Şəhid ailələri və qazilər adından milyon manatı mənimsəyən təşkilat var – Keçmiş döyüşçü - Video + Foto

Jurnalist Ekspert Mərkəzi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi layihənin ikinci verilişini hazırlayıb. Verilişlər Missiya TV internet kanalının studiyasında çəkilərək yayımlanır. 

“Şəhid ailələri və qazilərin ən etibarlı dayağı həmişə dövlətdir” adlanan layihə çərçivəsində verilişin qonağı Azərbaycan Qazilərinin Sosil Durumunun və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri, keçmiş hərbi hissə komandiri, qazi Xudu Xudiyevdir

İyulun 1-dən başlayaraq 3 ay müddətində 8 dəfə yayımlanacaq verilişlərin aparıcısı layihənin rəhbəri, JEM sədri Ceyhun Musaoğludur.

Layihənin məqsədi şəhid ailələri və qazilərin hüquqlarının qorunmasına təkan olmaq, bu təbəqənin təmsilçilərinə yönələn dəstək xarakterli fəaliyyət barəsində ətraflı məlumat vermək, çatışmazlıqları şəffaf şəkildə göstərməkdir.

Verilişlərdə şəhid ailələrinin nümayəndələri və qazilər qonaq qismində iştirak edirlər.

Son iki verilişin qonaqları isə rayon icra hakimiyyətlərinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrinin rəhbərləri olacaq.

Xatırladaq ki, Jurnalist Ekspert Mərkəzi 2022-ci il kiçik qrant müsabiqəsində “Şəhid ailələri və qazilərin ən etibarlı dayağı dövlətdir” layihəsi həyata keçirmişdi. Layihə çərçivəsində imtiyazlı təbəqənin təmsilçiləri olan ictimaiyyət nümayəndələri və bu sahəyə cavabdeh olan dövlət orqanlarının rəsmiləri, xeyriyyəçi iş adamları hazırlanan verilişlərin qonaqları olmuşdular.  “Şəhid ailələri və qazilərin ən etibarlı dayağı həmişə dövlətdir” layihəsi 2022-ci ildə gerçəkləşən layihənin davamı hesab oluna bilər.

Bəsirə Həsənzadə