Şəhid ailələri və qazilərdən səmərəli təkliflər – JEM-in layihəsinin nəticəsi + Video

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Jurnalist Ekspert Mərkəzinin (JEM) icra etdiyi “Şəhid ailələri və qazilərin ən etibarlı dayağı həmişə dövlətdir” layihəsi yekunlaşıb.

Bu barədə JEM-in yaydığı məlumatda bildirilir ki, layihə çərçivısində Missiya TV internet kanalının studiyasında çəkilərək jurnalist Ceyhun Musaoğlunun aparıcılığı ilə təqdim olunan səkkiz verilişdə şəhid ailələri üzvləri və qazilər qonaq qismində iştirak ediblər. 

Verilişlərin qonaqları "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə ilə təltif olunan şəhidimiz Alı Həsənlinin atası Nofəl Həsənli, Azərbaycan Qazilərinin Sosil Durumunun və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri, keçmiş hərbi hissə komandiri, qazi Xudu Xudiyev, "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunan şəhidimiz gizir Sübhan Abdurahmanlının anası Mehriban Abdurahmanlı, “Xocavəndin azad olunması uğrunda” medalına layiq görülən  müharibə əlili Teymur Kərimli, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" medalları, "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunan XTQ-nin giziri şəhid Kərim Əliyevin atası - birinci Qarabağ müharibəsi qazisi Məhəmməd Əliyev, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan baş leytenant, qazi jurnalist Anar Miriyev, Nizami Rayon İcra Hakimiyyətinin Şəhid ailələri və müharibə iştirakçıları ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda olan polkovnik-leytenant, qazi Taleh Əliyev, Suraxanı Rayon İcra Hakimiyyətinin Şəhid ailələri və müharibə iştirakçıları ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda olan polkovnik-leytenant, qazi Elmar Hüseynov olub.

Qonaqlar dövlətin bu təbəqənin təmsilçilərinə göstərdiyi diqqət və qayğıdan söz açıblar, görülən işlərdən razılıqlarını ifadə ediblər. Bununla yanaşı, onlar mənəvi xarakterli çatışmazlıqları da dilə gətirib, bu kimi halların genişlənməsinin qarşısını almaq məqsədilə təkliflərini söyləyiblər. 

Layihə icarçıları şəhid ailələri və qazilərin səsləndirdiyi təklifləri təsnifatlandırıb:  

- Şəhid ailələrinin narazılığını madiyyatla əsalandırmaq yanlış qənaətdir, bu tendensiyanın ictimaiyyətdə vüsət almasına rəvac verilməsin;

- Gələcək nəsillərin milli vətənpərvər ruhda yaşamasına təkan olan effektli əməli fəaliyyət zəifdir: qəhrəman övladları barədə daha çox bədii filmlər çəkilsin, əsərlər, xüsusən romanlar yazılsın;

- Övladları şəhidlik zirvəsinə ucalan xüsusən tək qalmış valideynlərlə mütəmadi ünsiyyət qurulması məqsədilə QHT-lərin könüllülük əsasında təşəbbüs göstərməsinə, yerli məmurların belə təşəbbüsləri dəstəkləməsinə ehtiyac var;

- İşlə təmin olunmaq istəyən müharibə iştirakçılarına maarifləndirici və təşviqedici yöndən istiqmət vermək üsulları modernləşsin. Bu mənada respublika üzrə vakant iş yerlərinin vahid platforma üzərindən təqdimatını qurmaq məqsədəuyğundur. Belədə qazi, yaxud şəhid ailəsi nümayəndəsi məlumatı ümumiləşdirilmiş mənbədən alar, iş yerləri axtarıb tapmaq asanlaşar;

- Şəhid ailələrinin nümayəndələri və qazilər onlara aid qanunlar, imtiyazlar, hüquqlar, dövlətin gördüyü işlər barədə dolğun, dəqiq, sadə şəkildə məlumat ala bilmirlər. Məlumatsızlıq, yaxud yanlış məlumat imtiyazlı təbəqəni çaşqın duruma salır. İcra hakimiyyətlərindəki müvafiq şöbələr məlumatlandırma və maarifləndirmə işini təkminləşdirsin;

- Ümumrespublika üzrə hüquqi maarifləndirmə prosesi dağınıq şəkildədir, pərakəndəlik sistematik yanaşmanın qurulmasına imkan vermir;

-  Hər hansı peşəyə yiyələnməyən qazinin iş tələbinə müsbət cavab vermək çətindir;

- Şəhid ailələri nümayəndələrinin və qazilərin cəmiyyətdəki nüfuzundan, yüksək imtiyazlarından sui-istifadə edən dəllal düşüncəli, merkantil xarakterli  adamların bəhrələnmə cəhdləri artıb və bu kimi hallar fəsadlar törədir.

JEM-in yaydığı məlumatda vurğulanır ki, layihənin yükun nəticəsi olaraq, bu təkliflər müvafiq qurumlara, ixtisaslaşmış qeyri-hökümət təşkilatlarına ünvanlanacaq.

Layihənin məqsədi şəhid ailələri və qazilərin hüquqlarının qorunmasına təkan olmaq, bu təbəqənin təmsilçilərinə yönələn dəstək xarakterli fəaliyyət barəsində ətraflı məlumat vermək, çatışmazlıqları şəffaf şəkildə göstərməkdir.

Bəsirə Həsənzadə