrtap ekosisteminin formalaşmağa başlaması, eləcə də
enerji resurslarından əldə olunan gəlirlərin innovasiya və yüksək texnologiyalara yönəldilməsi potensialı,
regional logistika və data mərkəzi olmaq üçün coğrafi üstünlük və sair.
Nicat Dağların fikrincə xüsusilə süni intellekt, kibertəhlükəsizlik, fintech və blockchain sahələrində Azərbaycan regionda önə çıxmaq şansı əldə edə bilər:
"Bunun üçün isə üç əsas istiqamət vacibdir: Təhsil və kadr hazırlığı, yeni dövr proqramçıları və data analitikləri, həmçini Süni İntellekt üzrə mühəndisləri tələb olunur. Universitetlər və texniki təhsil sistemi bazarın sürətinə uyğun yenilənməlidir. Hüquqi və iqtisadi mühit kriptovalyutalar, rəqəmsal aktivlər və innovasiya biznesləri üçün çevik qanunvericilik formalaşdırılmalıdır. Dövlət–özəl sektor əməkdaşlığı, qlobal texnologiya şirkətləri ilə əməkdaşlıq, yerli startapların dəstəklənməsi və innovasiya fondlarının artırılması vacibdir".



