Oskar Uayld
Bəzən mənə elə gəlir ki, biz zamanın axarına uyğun yaşamağı deyil, sadəcə zamanla çərçivələnmiş ömür yolumuzda xəyallarımızın dərhal gerçəkləşməsinə tələsməyi öyrənmişik. Hər səhər pəncərəmizdən rəngini və hərarətini tədricən dəyişən Günəşi, təbiətin oyanışına sevinən nəğməkar quşları, küləyin əsarətində uçan buludları yox, fərqli istiqamətlərə üz tutan insan axınını, harasa qaçan maşınları, dayanacaqlarda saata baxıb narahatlıq keçirən simaları izləyirik. Amansız zaman bizə elə bir sürət diktə edir ki, sanki bir an belə dayansaq, həyat əlimizdən sürüşüb gedəcək.
Qəribə xüsusiyyətimiz var: hər şeyin bir toxunuşla, bir
anın içində baş verməsini istəyirik. Suallarımıza dərhal cavab gözləyir, uğura həmin
an çatmaq, arzularımızın növbəsiz reallaşmasını istəyirik. Lakin bu kor-koranə
qaçışın burulğanında ən vacib həqiqəti dərk etməyə – anın “dadını çıxarmağa” və
ruhumuzun gizli nəfəsini duymağa macal tapmırıq. Bəlkə də insanı yaşadan, onun
varlığına məna qatan məfhum son məqsədə, hədəfə çatmaq deyil, o hədəfə doğru
gedən yoldur, bu yolda əlimizdən tutan ümiddir, ümiddən doğan intizardır. Gözləmək
– sadəcə zamanın girdabında boğulmaq deyil; gözləmək - ruhun yaşamaq üçün
topladığı enerjini zərrə-zərrə sərf etməkdir.
Həyatda nəyisə, kimisə gözləyiriksə, deməli, yaşayırıq.
Çünki gözləmək – sadəcə zamanın axarını seyr etmək deyil, ruhun gələcəyə lövbər
atmasıdır. İnsan ümidini itirəndə gözləməkdən əl çəkir; gözləməyin bitdiyi yerdə
isə ruhun durğunluğu və sükutu başlayır. Nə qədər ki içimizdə bir intizar, bir
sabah axtarışı var, deməli, qəlbimiz hələ də o alovlu enerjinin yanacağı ilə
döyünür. Gözləmək - ruhun hələ də təslim olmadığının və hər şeyə rəğmən həyata
davam etdiyinin ən dolğun ifadəsidir.
İnsan məhz arzularla və bu arzuların gerçəkləşməsi ümidi
ilə nəfəs alır. Deməli, mahiyyət etibarı ilə biz hər an, hər saniyə gözləyirik.
Bu intizar bəzən əzablı, bəzən yorucu, bəzən də dözülməz olur. Lakin o ağrını
hiss etdikcə, o intizarın oduna qalandıqca anlamalıyıq ki, hələ də həyatdayıq.
Bu məqamda fəlsəfi bir sual doğur: bəlkə də dilimizdə yetərincə
işlənən “GÖZLƏMƏK” və “GÖZƏL” sözləri təsadüfən eyni kökdən, eyni məfhumdan –
“GÖZ”dən qaynaqlanmır? Gözləməyi bacaran ruh gözəlləşir, gözlənilən hər bir dəyər
isə gözəlliyin özünə çevrilir.
Gözləməyin fəlsəfəsini, onun ilahi, poetik və psixoloji dərinliyini
anlamaq üçün bizə zamanın mahiyyətini açıqlayan qədim bir hekayət var.
***
Bir gənc gözəl bir qıza aşiq olur. Onu görmək arzusunda olan gəncə “Gözləmək – gözəldir” deyən qız günlərin bir günü, nəhayət ki, onunla çiçəklənən bir bağçada görüşməyə razılıq verir.
Sevinci yerə-göyə sığmayan gənc görüş yerinə təyin
olunmuş vaxtdan tez gəlir. Həyəcandan özünə yer tapa bilmir, hər dəqiqə ona sonsuz
görünür. Lakin tədricən, qürub edən Günəşi seyr etdikcə, əvvəllər heç vaxt fərqinə
varmadığı və əhəmiyyət vermədiyi hadisələri görməyə başlayır. Günün bitməsini nəğmələri
ilə uğurlayan quşların səsini eşidir. Havaya axşam çiçəklərinin zərif və xəfif ətrinin
yayıldığını hiss edir. Gözləmək onun həssas qəlbini oyatmış, ruhunun gözlərini
açmış olur.
Oğlanın həyəcanla ora-bura vurnuxduğunu görən bağban ona
yaxınlaşır, hələ açılmamış bir qızılgül qönçəsini gəncə uzadır:
— Bu qönçəyə bax. Sən yəqin ki, onun tezliklə açılmasını,
öz gözəlliyi ilə səni valeh etməsini çox istəyirsən, deyilmi?
— Çox istəyirəm! — deyə gənc cavab verir. — Əlimdən gəlsəydi,
onun ləçəklərini elə indicə öz əllərimlə bir-bir açardım.
