Ceyhun Musaoğlu
Əgər söhbət Üzeyir bəy Hacıbəylidən gedirsə, hər gün onun günüdür. 18 sentyabr təqvim günü kimi dünəndə qaldı, Milli Musiqi Gününün səbəbkarı Üzeyir bəy sabahdır, bütün sabahlardan sonra başlayan hər gündür. Nə yaxşı, bu gerçəyi adam-adam, ev-ev, küçə-küçə hər kəsə anlatmaq istəyən seçilmişlərimiz var, onların sırasında Aybəniz Haşımova Günəş kimi parıldayır.
O günəş
şüaları ilə 17 sentyabrda Abbas Mirzə Şərifzadə adına mədəniyyət evinin
qarşısına toplaşanları, yoldan ötənləri, binalardan baxanları hadisə barədə məlumatı
mediadan oxuyanları nura qərq etmişdi.
Aybəniz xanım
növbəti möcüzə yaşadırdı; mədəniyyət evində sənət dərsi alan mələklər dahi
Üzeyir bəyin böyük portreti qarşısında istedadlarını nümayiş etdirirdilər.
Oxuyan kim,
şeir deyən kim, şahmat oynayan, rəsm çəkən
kim... Uşaqlar sözün mənəvi mənasında dahi ustadın ruhuna, hərfi mənada Aybəniz
xanımın özünə sarılmışdılar. Eyni eşqi artıq çoxdan püxtələşmiş, yerli və beynəlxalq
səhnələri fəth etmiş Sənət
Akademiyasının tələbələrində də gördüm. Biz heç... biz Aybəniz
xanımın həqiqətən büsbütün varlığının fanatıyıq.
O, təkcə mədəniyyət xadimi deyil, həm də insanlığın
xadimidir.
Tədbirin bədii hissəsindən sonra mədəniyyət evində Üzeyir
bəyin adına açılan süfrənin ətrafında toplaşdıq. Əsrarəngiz istedada malik sənət
adamları ilə bir araya gəlmək, onları dinləmək, səmimi ünsiyyət yaratmaq həmin
anları xoşbəxt olmaqdır.
Süfrədəki təamları Aybəniz xanım məxsusi hazırlamışdı.
Üzeyir bəyin əbədi varlığının işığında mədəniyyət və incəsənət xadimləri ilə Gəncə
mətbəxinə xas bir-birindən ləzzətli yeməkləri bol ziyafətdə olmaq insanın əbədi
axtardığı rahatlığın təcəssümü idi.
Sizi bizə bəxş edən, kainata şükür Üzeyir bəy, bir xalqın
təfəkkür ritmində yaratdığınız ahəng Aybəniz xanımın ocağına hakim kəsilmişdi.
Aybəniz xanım, danışdı, oxudu, əlləri ilə hazırladığı yeməkləri
boşqablara da öz əlləri ilə çəkdi. Bir tikəsini hamıyla böldü, bölür… Üzeyir bəy
də eləymiş, onun əlindən su içən Şövkət xanım da, eləymiş, Şəfiqə xanım, Gülarə
xanım da…
Deyirlər,
Üzeyir bəyə işə gedəndə xanımı dürmək hazırlayıb qoyarmış, bəy də öz kənarda səliqə
ilə ortadan bölüb ona verərmiş və qəbul etsin deyə, deyərmiş ki, Məleykə xanım
Sizin üçün hazırlayıb. Həmin tələbə sonradan Şərqdə ilk opera yazan qadın bəstəkar
Şəfiqə Axundova idi.
Eh, bir dürmək
nədir ki, Üzeyir bəy həyatını, varlığını xalqı ilə böldü. Nəinki böldü, bütöv
bağışladı. Bəli, Azərbaycan xalqının məhz musiqi irsinin möhtəşəmliyi Üzeyir bəyin
qəhrəmancasına özünü məmləkətinə fəda etməsinin nəticəsidir.
Onun mənəvi tələbəsi
Aybəniz xanım da hər tələbəsinə ən gözəl illərini, günlərini, bütövlükdə ömrünü
həsr edib.
Hələ uzun illər
nimdaş vəziyyətə düşmüş Abbas Mirzə Şərifzadə adına mədəniyyət evini bir ziyarət
edin, adam o məkanı cənnətə çevirib.
Din deyir, Allah
öz ruhundan üfürüb hamıya. Üzeyir bəy Aybəniz xanımdakı Allah ruhuna öz ruhundan
əlavə edib. Ona görə Aybəniz Haşımova bu qədər müqəddəs enerji daşıyıcısıdır,
ötürücüsü, qoruyucusudur.
Ürəyində 40
ildir ən ağır dərd daşıyan bu mələk xanım başqalarının da dərdini bölüşərək
özününküləşdirməklə fədakarlıq nümunəsi yaradıb. O, hamını xoşbəxt, istedadlı,
mədəni, ağıllı, Vətəninə gərəkli görmək istəyir. Görmək istəmək azdır, Aybəniz
xanım bu missiyanın bayraqdarıdır.
Hər dəfə Fəxri
Xiyabana gedəndə, xüsusən də hər il 18 sentyabr tarxində Üzeyir bəyi ziyarət edəndə
dahi şəxsiyyətin dizləri üzərində çarpazladığı əllərindən öpürəm. Onun
barmaqlarına bu sözləri pıçıldayıram:
- Rahat uyu,
Böyük bəy. Arzuların Aybəniz xanımın timsalında çiçək açır, həmişə açacaq, Arxayın ol, Aybəniz xanım və gül misali davamçıları
ən şiddətli şaxtaların belə, Azərbaycan incəsənətinə, xüsusən musiqi sənətinə bəxş
etdiyiniz yaz ovqatını əritməyə imkan verməyəcək.
Aybəniz
xanımın varlığı Sizi yaradan Tanrıya minnətdarlıq cavabıdır, Üzeyir bəy!

