Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin 100
illik yubileyinə həsr olunan “Müstəqil Azərbaycanın Banisi” adlı konfrans
keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək
xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu
Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
Sonra keçirilən konfransda açılış nitqi ilə çıxış edən
Agentliyin Müşahidə Şurasının sədri Azay Quliyevin Ulu Öndər Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi hər iki dönəmdə ölkəmizi zamanın mürəkkəb tarixi sınaqlarından
və siyasi təlatümlərindən müvəffəqiyyətlə çıxardığını, bütün təhlükələrə və təhdidlərə
baxmayaraq, qeyri-adi idarəçilik bacarığı, polad iradəsi, fitri istedadı, qətiyyəti,
müdrikliyi və əzmkarlığı sayəsində ölkəmizin gerçək müstəqilliyini və
inkişafını təmin etməyi bacardığını bildirib. “Ulu Öndəri hər zaman müvəffəq edən
və qarşısında duran bütün çətinlikləri və maneələri dəf etməyə güc verən əsas
amillər nə idi? Birincisi, xalqın Ulu Öndər Heydər Əliyevə olan möhkəm və
sarsılmaz inamı və dəstəyi. İkincisi, siyasət nəhəngi olan Ümummilli Lider Heydər
Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti və əzəməti. Üçüncüsü, Ulu Öndər Heydər
Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız
sevgisi”, – deyə o bildirib.
Azay Quliyev vurğulayıb ki, Ümummilli Lider Heydər
Əliyevin xalqımız qarşısında mühüm xidmətlərindən biri də Azərbaycanın müstəqilliyinin
və inkişafının davamını etibarlı şəkildə təmin edən, 44 günlük Vətən müharibəsində
şanlı və tarixi Zəfəri xalqımıza yaşadan Prezident İlham Əliyev kimi layiqli
siyasi varisin, qətiyyətli liderin yetişdirməsi idi.
Konfransda “Heydər Əliyevin Qurtuluş missiyası”
mövzusunda çıxış edən Milli Məclis sədrinin
müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynli diqqətə çatdırıb ki, 1990-ci ilin yay aylarında Heydər Əliyevin Bakıya
qayıdışı ilə tarixi bir şans yaranmışdı. Çünki o dövr xalq Heydər Əliyevi
arzulayırdı. O, çətin də olsa, Bakıya gəlmişdi. Amma yenə də o zaman hakimiyyətdə
olanlar buna imkan vermədilər və Heydər Əliyev cəmi iki gündən sonra Bakını tərk
edərək Naxçıvana qayıtmalı oldu. O dövrdə hələ SSRİ dağılmamışdı, Azərbaycanın
üçrəngli Bayrağı Heydər Əliyev tərəfindən Naxçıvan Ali Məclisində ucaldıldı.
Faktiki olaraq Azərbaycan müstəqillik tarixinin müəllifi Heydər Əliyevdir. “Təəssüf
ki, Vəzirov-Mütəllibov rejimi, daha sonra Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı
Heydər Əliyev yolundan döndərməyə çalışır və bu yolun alternativi olmadığını
başa düşmək istəmirdilər. Müstəqilliyin ilk illərində sağlam düşüncənin səsinə
qulaq asıb böyük siyasi xadim Heydər Əliyevi respublika rəhbərliyinə dəvət etsəydilər,
Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, Laçın, Şuşa xəyanətlərinin
qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz
ağrılı və əzablı yollardan keçməzdi”, – deyə Əli Hüseynli diqqətə çatdırıb.
“Heydər Əliyevin elm, təhsil və səhiyyə siyasəti”
mövzusunda çıxış edən Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman
Əmiraslanov deyib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlər
misilsizdir. İstər SSRİ dövründə respublikamıza rəhbərlik edəndə, istərsə də
müstəqilliyimizi bərpa edəndən sonra – 1990-cı illərin əvvəllərində, yəni,
yenidən hakimiyyətə gəldikdən sonra gördüyü işlər göz qabağındadır. “Bu gün Azərbaycanda
olan nə varsa, onun adı, siyasəti ilə bağlıdır. Ulu Öndərin səhiyyə, tibb təhsili
sahəsində gördüyü işlər çoxdur. Hələ SSRİ dövründə dünyanın başqa ölkələrinə
çıxışımız yox idi. O dövrdə Heydər Əliyev təhsil sahəsində düzgün siyasət
aparırdı. Çox istedadlı gəncləri SSRİ-nin ən qabaqcıl mərkəzlərinə – Moskva,
Sankt-Peterburq, Kiyev kimi güclü tibb mərkəzlərinə göndərirdi. Mən də o gənclərdən
biri idim”, – deyə Ə.Əmiraslanov qeyd edib.
Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin sədri Səməd Seyidov “Heydər Əliyevin xarici siyasəti”
mövzusunda çıxış edib. Bildirilib ki, Azərbaycanın beynəlxalq aləmə, Avropaya,
onun müxtəlif strukturlarına, o cümlədən Avropa Şurasına inteqrasiyası da
Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev
daxili siyasətlə yanaşı, xarici siyasət istiqamətində də mühüm addımlar atıb, qısa
müddət ərzində Azərbaycanın bir çox dövlətlər və beynəlxalq təşkilatlarla səmərəli
əməkdaşlığı yaranıb, ölkəmiz iri beynəlxalq layihələr həyata keçirməyə
başlayıb. 1994-cü il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi
ilə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsinin imzalanması isə
Azərbaycanın gələcək inkişafını təmin edib.
Agentliyin icraçı direktoru Aygün Əliyeva “Heydər
Əliyevin gənclər siyasəti” mövzusunda çıxış edərək deyib ki, Ümummilli Lider
Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin
zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin
sosial, iqtisadi və digər sahələrdə mövcud problemlərinin həllinə yönəldilən,
onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar,
dövlət proqramları, inkişaf strategiyaları qəbul olunub. Gənclər siyasətində
idmanın inkişafına və onun kütləviliyinin artırılmasına isə xüsusi diqqət
yetirilib. Bu gün Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti Prezident İlham
Əliyevin xüsusi diqqət və qayğısı ilə daha səmərəli və mütəşəkkil formada davam
etdirilir.
Azərbaycanın sabiq ombudsmanı Elmira Süleymanova “Heydər
Əliyev siyasəti insan hüquq və azadlıqlarının etibarlı təminatıdır” mövzusunda
məruzəsində qeyd edib ki, Ulu Öndərin diqqəti mərkəzində olan prioritet məsələlərdən
biri də insan hüquqları olub. Heydər Əliyev bu istiqamətdə də mühüm qərarlar qəbul
edib. Onlardan biri ölüm hökmünün ləğv edilməsi idi ki, 1993-cü ildə bu cəza
növünə qadağa qoyuldu və ömürlük məhkumluq cəzası ilə əvəz edildi. Ölüm cəzasının
aradan qaldırılmasına qarşı etirazlar da olmuşdu. Ulu Öndər deyirdi ki, insanın
insanı öldürməsi başqa haldır, lakin hüquqi-demokratik dövlət öz vətəndaşını
öldürə bilməz və təkidlə bu qərarı Qanun səviyyəsinə qaldırdı.
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti
Rauf Zeyni “Heydər Əliyev vətəndaş cəmiyyətinin Qurucusudur” mövzusunda məruzəsində
diqqətə çatdırıb ki, Ümummilli Liderin dövlətçilik fəlsəfəsində təkcə dövlət
strukturlarının gücünə deyil, həm də ictimai təşkilatların fəaliyyətinə geniş
meydan verilib. Bu iki prinsip vəhdət halında Azərbaycanda vətəndaş cəmiyyətinin
formalaşmasında həlledici amillərdən olub. Vətəndaş cəmiyyətinin formalaşması
isə hər şeydən əvvəl, ölkədə dayanıqlı sabitlik, vətəndaşların təhlükəsizliyinin
təmin olunması, sosial ədalət prinsipinin bərpası, demokratik dəyərlərə hörmət,
hüququn aliliyinin təmin olunması deməkdir.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud
Mirzəyev “Heydər Əliyevin müstəqil medianın formalaşmasında tarixi xidmətləri”
mövzusunda məruzə ilə çıxış edərək deyib: “Vaxtilə mənim də çalışdığım və ötən əsrin
70-ci illərində tikilərək istifadəyə verilən “Azərbaycan” nəşriyyatının binası
da Ulu Öndər Heydər Əliyevin hələ sovet dövründə ikən milli mətbuatımıza göstərdiyi
diqqət və qayğının təzahürüdür. Həmin vaxt belə bir modern binanın istifadəyə
verilməsi və çoxtirajlı qəzetlərin redaksiyalarının vahid bir yerdə fəaliyyət
göstərməsi olduqca önəmli bir hadisə idi”.
Sonra Ümummilli Lider Heydər Əliyevə həsr olunan
mahnılardan ibarət konsert proqramı təqdim edilib.
Konfransda Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun
Musaoğlu da iştirak edib.