Füzulidə Azərbaycan və Özbəkistan QHT-lərinin birgə forumu keçirildi - Fotolar

Füzuli şəhərində Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının əməkdaşlıq forumu keçirilib.
Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə gerçəkləşən Forumda iki ölkənin 100-dən çox QHT nümayəndəsi iştirak edib. 

Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra iki ölkə arasında münasibətlərin inkişafına dair videoçarx göstərilib. 

Forumda QHT-lərə Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin nümayəndəsi Tural Əliyev, Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Özbəkistan Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının İdarə Heyətinin sədri Kamoliddin İşanxocayev, Elm və Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Turxan Süleyman, Milli Məclisin deputatları, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Fatma Yıldırım və Sabir Rüstəmxanlı iki qardaş ölkənin bütün sahələrdə əlaqələri genişləndirdiyini bildiriblər və bu münasibətlərin əbədiliyinə nail olmaq üçün böyük imkanlar olduğunu diqqətə çatdırıblar. 

Özbəkistan və Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri hər iki ölkənin dövlət başçılarına birgə müraciət ünvanlayıb.

Forumun bədii hissəsində təşkil olunan konsert proqramında Azərbaycanın tanınmış sənət adamları xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri təqdim ediblər.

Bədii hissədən sonra Özbəkistan-Azərbaycan milli şirniyyatları ilə hazırlanmış çay süfrəsi açılıb.

Forumda Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu da iştirak edib.

Mediaekspert.az