Dövlət bizim dayağımızdır, şəhid ailələri və qazilər də dövlətin – Şəhid atası - Video + Foto

Jurnalist Ekspert Mərkəzi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi layihənin beşinci verilişini hazırlayıb. Verilişlər Missiya TV internet kanalının studiyasında çəkilərək yayımlanır. 

“Şəhid ailələri və qazilərin ən etibarlı dayağı həmişə dövlətdir” adlanan layihə çərçivəsində beşinci verilişin qonağı Vətən müharibəsinin qəhrəman döyüşçüsü – "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" medalları, "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunan XTQ-nin giziri Şəhid Kərim Əliyevin atası - birinci Qarabağ müharibəsi qazisi Məhəmməd Əliyevdir.

İyulun 1-dən başlayaraq Missiya TV-də 3 ay müddətində 8-dəfə yayımlanacaq verilişlərin aparıcısı layihənin rəhbəri, JEM sədri Ceyhun Musaoğludur.

Layihənin məqsədi şəhid ailələri və qazilərin hüquqlarının qorunmasına təkan olmaq, bu təbəqənin təmsilçilərinə yönələn dəstək xarakterli fəaliyyət barəsində ətraflı məlumat vermək, çatışmazlıqları şəffaf şəkildə göstərməkdir.

Verilişlərdə şəhid ailələrinin nümayəndələri və qazilər qonaq qismində iştirak edirlər.

Son iki verilişin qonaqları isə rayon icra hakimiyyətlərinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrinin rəhbərləri olacaq.

Xatırladaq ki, Jurnalist Ekspert Mərkəzi 2022-ci il kiçik qrant müsabiqəsində “Şəhid ailələri və qazilərin ən etibarlı dayağı dövlətdir” layihəsi həyata keçirmişdi. Layihə çərçivəsində imtiyazlı təbəqənin təmsilçiləri olan ictimaiyyət nümayəndələri və bu sahəyə cavabdeh olan dövlət orqanlarının rəsmiləri, xeyriyyəçi iş adamları hazırlanan verilişlərin qonaqları olmuşdular.  “Şəhid ailələri və qazilərin ən etibarlı dayağı həmişə dövlətdir” layihəsi 2022-ci ildə gerçəkləşən layihənin davamı hesab oluna bilər.

Bəsirə Həsənzadə