Görkəmli rəssam Səttar Bəhlulzadənin həyat və yaradıcılığına həsr olunmuş “Səttarın Azərbaycanı” filmi Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində nümayiş olunub.
Mediaekspert.az AZƏRTAC-a istinadən xəbər verir ki, nümayişdə ölkəmizin tanınmış mədəniyyət xadimləri, görkəmli fırça ustaları və sənətsevərlər iştirak ediblər.
Nümayişdən əvvəl mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu iştirakçıları Xalq rəssamı Səttar Bəhlulzadə sənətinə film müəlliflərinin baxdıqları bucaqdan baxmağa dəvət edib. Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən bu filmin Abşeron rəngkarlıq məktəbinin tanıdılmasında, yeni dəyərlərin yaranması, təkrarlanması, mədəniyyət və rəngkarlıq nümunəsi kimi gündəmə gətirilməsində oynadığı rolundan danışıb.
Xalq rəssamı Hacı Eldar Mikayılzadə Azərbaycanı rənglərin sehrli ilə dünyaya tanıdan məşhur rəssam haqqında filmin çəkilməsini təqdir edib, öz istedadı və sənəti ilə ölkəmizə şöhrət gətirən sənətkarın əməyinə ekran həyatı verilməsini yüksək qiymətləndirib.
Ekran əsərinin ssenari müəllifləri Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu və Əməkdar artist Rafiq Həşimov filmin çəkilişində zəhməti olan yaradıcı və texniki heyətin üzvlərinə və filmi izləməyə gələnlərə təşəkkür ediblər.
Sonra “Səttarın Azərbaycanı” sənədli filmi nümayiş olunub.
Filmin təqdimat mərasimində Jurnalist Ekspert Mərkəzinin nümayəndəsi də iştirak edib.