Dünyanın məşhur universitetinin ilk azərbaycanlı doktorantı - Jurnalist oğludur

Tanınmış jurnalist Şahvələd Çobanoğlunun oğlu Abutalıb Namazov dünyanın ən məşhur universitetləri sırasında yer alan ABŞ-ın Massaçusets Texnologiyalar İnstitutunun (MIT) ilk azərbaycanlı doktorantıdır.

"Mediaekspert" xəbər verir ki, bu barədə jurnalistin kiçik oğlu Mete Namazov Modern.az-a açıqlamasında bildirib. O deyib ki, ABŞ-da Abutalıba yüksək gəlirli iş təklif olunsa da, qardaşı təhsil almağa davam etməyi seçib.

M.Namazov qardaşının uğurları barədə təəssüratını da bölüşüb: 



Ona sonuncu iş təklifində deyilən maaşı düşünəndə bir az fikrə gedirəm. Kasıblığın daşını atardıq. O gün yaxşı bir avtomobil də bəyənmişdim, alardıq... Amma mənim qardaşım elmi seçdi. Hazırda elə Massaçusets Texnologiyalar İnstitutunda doktorantdır. Bütün xərclərini də universitet üzərinə götürüb. Universitetin saytına girib onun adını və şəklini müəllim və araşdırmaçı heyəti arasında görəndə qanadım açılır, insan uçaq aparatına dönürəm.
MIT-də doktorantura dünyanın ən çətin qəbul olunan və ən nüfuzlu akademik proqramlarından biri sayılır. Bu sadəcə bir elmi dərəcə almaq deyil, həm də dünyanın ən güclü elmi mərkəzlərindən birində yetişmək deməkdir.
İnanın ki, mənim onunla öyünməyim daha çox onun MIT-də ilk azərbaycanlı doktorant olması ilə bağlı deyil. Gizlətmirəm, bununla da çox sevinirəm. Amma onun sadə, təmiz və doğru bir insan olması mənim üçün daha önəmlidir”.

O, bacılarından da söz açıb. Bildirib ki, Azərbaycanda Bakı Anadolu Liseyini bitirmiş böyük bacısı Səkinə Namazova hazırda Türkiyənin Hacettepe Universiteti xəstəxanasında həkimdir. Kiçik bacısı Nərgizin də tibb təhsli aldığını vurğulayıb və onlarla fəxr etdiyini söyləyib.