Gözləmək gözəldir

"Həyatın ən gözəl məqamı intizardır. Həmin an biz həyatı bütün varlığımızla, daha kəskin şəkildə hiss edirik"

Oskar Uayld

Bəzən mənə elə gəlir ki, biz zamanın axarına uyğun yaşamağı deyil, sadəcə zamanla çərçivələnmiş ömür yolumuzda xəyallarımızın dərhal gerçəkləşməsinə tələsməyi öyrənmişik. Hər səhər pəncərəmizdən rəngini və hərarətini tədricən dəyişən Günəşi, təbiətin oyanışına sevinən nəğməkar quşları, küləyin əsarətində uçan buludları yox, fərqli istiqamətlərə üz tutan insan axınını, harasa qaçan maşınları, dayanacaqlarda saata baxıb narahatlıq keçirən simaları izləyirik. Amansız zaman bizə elə bir sürət diktə edir ki, sanki bir an belə dayansaq, həyat əlimizdən sürüşüb gedəcək.

Qəribə xüsusiyyətimiz var: hər şeyin bir toxunuşla, bir anın içində baş verməsini istəyirik. Suallarımıza dərhal cavab gözləyir, uğura həmin an çatmaq, arzularımızın növbəsiz reallaşmasını istəyirik. Lakin bu kor-koranə qaçışın burulğanında ən vacib həqiqəti dərk etməyə – anın “dadını çıxarmağa” və ruhumuzun gizli nəfəsini duymağa macal tapmırıq. Bəlkə də insanı yaşadan, onun varlığına məna qatan məfhum son məqsədə, hədəfə çatmaq deyil, o hədəfə doğru gedən yoldur, bu yolda əlimizdən tutan ümiddir, ümiddən doğan intizardır. Gözləmək – sadəcə zamanın girdabında boğulmaq deyil; gözləmək - ruhun yaşamaq üçün topladığı enerjini zərrə-zərrə sərf etməkdir.

Həyatda nəyisə, kimisə gözləyiriksə, deməli, yaşayırıq. Çünki gözləmək – sadəcə zamanın axarını seyr etmək deyil, ruhun gələcəyə lövbər atmasıdır. İnsan ümidini itirəndə gözləməkdən əl çəkir; gözləməyin bitdiyi yerdə isə ruhun durğunluğu və sükutu başlayır. Nə qədər ki içimizdə bir intizar, bir sabah axtarışı var, deməli, qəlbimiz hələ də o alovlu enerjinin yanacağı ilə döyünür. Gözləmək - ruhun hələ də təslim olmadığının və hər şeyə rəğmən həyata davam etdiyinin ən dolğun ifadəsidir.

İnsan məhz arzularla və bu arzuların gerçəkləşməsi ümidi ilə nəfəs alır. Deməli, mahiyyət etibarı ilə biz hər an, hər saniyə gözləyirik. Bu intizar bəzən əzablı, bəzən yorucu, bəzən də dözülməz olur. Lakin o ağrını hiss etdikcə, o intizarın oduna qalandıqca anlamalıyıq ki, hələ də həyatdayıq.

Bu məqamda fəlsəfi bir sual doğur: bəlkə də dilimizdə yetərincə işlənən “GÖZLƏMƏK” və “GÖZƏL” sözləri təsadüfən eyni kökdən, eyni məfhumdan – “GÖZ”dən qaynaqlanmır? Gözləməyi bacaran ruh gözəlləşir, gözlənilən hər bir dəyər isə gözəlliyin özünə çevrilir.

Gözləməyin fəlsəfəsini, onun ilahi, poetik və psixoloji dərinliyini anlamaq üçün bizə zamanın mahiyyətini açıqlayan qədim bir hekayət var.

***

Bir gənc gözəl bir qıza aşiq olur. Onu görmək arzusunda olan gəncə “Gözləmək – gözəldir” deyən qız günlərin bir günü, nəhayət ki, onunla çiçəklənən bir bağçada görüşməyə razılıq verir.

Sevinci yerə-göyə sığmayan gənc görüş yerinə təyin olunmuş vaxtdan tez gəlir. Həyəcandan özünə yer tapa bilmir, hər dəqiqə ona sonsuz görünür. Lakin tədricən, qürub edən Günəşi seyr etdikcə, əvvəllər heç vaxt fərqinə varmadığı və əhəmiyyət vermədiyi hadisələri görməyə başlayır. Günün bitməsini nəğmələri ilə uğurlayan quşların səsini eşidir. Havaya axşam çiçəklərinin zərif və xəfif ətrinin yayıldığını hiss edir. Gözləmək onun həssas qəlbini oyatmış, ruhunun gözlərini açmış olur.

Oğlanın həyəcanla ora-bura vurnuxduğunu görən bağban ona yaxınlaşır, hələ açılmamış bir qızılgül qönçəsini gəncə uzadır:

— Bu qönçəyə bax. Sən yəqin ki, onun tezliklə açılmasını, öz gözəlliyi ilə səni valeh etməsini çox istəyirsən, deyilmi?

