Şəhid ailələrini maddiyyata bağlamayın - Şəhid atası + Video + Foto

Jurnalist Ekspert Mərkəzi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi layihənin birinci verilişini hazırlayıb. Verilişlər Missiya TV internet kanalının studiyasında çəkilərək yayımlanır. 

“Şəhid ailələri və qazilərin ən etibarlı dayağı həmişə dövlətdir” adlanan layihə çərçivəsində ilk verilişin qonağı "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə ilə təltif olunan qəhrəman şəhidimiz Alı Həsənlinin atası Nofəl Həsənlidir.

İyulun 1-dən başlayaraq 3 ay müddətində 8 dəfə yayımlanacaq verilişlərin aparıcısı layihənin rəhbəri, JEM sədri Ceyhun Musaoğludur.

Layihənin məqsədi şəhid ailələri və qazilərin hüquqlarının qorunmasına təkan olmaq, bu təbəqənin təmsilçilərinə yönələn dəstək xarakterli fəaliyyət barəsində ətraflı məlumat vermək, çatışmazlıqları şəffaf şəkildə göstərməkdir.

Verilişlərdə şəhid ailələrinin nümayəndələri və qazilər qonaq qismində iştirak edirlər.

Son iki verilişin qonaqları isə rayon icra hakimiyyətlərinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrinin rəhbərləri olacaq.

Xatırladaq ki, Jurnalist Ekspert Mərkəzi 2022-ci il kiçik qrant müsabiqəsində “Şəhid ailələri və qazilərin ən etibarlı dayağı dövlətdir” layihəsi həyata keçirmişdi. Layihə çərçivəsində imtiyazlı təbəqənin təmsilçiləri olan ictimaiyyət nümayəndələri və bu sahəyə cavabdeh olan dövlət orqanlarının rəsmiləri, xeyriyyəçi iş adamları hazırlanan verilişlərin qonaqları olmuşdular.  “Şəhid ailələri və qazilərin ən etibarlı dayağı həmişə dövlətdir” layihəsi 2022-ci ildə gerçəkləşən layihənin davamı hesab oluna bilər.

Bəsirə Həsənzadə