Təqdimatı olan "Coğrafiya müəllimi" filminin sonrakı mərhələsində deyəcəklərimi dostlar çıxışları ilə elə səlis söylədilər ki, susmağın daha planlı danışmaq olduğunu xatırlayıb, əvvəl tamaşaçı, ardından dinləyici olmağımla zövq duydum.
Çıxışlar barədə gərək samballı bir reportaj yazasan, xəbərdən daha çox nigaran olan oxucunun belə reportajı gözlədiyinə tam əmin olmadığıma görə, o təəssürat sözlərini ürəyimə yazdım, beynimdə saxladım.
Əgər filmin təsirini ifadə etsəydim, mənim də həvəslə deyəcəklərim vardı, vaxtın gün bölgüsü şərtini poza bilmədim. Verilişə getməliydim deyə, üzr istəyib çıxdım.
Beynimə hopmuş filmə yolda təkrar-təkrar baxdım. Yəqinləşdirdim ki, hisslərimi bölüşsəydim, belə deyərdim:
1. Mövzu aktualdır - əla
2. Kadrlar estetik təsirlidir - əla
3. Aktyorlar təbii oynayırlar - əla
4 . Xarici dil subtitrindən istifadə olunub - əla
5. Yaşadığımız faciənin mahiyyətini qısa metrajlı çatdıra bilib - əla
Heyifkilərim də var. Təbii nə deyəcəm, nə yazacam. Müsbət hadisəni təhlil etməzlər, mühakimə həmişə ziyanlıdır, əsas da doğmalarını, həmkarlarını, görülən işlərdə nöqtə boyda yanlışlıqları mühakimə etmək öncə bunu edənə ziyandır. Beləcə vərdişkar olursan, ancaq neqativ axtarırsan. Çox ağır həyat tərzidir, heç kimə qismət olmasın.
"Heyifkilərim" ifadəsi də yerində səslənmir. Film cəmi bir nüansla "kaş ki..." dedizdirə bilər, o da hadisələri çoxaldıb, zənginləşdirib, tammetrajlı filmə çevirmək arzusudur. Arzuya bax, əzizim...
Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi "İşgəncələr məbədi - Şuşa həbsxanası" filmini "Coğrafiya müəllimi" filmi ilə birləşdirsə və təbii ki, yeni epizodlar əlavə etsə, dünya səviyyəli film yaradar. Onlar bu işin ustalarıdırlar. Donor QHT Agentliyi də elə işin ustalarına dəstək verməyi həmişə özünün hüququ, fiziki, əsasən də mənəvi borcu hesab edib.
Zalı ictimai müzakirələr zamanı təəssüflə tərk etsəm də, məndən sonra söylənilənləri eşitməsəm də, zövqümün qaçırdığı sevincin könlünü Real TV-də aldılar.
"Real intervü" rubrikasında dəyərli həmkarım İlqar Mikayıloğlunun aparıcılığı ilə əsrarəngiz auraya düşdük. "Çoğrafiya müəllimi"nə obyektiv səbəbdən deyə bilmədiklərimi efirdən söylədim. Filmin ifadə tərzi baxımından leytmotivi olan "Atam bütün dünyanı tanıyır, itkin düşə bilməz, qayıdacaq. Axı atam Coğrafiya müəllimidir" nidasının necə çiçək açdığının, haqqın heç vaxt itmədiyinin, batmadığının, pardaxlanaraq kainatın hər yerindən görünəcək səviyyəyə yüksəldiyinin, ucaldığının elə qısa metrajla şəklini çəkdik. Cəmi 18 dəqiqə ərzində film süjetinə layiq olan səviyyədə danışdıq.
Mübariz bəyə minnətdaram ki, hazırladığı layihənin təsiri efirdəki fikirlərimin cilalı olmasına bir başa təkan verdi.
Layihənin gücünə bax, onun çərçivəsində nəzərdə tutulmayan hədəf qrupları belə, dvident yaşayır: filmin təəssüratında olan efir qonağı izləyicilərin könlünü oxşayan sözlər danışır, əlbəttə verilişdən sonra gələn rəylərə nəzərən belə qənaətdəyəm.
Bütün Azərbaycan mübarək qənaətli günlər içərisindədir.
Qalibiyyət zirvəsində əbədi qalmağa çalışmaq vaxtı gəldi: Biz ağır dünyada yüngül yaşaya bilmərik.
QHT Agentliyinin ictimai sektora verdiyi dəstək bu məntiqdən yoğrulub. Bərəkətli olsun, hərəkətli olsun! Hər kəs mübarək dəstəyə MÜBARİZLƏR kimi adekvat olsun!
Azərbaycanı bütövləşdirərək Şuşa zirvəsindən Allahın dərgahındakı ən uca nöqtəyə qədər ucaldan məhz səmimiyyətdir. Biz ən çətini bacardıq, indi ən asanı yaşamağı bacarmaq vaxtıdır. Mirşahin bəy demiş "VƏ SONRA?" sualını nida cümləsinə çevirmək vaxtıdır.
"Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi "Coğrafiya müəllimi" filmi ilə o sualı o nidaya çevirməyi bacardı. Bir eloğlu kimi donor QHT Agentliyinə minnətdaram, OBYEKTİVLİYİN azərbaycanlılara yaraşdığını müsabiqədə "Coğrafiya müəllimi"nə "hə" deməklə bir daha təsdiqlədi.
Yol üstündəki izi ilə tanınar. Yeriyəndə arxadan gələnlər minaya düşməsinlər deyə, ayağımızı yerə bərk basaq, izimiz aydın görünsün!
Ceyhun Musaoğlu