— Çox istəyirəm! — deyə gənc cavab verir. — Əlimdən gəlsəydi, onun ləçəklərini elə indicə öz əllərimlə bir-bir açardım.

— Gülü məhv etməkmi istəyirsən? — deyə qoca gülümsəyir. — Qızılgülün gözəlliyi onun sirrindədir, ləçəklərinin hələ tam açılmadığı, qönçə olduğu o sehrli keçid anındadır. Sənin bu intizarın da məhz belədir. Zamanı tələsdirmə. Görüşdən əvvəlki bu saatlar sənin həyatının ən saf, ən təmiz anlarıdır. Hazırda sənin sevgin böyüyür, dərinləşir, şirin intizar hissi ilə dolur. Görüşün özü cəmi bir an çəkə bilər, lakin onu necə həyəcanla, necə intizarla gözlədiyinin xatirəsi səninlə əbədi qalacaq. Görüşün gözəlliyi intizarın özündən doğur.

Oğlan gülümsəyir, qızılgülü əlinə alıb, əyləşir və sakitcə gözləməyə başlayır. Nəhayət, qız bağçaya daxil olanda, ona elə gəlir ki, qızla bərabər bütün dünya eyni anda çiçəklənib.

Gözləmək həqiqətən də qapalı bir qönçə tək gözəldir: onun bətnində çiçəyin indicə dünyaya bəxş olunacaq bütün gözəlliyi gizlənib.

***

Bağbanın bu müdrik kəlamları əslində bəşəriyyətin ən böyük psixoloji paradokslarından birinə aydınlıq gətirir. Bizə çox vaxt elə gəlir ki, xoşbəxtliyə yalnız arzularımız çin olduğu an qovuşuruq. Müasir psixologiyada isə insan beyninin hədəfə çatmaqdan daha çox, o hədəfə doğru irəliləyərkən, yəni “gözləmə və ümid etmə” mərhələsində daha çox xoşbəxtlik hormonları ifraz etdiyi sübut olunub. Görkəmli fransız yazarı və filosofu Simona de Bovuarın bir kəlamını xatırladım: “Sevgi kifayət qədər güclüdürsə, gözlənti xoşbəxtliyə çevrilir”. İntizar – adi hiss deyil, daxili yetkinləşmə, cilalanma prosesidir. Gözləyən insan müəyyən zaman kəsiyində sınağa çəkilir, təmizlənir, arzuladığı dəyərin həqiqi çəkisini anlayır. Tələsərək zorla açmaq istədiyimiz hər bir “qönçə” həyatımızın əlimizdə vaxtından əvvəl solan və dəyərini itirən bir parçasına çevrilir. Səbir - ruhun həqiqətən də ən ali yetkinlik səviyyəsidir.

Gözləmək həm də poetik metaforadır. O, toxumun torpaq altında qaranlıqda qalıb baharın gəlişini gözləməsinə bənzəyir: qaranlığa səbirlə dözməsə, heç vaxt yaşıl fidana çevrilə bilməz. Gecənin zülmətində Ay işığı ilə təsəlli tapan Dünya Günəşin doğacağını ümidlə gözləyir: zamanın hökmünə tabe olmaqdan başqa çarəsi varmı?! Ümidlə yaşamaq - həyatın əsl mənası və təməlidir. Ümid - sabahın bu gündən daha işıqlı olacağına inanan ruhun yaşam tərzidir. İnsan nə qədər ki sabaha inanır, nə qədər ki içində ümidlə həmahəng bir intizar atəşi daşıyır, o, qəlbən və ruhən heç vaxt qocalmır, sarsılmır, yıxılmır.

Nəticə etibarilə, həyat hər birimizə verilmiş böyük, mistik bir bağçadır. Və hər birimizin qəlbində ləçəklərinin yalnız öz zamanında açılmasını gözləyən unikal bir qızılgül qönçəsi var. Zamanı məcbur etməyə, ləçəkləri zorla qoparıb o sirri vaxtından əvvəl faş etməyə ehtiyac yoxdur. Qoy intizar hissi ruhumuzu təmizləsin, hisslərimizi cilalasın. Gəlin bu yolda ətrafımıza baxmağı bacaraq, quşların nəğməsini eşidək, axşamın zərif sərinliyini hiss edək. Gözləmək – çarəsizlik deyil, yaşamağın ən dərin, ən fəlsəfi və ən gözəl rəngidir. Çünki nə qədər ki gözləyirik, deməli, ümidimiz var. Nə qədər ki ümidimiz var, deməli, biz hələ də varıq və yaşayırıq! Gözəl deyilmi?...

Müxtəlif dövrlərin filosofları bu vəziyyəti bir neçə əsas anlayışla izah edirlər: insanın mövcudluğunu, azadlığını və fərdi məsuliyyətini mərkəzə qoyan ekzistensialistlər gözləməni insan varlığının mahiyyəti hesab edirlər; həyatın mənasını anlamaq və aşkarlamaq istəyi ilə dünyanın bu axtarışa heç bir cavab verməməsi, yəni səssizliyi arasındakı ziddiyyəti önə çəkən absurd fəlsəfə təmsilçiləri onu “illüziyaların tələsi” adlandırırlar. Buddizmin "həyat əzabdır" prinsipi ilə eynilik təşkil edən Şərq fəlsəfəsi və Şopenhauerə görə, intizar - əzabın mənbəyidir və bu əzabdan qurtulmağın yeganə yolu arzulardan azad olmaqdır. Bədbinliyə qapılmaqmı təklif olunur? Doğrusu, bu cür yanaşma nəinki cəlbedici, heç məntiqli də görünmür.   

