Qəhrəman şəhidimiz Kərim Əliyevin mövludu günü keçirildi – Fotolar

Vətən Müharibəsi şəhidi Kərim Məhəmmədəli oğlu Əliyevin Ucar rayonunda mövludu günü keçirilib. 
Rayon ictimaiiyyəti, dostları, döyüş yoldaşarı, şəhid ailələri üzvləri, QHT nümayəndələri, jurnaistlər qəhrəman şəhidin məzarını ziyarət ediblər. 

Məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhuna dualar oxunub, məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Vətən müharibəsi qəhrəmanı,şəhid Elyar Vəliyevin atası Arif Vəliyev, şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova, şəhid Turqut Zeynalovun atası Fikrət Zeynalov, şəhid Kamil Şirinovun atası Əliş Şirinov, şəhid Şəhriyar Quliyevin anası Xalidə Quliyeva, şəhid Vilayət Rüstəmovun oğlu Eldəniz Rüstəmov, şəhid Ramiq Tağıyevin atası Teymur Tağıyev, şəhid Tərzan Haşımovun atası Qəhrəman Haşımov, o cümlədən qazi Şamil, qazi Pərvin, Qazi Ayar və digər ziyarətçilər Kərim Əliyevin şərəflə yaşadığı və şücaətlə döyüş yolu keçdiyi barədə danışıblar. 

Mərasimdə Xüsusi Təyinatlıların Qaziləri Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə və Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu iştirak edib.   

Kərim Əliyevin 25 yaşı tamam oldu. O, 1998-ci ilin 31 avqust tarixində Ucarın Alpout kəndində-sadə bir ailədə dünyaya gəlib.

Ailənin iki oğlan övladından biri olub.

2004-2015-ci illərdə Alpout kənd tam orta məktəbində təhsil alıb.

Orta məktəbi bitirdikdən sonra, 2016-2018-ci illərdə Cəlilabad rayonunun Göytəpə qəsəbəsində hərbi xidmətdə olub, Vətənə xidmət borcunu yerinə yetirib.

Hərbi xidmətini başa vurduqdan bir müddət sonra isə həyatını yenidən Ordu, hərb ilə bağlayıb.

Və Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) döyüşçüsü, peşəkar hərbçi, Kiçik gizir kimi İkinci Vətən Müharibəsi zamanı Füzulidən Cəbrayıla, Cəbrayıldan Hadruta, Xocavəndə, Xocavənddən Qubadlıyacan uzun və şərəfli döyüş yolu keçib.

Döyüşlər zamanı 4 dəfə yaralanıb, amma inadından dönməyib, yenə döyüşlərə atılıb və oktyabr ayının 19-da Xocavənd-Qubadlı istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Ancaq 4 gün nəşini götürmək mümkün olmayıb.

Yalnız ayın 23-də nəşini əldə etmək mümkün olub və bir gün sonra isə Alpout kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra isə igidliyinə, qəhrəmanlığına görə, Ali Baş Komandan tərəfindən 5 medalla-“Vətən uğurunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Şəhidin qardaşı Rüstəm Əliyev də hərbçi-MAXE kimi İkinci Vətən Müharibəsinin iştirakçılarından olub. “Xocavəndin azad olunmasına görə” medalına layiq görülüb. Ataları Məhəmmədəli kişi birinci Qarabağ müharibəsi döyüşçüsüdür. Döyüşlərdə iki dəfə ağır yaralanıb. 

Bəsirə Həsənzadə