Şəhərlərin gələcəyini süni intellekt müəyyən edəcək - Nicat Dağlar

“Bu gün şəhərlərin inkişaf səviyyəsi əsasən rəqəmsal idarəetmə və süni intellektdən istifadə imkanları ilə ölçülür”.

"Mediaekspert" xəbər verir ki,  bunu Bakupost.az-a açıqlamasında jurnalist Ekspert Mərkəzinin sədr müavini, “Azkoin” Milli Kriptovalyuta Layihəsinin media təmsilçisi Nicat Dağlar deyib.

O bildirib ki, müasir şəhərsalma prosesində rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqi artıq qlobal tendensiyaya çevrilib.

Ekspertin sözlərinə görə, dünyada “smart city” – ağıllı şəhər konsepsiyası sürətlə yayılır və şəhərlərin idarə olunmasında innovativ texnologiyaların rolu getdikcə artır:

“Bu gün şəhərlərin inkişaf səviyyəsi yalnız yeni binalar və geniş yollarla ölçülmür. Artıq əsas meyarlardan biri rəqəmsal idarəetmə, məlumatların analizi və süni intellekt texnologiyalarından istifadə imkanlarıdır. Süni intellekt nəqliyyat sisteminin optimallaşdırılması, təhlükəsizlik kameralarının ağıllı idarə olunması, enerji sərfiyyatının azaldılması və kommunal xidmətlərin daha effektiv təşkilində mühüm rol oynayır”.

N.Dağlar hesab edir ki, yaxın gələcəkdə rəqabət aparan şəhərlər daha çox texnologiya əsaslı idarəetmə modelinə üstünlük verəcək:

“İnnovasiya və rəqəmsallaşmaya yatırım edən dövlətlər şəhər idarəçiliyində daha çevik, təhlükəsiz və dayanıqlı sistemlər formalaşdıracaq. Bu proses həm iqtisadi inkişafı sürətləndirəcək, həm də vətəndaşların həyat keyfiyyətinə birbaşa təsir göstərəcək”.

Ekspert əlavə edib ki, Azərbaycan da regionda rəqəmsal transformasiya və ağıllı şəhər layihələri istiqamətində mühüm addımlar atır:

“Bu tendensiyanın yaxın illərdə daha da sürətlənəcəyi gözlənilir. Xüsusilə ağıllı idarəetmə, rəqəmsal xidmətlər və süni intellekt əsaslı həllər şəhər həyatının ayrılmaz hissəsinə çevriləcək”.