Ata və oğulun “Metamorfik bağlar:70/30” adlı yubiley sərgisi açıldı - Fotolar

Dekabrın 15-i Muzey Mərkəzində Rəssam-heykəltaraş İbrahim Həsənovun 70, oğlu rəssam Ruhulla Həsənzadənin isə 30 yaşı tamam olması münasibətilə “Metamorfik bağlar:70/30” adlı yubiley sərgisinin açılışı oldu.

Mediaekspert.az kultur.az-a istinadən xəbər verir ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev hər iki rəssamın yaradıcılığı barədə məlumat verdi. Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, deputat Fazil Mustafa, əməkdar rəssam Arif Hüseynov sərginin Azərbaycan incəsənətinə töhfə olduğunu vurğuladılar. 

“İncəsənət xalqa məxsusdur” fikri ilə çıxışına son verən rəssam-heykəltaraş İbrahim Həsənov qonaqları sərgi salonuna dəvət etdi.

“Metamorfik bağlar:70/30” adlı sərgidə rəssam-heykəltaraş İbrahim Həsənovun 22 müasir heykəli və 28 rəngkarlıq əsəri, Ruhulla Həsənzadənin 30-35 ədəd rəngkarlıq nümunəsi sərgilənir.

Yazar Cəlil Cavanşir və Aynurə Azayevanın təşkilatçılığı ilə gerçəkləşən sərgi 19 dekabr, 18.00-dək davam edəcək. Giriş Sərbəstdir. 

Sərginin açılış mərasimində Jurnalist Ekspert Mərkəzinin nümayəndəsi də iştiark edib.