Avqustun 1-dən başlayaraq, Bakıda Özbəkistan mədəniyyət günləri keçirilir. Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən mədəniyyət günləri çərçivəsində tanınmış özbək sənətçilərinin iştirakı ilə böyük konsert proqramı, eyni zamanda teatr tamaşalarının nümayişi, kitab sərgisinin keçirilməsi və digər tədbirlər nəzərdə tutulub”.
Dörd gün davam edəcək tədbirlər çərçivəsində məşhur sənətçilərdən Özbəkistanın Xalq artistləri Fərrux Zakirov, Nəsibə Abdullayeva, Haşimjon İsmaylov, Zulayxo Boyxanova, Gulsanam Mamazoitova, Jenisbek Piyazov, Samandar Alimov və başqaları azərbaycanlı sənətsevərlərin qarşısında çıxış edəcək.
Dünən Heydər Əliyev Sarayında Özbəkistan mədəniyyət günlərinin açılış mərasimi olub. Mərasimdə Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu da iştirak edib.