Azərbaycan Mətbuat Şurası ilə Mediasiya Şurası
arasında Anlaşma Memorandumu imzalanıb. Sənədə Mətbuat Şurasının sədri Rəşad Məcid
və Mediasiya Şurasının İdarə Heyətini sədri Nadir Adilov imza atıblar. Bununla
bağlı Azərbaycan Mətbuat Şurasında hər iki qurumun təmsilçilərinin iştirakı ilə
toplantı keçirilib.
Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid
bildirib ki, rəhbərlik etdiyi qurumla Mediasiya Şurasını birləşdirən, müəyyən mənada,
ortaq fəaliyyətini təsdiqləyən bir neçə məqam var. Bunlardan birincisi odur ki,
hər iki qurum cəmiyyət yönümlüdür, barışdırıcı missiya daşıyır. Mətbuat Şurası
media ilə ictimaiyyətin müxtəlif təbəqələrinə məxsus şəxslər arasında
kompromiss variantların axtarışını, Mediasiya Şurası isə, ümumən, vətəndaşlar
arasında mübahisəli vəziyyətlərin aradan qaldırılmasını hədəf seçib.
İkinci məqam hər iki qurumun məhkəmələrin yükünün
azaldılmasına xidmət edən fəaliyyəti ilə bağlıdır. Məlumdur ki, Mətbuat Şurası
yarananadək jurnalistlərin məhkəmələrlə üzləşməsi faktlarıının statistikası həddən
artıq yüksək idi. Həm məhkəmələr özləri yüklənirdi, həm də media qurumları üçün
vaxt itkisi yaranırdı. Mətbuat Şurası fəaliyyətə başlayandan sonra kütləvi
informasiya vasitələrinin və jurnalistlərin məhkəməyə verilməsi hallarında
azalmalar müşahidə edildi. Cəmiyyət üzvləri daha çox Şuraya üz tutdular. Ümumən,
media ilə bağlı məsələlərdə Mətbuat Şurasına müraciət ənənəsinin formalaşdığını
vurğulayan R.Məcid hazırda Mediasiya Şurasının da məhkəmələrin yükünü azaltmaq
missiyasını yerinə yetirdiyini deyib. O bildirib ki, bu, həm də vətəndaşların
problemlərinin operativ aradan qalxmasına, cəmiyyətdə gərginlik hallarının
azalmasına yönəlmiş mütərəqqi missiyasıdır. Şura sədri çıxışında, həmçinin, Mətbuat
Şurası ilə Mediasiya Şurası arasında Anlaşma Memorandumunun olmasını sosial
sifariş kimi dəyərləndirib, sənədin faydalı nəticələr verəcəyinə əminliyini
ifadə edib.
Mətbuat Şurası ilə Mediasiya Şurası arasında Anlaşma
Memorandumu məntinin hazırlanmasında iştirak etmiş MŞ İdarə Heyətinin üzvü,
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, ümumən,
mediasiya anlayışının cəmiyyətdə təbliğinə ehtiyac var. O, Anlaşma
Memorandumunun bu baxımdan faydalı nəticələr verəcəyinə inandığını deyib.
E.Mirzəbəyli eyni zamanda vurğulayıb ki, MŞ ayrı-ayrı
qurumlarla qarşılıqlı fəaliyyətin koordinasiya olunması ilə bağlı sənədlər
imzalayıb. Bu sənədlərdə həm jurnalistikanın çəkisini artırmaq, həm də ölkəmizdə
qanunun aliliyinin təmin olunmasına, vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsinə
töhfə vermək məramı əsas götürülüb. İH üzvü Mediasiya Şurası ilə imzalanmış
Anlaşma Memorandumunun da faydalarını məhz bu baxımdan əsaslandırıb.
Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov
rəhbərlik etdiyi qurumun fəaliyyətindən geniş söz açıb. O bildirib ki, qısa
müddətdə əldə edilmiş bütün uğurlarda media orqanlarının apardıqları təbliğatın
böyük payı var. Bu təbliğat Mediasiya Şurasına inam və etimad formalaşdırmaq zəminində
idi və xeyli müsbət nəticələr əldə etməyə imkan verdi.
N.Adilov vurğulayıb ki, Mediasiya Şurasının ötən il
müxtəlif vətəndaşlar arasında barışıq yaratma göstəricisi 39% olub. Bu isə, əvvəlki
hesabat ili ilə müqayisədə dəfələrlə çoxdur. Şuranın əsasən əmək, kommersiya,
ailə-məişət məsələləri ilə əlaqədar mübahisələrin aradan qaldırılması istiqamətində
çalışdığını diqqətə çatdıran İH sədri çıxışında, həmçinin, media təmsilçilərinin
mediator fəaliyyəti göstərməsinin daha uğurlu nəticələr verdiyini diqqətə
çatdırıb. O da öz növbəsində mediasiya ilə bağlı cəmiyyətdə təbliğat işlərinin
gücləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, cəmiyyətdə
mediasiya ilə əlaqədar maarifləndirmə işlərinin aparılması üçün media
orqanlarının mövcud istiqamətdəki fəaliyyətinin müəyyən qədər stimullaşdırılmasına
ehtiyac duyulur ki, bu baxımdan hər iki qurumun atacağı ilk birgə addım
jurnalistlər arasında yazı müsabiqəsinin təşkili ola bilər. Təklif müsbət qiymətləndirilib.
MŞ sədrinin müavini Səadət Məmmədovanın, Şuranın İdarə
Heyətinin üzvləri – Müşfiq Ələsgərlinin, Hacıbəy Heydərlinin, Yadigar Məmmədlinin,
Ceyhun Musaoğlunun, Bəhruz Məmmədzadənin, Mediasiya Şurasından isə mediatorlar
Qasım Şaliyevin, Şamil Paşanın, Xanlar Sətullayevin qatıldıqları müzakirələrdə
perspektiv əməkdaşlığın Anlaşma Memorandumunda nəzərdə tutulmuş müxtəlif
istiqamətlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. Həmçinin gələcək birgə
fəaliyyətin əlaqələndirilməsi, növbəti təşəbbüslərin gerçəkləşdirilməsi üçün hər
iki qurumdan koordinatorlar müəyyənləşdirilib.