— Gülü məhv etməkmi istəyirsən? — deyə qoca gülümsəyir. —
Qızılgülün gözəlliyi onun sirrindədir, ləçəklərinin hələ tam açılmadığı, qönçə
olduğu o sehrli keçid anındadır. Sənin bu intizarın da məhz belədir. Zamanı tələsdirmə.
Görüşdən əvvəlki bu saatlar sənin həyatının ən saf, ən təmiz anlarıdır. Hazırda
sənin sevgin böyüyür, dərinləşir, şirin intizar hissi ilə dolur. Görüşün özü cəmi
bir an çəkə bilər, lakin onu necə həyəcanla, necə intizarla gözlədiyinin xatirəsi
səninlə əbədi qalacaq. Görüşün gözəlliyi intizarın özündən doğur.
Oğlan gülümsəyir, qızılgülü əlinə alıb, əyləşir və sakitcə
gözləməyə başlayır. Nəhayət, qız bağçaya daxil olanda, ona elə gəlir ki, qızla
bərabər bütün dünya eyni anda çiçəklənib.
Gözləmək həqiqətən də qapalı bir qönçə tək gözəldir: onun
bətnində çiçəyin indicə dünyaya bəxş olunacaq bütün gözəlliyi gizlənib.
***
Bağbanın bu müdrik kəlamları əslində bəşəriyyətin ən böyük psixoloji paradokslarından birinə aydınlıq gətirir. Bizə çox vaxt elə gəlir ki, xoşbəxtliyə yalnız arzularımız çin olduğu an qovuşuruq. Müasir psixologiyada isə insan beyninin hədəfə çatmaqdan daha çox, o hədəfə doğru irəliləyərkən, yəni “gözləmə və ümid etmə” mərhələsində daha çox xoşbəxtlik hormonları ifraz etdiyi sübut olunub. Görkəmli fransız yazarı və filosofu Simona de Bovuarın bir kəlamını xatırladım: “Sevgi kifayət qədər güclüdürsə, gözlənti xoşbəxtliyə çevrilir”. İntizar – adi hiss deyil, daxili yetkinləşmə, cilalanma prosesidir. Gözləyən insan müəyyən zaman kəsiyində sınağa çəkilir, təmizlənir, arzuladığı dəyərin həqiqi çəkisini anlayır. Tələsərək zorla açmaq istədiyimiz hər bir “qönçə” həyatımızın əlimizdə vaxtından əvvəl solan və dəyərini itirən bir parçasına çevrilir. Səbir - ruhun həqiqətən də ən ali yetkinlik səviyyəsidir.
Gözləmək həm də poetik metaforadır. O, toxumun torpaq
altında qaranlıqda qalıb baharın gəlişini gözləməsinə bənzəyir: qaranlığa səbirlə
dözməsə, heç vaxt yaşıl fidana çevrilə bilməz. Gecənin zülmətində Ay işığı ilə
təsəlli tapan Dünya Günəşin doğacağını ümidlə gözləyir: zamanın hökmünə tabe
olmaqdan başqa çarəsi varmı?! Ümidlə yaşamaq - həyatın əsl mənası və təməlidir.
Ümid - sabahın bu gündən daha işıqlı olacağına inanan ruhun yaşam tərzidir. İnsan
nə qədər ki sabaha inanır, nə qədər ki içində ümidlə həmahəng bir intizar atəşi
daşıyır, o, qəlbən və ruhən heç vaxt qocalmır, sarsılmır, yıxılmır.
Nəticə etibarilə, həyat hər birimizə verilmiş böyük,
mistik bir bağçadır. Və hər birimizin qəlbində ləçəklərinin yalnız öz zamanında
açılmasını gözləyən unikal bir qızılgül qönçəsi var. Zamanı məcbur etməyə, ləçəkləri
zorla qoparıb o sirri vaxtından əvvəl faş etməyə ehtiyac yoxdur. Qoy intizar
hissi ruhumuzu təmizləsin, hisslərimizi cilalasın. Gəlin bu yolda ətrafımıza
baxmağı bacaraq, quşların nəğməsini eşidək, axşamın zərif sərinliyini hiss edək.
Gözləmək – çarəsizlik deyil, yaşamağın ən dərin, ən fəlsəfi və ən gözəl rəngidir.
Çünki nə qədər ki gözləyirik, deməli, ümidimiz var. Nə qədər ki ümidimiz var,
deməli, biz hələ də varıq və yaşayırıq! Gözəl deyilmi?...
Müxtəlif dövrlərin filosofları bu vəziyyəti bir neçə əsas
anlayışla izah edirlər: insanın mövcudluğunu, azadlığını və fərdi məsuliyyətini
mərkəzə qoyan ekzistensialistlər gözləməni insan varlığının mahiyyəti hesab
edirlər; həyatın mənasını anlamaq və aşkarlamaq istəyi ilə dünyanın bu axtarışa
heç bir cavab verməməsi, yəni səssizliyi arasındakı ziddiyyəti önə çəkən absurd
fəlsəfə təmsilçiləri onu “illüziyaların tələsi” adlandırırlar. Buddizmin
"həyat əzabdır" prinsipi ilə eynilik təşkil edən Şərq fəlsəfəsi və
Şopenhauerə görə, intizar - əzabın mənbəyidir və bu əzabdan qurtulmağın yeganə
yolu arzulardan azad olmaqdır. Bədbinliyə qapılmaqmı təklif olunur? Doğrusu, bu
cür yanaşma nəinki cəlbedici, heç məntiqli də görünmür.
