Məlumatın yanlış təqdimatı - 5,8 milyon manat ola bilməz və mənbə o deyil


Saytların birində "ADSEA Naxçıvanda subartezian quyularının tikintisinə 5,8 milyon manat xərcləməyi planlaşdırır" adlı məlumat dərc olunub. İlk baxışdan xəbərin standartlara uyğun yazıldığı qənaəti yaranır. Kiçik araşdırmadan sonra bəlli olur ki, xəbərin istinad mənbəsi yanlış göstərilib, dəqiqləşdirilmə aparılmayıb, görüləcək işlərə ayrılması nəzərdə tutuılan rəqəm yanlış təqdim olunub. 

Abzas-abzas təftiş edək: "Naxçıvan Muxtar Respublikasının əhalisi 80 min nəfərdən çox olan məntəqələrində subartezian quyuları tikiləcək".
Xeyr. Tikilməyə də bilər. Çünki bu məlumat açıq tender elanından götürülüb, tender ləğv də edilə bilər.  

Ardı: "Bu barədə İqtisadiyyat.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat əldə edib". Mediaekspert.az Agentliklə əlaqə saxlayaraq məlumatın həqiqətənmi qurum tərəfindən verildiyini dəqiqləşdirib.
Qarşı tərəf bildirib ki, onlar tərəfdən heç kim belə açıqlama verməyib və ehtiyac da yoxdur ona görə ki, məlumat açıq tender elanında yayılıb. 

Növbəti abzas: "Məlumata əsasən, 38 yaşayış mətəqəsində 40 ədəd subartezian quyularının tikintisi nəzərdə tutulub. Sözügedən işlərin icrasına 5,8 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb".
Tender təcrübəsində belə olur: şirkətlər sənədlərini tenderə təqdim edir, ən az məbləğə keyfiyyətli iş təqdim edən qalib gəlir. Bu məntiqlə heç bir şirkət ehtimal olunan 5,8 milyon manat həcmində təqdimat etməz, əks təqdirdə uduzar. Deməli, "5,8 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb" iddiası səhvdir. Bu məbləğdən az ola bilər, bu məbləğ ümumiyyətlə ola bilməz. "Proqnozlaşdırılır" ifadəsi də heç nəyi dəyişmir. Axı proqnozlaşdırılmır. 

İndi bu pozuntuları Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları ilə uzlaşdıraq.

PRİNSİP 1: Həqiqətə xidmət, dəqiqlik və obyektivlik

1.1 Jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır. 
Məlumatda həqiqət dəqiqləşdirilmədən yayılıb. 
Fəsadı nə ola bilər: Hansısa vətəndaş, yaxud vətəndaşlar heç vaxt təsdiqlənməyəcək 5,8 milyon manatı əsas götürüb, görülən işlərin həcmi ilə uyğunlaşdıraraq, vəsaitin "dağıdıldığını" tirajlamağa başlayar. Əlbəttə tender bitəndən sonra dəqiq yekun rəqəm məlum olacaq. Ancaq biz bilmirik, "5,8" rəqəmini oxuyan vətəndaşların hər biri yekun məbləğin nə qədər olduğunu da görəcəklərmi. Ehtimal hətta sıfıra bərabərdir. Elə oxucular olacaq ki, yanlış təqim olunan rəqəmlə kifayətlənəcəklər. Psixologiya da deyir ki, öncə mənfi hadisə diqqət çəkir. 

PRİNSİP 2: İnformasiya qaynaqlarına sayğılı yanaşma

2.1 Təşkilatların, partiyaların, cəmiyyətlərin, birliklərin və hər hansı digər maraqlı qrupların rəsmi məlumatları yayılarkən mənbə mütləq göstərilməlidir. Lakin bilgi verən şəxs adının gizli saxlanması şərtini irəli sürürsə, jurnalist və informasiya orqanı bu şərtə mütləq əməl etməlidir. İnformasiya qaynağının gizliliyi qorunmalıdır.
Mənbə göstərilməyib, "adının açıqlanmasını istəməyən" ifadəsi də yazılmayıb. Göstərilən mənbə ümumi xarakterlidir və ümumiyyətlə yanlışdır. Xəbər açıq tender elanından götürülüb, qurumdan verilməyib. 
Fəsadı: İctimaiyyət qurum daxilində informasiya sızıntısı olduğu qənaətinə gələ bilər ki, bu da həmin idarənin nüfuzuna xələl gətirmiş olar.  

Mediaekspert Monitorinq Qrupu