Fəlsəfə və psixologiyanın nöqteyi-nəzərindən gözləmənin daxili hərəkətverici qüvvəsi ÜMİDdir. Ümid olmadan gözləmək mənasız vaxt itkisinə və ya işgəncəyə çevrilir. Gözləmə formasına görə passivdir, lakin ümid onu aktivləşdirir. Alman filosofu Ernst Blox "Ümid prinsipi" adlı monumental əsərində ümidin sadəcə bir hiss deyil, həm də bəşəri tərəqqinin mühərriki olduğunu vurğulamışdır. İnsanlar "heç nə"ni gözləmir; onlar inandıqlarının gerçəkləşməsini gözləyirlər. Ümid zamanın boşluğunu məna ilə doldurur.

Gözləmək - prosesdir, “indi”nin natamamlığı faktının təsdiqidir, ümid bu prosesin vektoru, tamlığa nail olunacağına inamdır. Ümidlə yüklənmiş gözlənti gözəlliyə qovuşmaq istəyi ilə yaşanan hər dəqiqəni, hər bir anı mənalı edir.

***

Həyatımızın bütün pillələrinə nəzər salsaq, ömrümüzün qalxıb-enən bütöv bir intizar zəncirindən ibarət olduğunu görərik.

Ana öz bətnində daşıdığı körpənin dünyaya gəlişini gözləyir... Yoxluqla varlıq arasında canlı körpüyə çevrilərək həyat yaradıcılığında müqəddəs Yaradanla həmmüəllif olmaq möcüzə deyilmi?

Bir gənc aşiq olduğu qıza sevgisinin qarşılığını gözləyir... Bu gözlənti tənhalıqdan xilas olmaq cəhdidirsə, yanlışdır: əsl sevgi yalnız iki insan artıq öz bütövlüklərini bölüşməyə qadir olduqda yaranır. Ayrılıq isə tənhalıq deyil: tənhalıq insanın gözləyəcək heç bir kiminin qalmadığı zaman kəsiyidir.

Ata və ana övladlarının məktəb həyatına qədəm qoymasını gözləyirlər... Valideyn illüziyalarının sosial reallıqla ilk ciddi toqquşması onların gözləntilərinin qürur hissi ilə sosial mühakimə qorxusu arasında dəyişkənliyindən doğur.

Övladımızın ailə quracağı günü gözləyirik... Valideyn “hökmranlığının” böhranı ilə nəticələnən bu intizar gizli bir kədərlə doludur: valideynlər uşaqlarının həyatında ikinci dərəcəli rola keçidlərini faktiki və qanuni olaraq dərk etməli olacaqlar.

Nəvələrimizin dünyaya gəlişini gözləyirik... İçimizdə valideyn məsuliyyəti ilə yüklənmədən bioloji ölümsüzlük ümidi oyanır. Bu, övladlarımızın təlim və tərbiyəsində gerçəkləşdirə bilmədiklərimizi həyata keçirmək, gəncliyimizin xoş anlarını təkrarlamaq imkanıdır.

Hər birimiz ömür yolumuzda dinc və sakit bir həyat gözləyirik... Bəşər övladının ən faciəli illüziyası deyilmi? Həyatın mahiyyətcə dinamik və böhranlarla dolu olduğunu unudaraq, sakitlik və sabitlik intizarındayıq. Dərk etmirik ki, əsl sabitlik çöldə fırtınanın olmaması deyil, fırtınanın özünün içindəki sükutdur.

Qocalığı gözləyirik... Ruhu yetkinlik dövründə qazandıqlarımızın dəyəri ilə ölçülən qocalığı. Xoşbəxt qocalıq isə bizə yaşanan illərin mükafatı olaraq verilmir; bu, yalnız həyatımız düzgün kökləndiyi təqdirdə ahəngdar şəkildə səslənən son akkorddur.

Dünyaya göz açdığımız gündən nələri gözləmirik?!

Bircə ölümdən başqa... Yəqin qaçılmaz olduğunu bildiyimizə görə. Yaxşı ki, çox bilmirik: mövcudluğumuz mənasız olardı.

***

Bütün ömür boyu – dünyaya göz açdığımız ilk andan son nəfəsimizə kimi - daim nəyisə gözləyirik. Ömrümüzün hər bir fəsli, hər bir səhifəsi intizarla yazılır. Həyatımızı məhz bu cür – gözləyə-gözləyə, ümid edə-edə yaşayırıq.

YAŞAYIRIQ... Gözəl deyilmi?!

 

Oktay Səmədov,

pedaqogika üzrə fəlsəfə doktoru, dosent