Fəlsəfə və psixologiyanın nöqteyi-nəzərindən gözləmənin
daxili hərəkətverici qüvvəsi ÜMİDdir. Ümid olmadan gözləmək mənasız vaxt
itkisinə və ya işgəncəyə çevrilir. Gözləmə formasına görə passivdir, lakin ümid
onu aktivləşdirir. Alman filosofu Ernst Blox "Ümid prinsipi" adlı
monumental əsərində ümidin sadəcə bir hiss deyil, həm də bəşəri tərəqqinin mühərriki
olduğunu vurğulamışdır. İnsanlar "heç nə"ni gözləmir; onlar
inandıqlarının gerçəkləşməsini gözləyirlər. Ümid zamanın boşluğunu məna ilə
doldurur.
Gözləmək - prosesdir, “indi”nin natamamlığı faktının təsdiqidir,
ümid bu prosesin vektoru, tamlığa nail olunacağına inamdır. Ümidlə yüklənmiş
gözlənti gözəlliyə qovuşmaq istəyi ilə yaşanan hər dəqiqəni, hər bir anı mənalı
edir.
***
Həyatımızın bütün pillələrinə nəzər salsaq, ömrümüzün qalxıb-enən bütöv bir intizar zəncirindən ibarət olduğunu görərik.
Ana öz bətnində daşıdığı körpənin dünyaya gəlişini gözləyir...
Yoxluqla varlıq arasında canlı körpüyə çevrilərək həyat yaradıcılığında müqəddəs
Yaradanla həmmüəllif olmaq möcüzə deyilmi?
Bir gənc aşiq olduğu qıza sevgisinin qarşılığını gözləyir...
Bu gözlənti tənhalıqdan xilas olmaq cəhdidirsə, yanlışdır: əsl sevgi yalnız iki
insan artıq öz bütövlüklərini bölüşməyə qadir olduqda yaranır. Ayrılıq isə tənhalıq
deyil: tənhalıq insanın gözləyəcək heç bir kiminin qalmadığı zaman kəsiyidir.
Ata və ana övladlarının məktəb həyatına qədəm qoymasını
gözləyirlər... Valideyn illüziyalarının sosial reallıqla ilk ciddi toqquşması onların
gözləntilərinin qürur hissi ilə sosial mühakimə qorxusu arasında dəyişkənliyindən
doğur.
Övladımızın ailə quracağı günü gözləyirik... Valideyn “hökmranlığının”
böhranı ilə nəticələnən bu intizar gizli bir kədərlə doludur: valideynlər
uşaqlarının həyatında ikinci dərəcəli rola keçidlərini faktiki və qanuni olaraq
dərk etməli olacaqlar.
Nəvələrimizin dünyaya gəlişini gözləyirik... İçimizdə valideyn
məsuliyyəti ilə yüklənmədən bioloji ölümsüzlük ümidi oyanır. Bu, övladlarımızın
təlim və tərbiyəsində gerçəkləşdirə bilmədiklərimizi həyata keçirmək, gəncliyimizin
xoş anlarını təkrarlamaq imkanıdır.
Hər birimiz ömür yolumuzda dinc və sakit bir həyat gözləyirik...
Bəşər övladının ən faciəli illüziyası deyilmi? Həyatın mahiyyətcə dinamik və
böhranlarla dolu olduğunu unudaraq, sakitlik və sabitlik intizarındayıq. Dərk
etmirik ki, əsl sabitlik çöldə fırtınanın olmaması deyil, fırtınanın özünün
içindəki sükutdur.
Qocalığı gözləyirik... Ruhu yetkinlik dövründə qazandıqlarımızın
dəyəri ilə ölçülən qocalığı. Xoşbəxt qocalıq isə bizə yaşanan illərin mükafatı
olaraq verilmir; bu, yalnız həyatımız düzgün kökləndiyi təqdirdə ahəngdar şəkildə
səslənən son akkorddur.
Dünyaya göz açdığımız gündən nələri gözləmirik?!
Bircə ölümdən başqa... Yəqin qaçılmaz olduğunu bildiyimizə
görə. Yaxşı ki, çox bilmirik: mövcudluğumuz mənasız olardı.
***
Bütün ömür boyu – dünyaya göz açdığımız ilk andan son nəfəsimizə kimi - daim nəyisə gözləyirik. Ömrümüzün hər bir fəsli, hər bir səhifəsi intizarla yazılır. Həyatımızı məhz bu cür – gözləyə-gözləyə, ümid edə-edə yaşayırıq.
YAŞAYIRIQ... Gözəl deyilmi?!
Oktay Səmədov,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent

