Vəfalı
olmaq çox çətindir. Hələ o vəfalı adam istedadlıdırsa, dövlətinə sevgi dolu
yaşayırsa, yüzlərlə insana yol açmağı, o yolla necə və niyə getməyi öyrətməyi
bacarırsa, şəhidinin başı həmişə uca olsun deyə, ömrünü şam kimi əridirsə,
yazırsa, yaradırsa, oxuyub oxudursa, fəxri adların yüksəkliyində dayanmaqla
bütün xalqına fəxarət yaşadırsa,belə şəxsiyyət onun sevənlərin bir ömür boyu
ayaq üstə alqışına layiqdir.
Oturmurdular.
Oturmaq istəmirdilər. Otura bilmirdilər. Gurultulu alqış səsləri “Kapelhaus” Azərbaycan-Alman
Mədəniyyət Mərkəzini, vallah şişirtmirəm, lərzəyə gətirmişdi.
O fəfalı şəxsiyyət
yenə həmin dostlarını, həmin sevdiklərini hamının, bütün xalqın əvəzinə növbəti
əsrarəngiz konsertinə dəvət etmişdi. Necə də qəribədir: o vafalı şəxsiyyətin təşkil
etdiyi mərasimlərdə tamaşaçıların hər biri bir-birini tanıyır, salamlaşırlar,
qucaqalaşırlar, sərbəst və azad mühitə düşürlər. O vəfalı şəxsiyyətin konsertləri
elə dəvət etdiyi andan başlayır və bitmir.
Salondan
çıxırıq, bu dəfə təəssüratlarımızın salonuna düşürük. Yolda, evdə, səhər işdə
elə hey həmin mahnıları zümzümə edirik. Sənə mahnılar deyirəm, möhtəşəm bəstəkarların
əbədiyyət qazanmış bəstələri, dəyərli xalqın təfəkkürünün məhsulu olan mahnılar...
Həm də kimlər oxuyur, bilirsinizmi? Bəli, Nobel mükafatçısı Taqorun “hələ də uşaqlar
doğulursa, deməli, dünyanı xilas etmək olar” deyərək gözlərini tuşladığı
uşaqlar. Qana çalxalanan dünyanı küçələrinə su səpərək yalnız onlar təmizliyə
çıxara bilərlər, bir tikə çörək, bir qarış yurd yeri üçün yarlarına cəfa çəkdirmək
məcburiyyətinə düçar olanları bax bu uşaqlar geri qaytarmağı bacararlar,
dünyanın heç kimin olmayacağını, bu gün üçün yox, sabah üçün, əbədi əməl sahibi
olmaq naminə yaşamağın doğru olduğunu ancaq o sehrinə düşdüyümüz konsertin
mirvari uşaqları qandıra bilərlər bizlərə.
Azı min dəfə
əhsən dedik, “gözəl”, “heyrətamiz”, “möhtəşəm”
ifadələrisə rəqs edən mələklərə qoşulmuşdular.
“Azərbaycan
Dövlət Flarmoniyasının simfonik orkestri, bədii rəhbər - drijor Ağaverdi
Paşayev”. Bu elanı eşidəndə, elə sevindim ki, sağ gözümdə yaş gilələndi.
Diksindim, sağ gözümdə kiçicik problem var – kömpyuter xəstəliyidir, düşündüm
odur, yenə gəlib. O gilədən birinin də sol gözümdə yarandığını hiss edəndə anladım
ki, belə də olmaldır. Axı mən yenə o vəfalı şəxsiyyətin təşkil etdiyi konsertdəyəm.
Drijorları
və simfonik orkestrləri sevirəm. Konsert boyu maestro Ağaverdi bəyə o qədər
minnətdarlıq edirdim ki... Düşünürdüm, Ağaverdi Paşayev daxilinin bütün nöqtələri
notlardan ibarət olan adamdır. Xoşbəxt adamdır. Həm də ona görə ki, Niyaziyə
oxşayır, Üzeyir bəyə oxşayır. Bu adları zikr edəndə belə adamın nitqi tutulur.
İlahi belə möcüzəvi orkestrin ifasında, Ağaverdi Paşayev kimi maestronun rəhbərliyi
ilə konsertdə oxuyan mələklər ki, bu dərəcədə möhtəşəm bəstəkarların
mahnılarını ifa edirlər, necə tab gətirirdilər, necə dimdik ayaq üstə dura
bilirdilər. Biz yerimizdə çökmüşdük – o ifaların dibinə çökmüşdük. Bu dib necə
də dupduru idi, təsəvvürlərimizdə olan cənnətə oxşayırdı.
Bu
uşaqlara səhnə davranışını, ifa tərzini, o duruşu, o yerişi bu qədər mükəmməl
öyrədən şəxsiyyətin özü hansı ucalıqdadır, ilahi?
Bu sualları
konsert boyu özümə yağış kimi yağdırırdım. Denən, üşüyürdümmü? Əksinə, sərinlik
tapırdım, şablon tədbirlərdə məni tərk edən ürəyim köksünə qayıtmışdı. Elə şeşələnirdi
ki... Hələ replika da atırdı. Deyirdi, istəsəm dayanaram, heç xəbərin də olmaz,
düşdüyün bu ovqat səni mənsiz də yaşada bilər.
Elə də
oldu. Yalnız ruh oyaq idi, bizimləydi. Əminəm ki, o anlar hamını fəxarət hissi
bürümüşdü. Konsert Heydər Əliyevin 100 illiyinə həsr olunmuşdu. Fəxarətin
birinci ünvanı Ulu Öndər idi. Belə bir dahisi olan xalq niyə də xoşbəxt
yaşamasın?! Övladlarımız da mələklərmiş. Bəzən bu gerçəyi unuduruq, pis anlar
da oradan başlayır. Əgər valideynlər övladlarına daha əvəl və daha çox mədəniyyət
aşılasalar, dünya həqiqətən xilas olar. Dünən iki saatlıq xilas oldu da.
Xilaskarların
banisi kimdir bəs? Əlbəttə, o vəfalı şəxsiyyət. Onun rəhbərlik etdiyi “Sənət
Akademiyası”. Onun özü – bütövlükdə varlığı.
Sonda səhnəyə
çıxıb elə oxudu, elə şeir dedi ki, tamaşaçılar səhnəni mühasirəyə almaya bilmədilər.
O, elə səhnədə qaldı. Getmədi. Getməyəcək. Hələ çox yazacaq, yaradacaq,
yaşadacaq. Şeirində üzünü şəhidinin ruhuna tutub, onu niyə tək qoyub getdiyini
söylədi. Bu çağırışa dözmək olmurdu. Pıçıltı ilə dedim: Siz tək deyilsiniz, vəfalı
insan. Bütün xalq Sizin pərəstişkarınız, heyranınzdır. Siz xalqın sənətkarısınız.Ən
şərəflisi hansısa ailənin üzvü olmadan həmin evin ən sevimli insanına çevrilməkdir.
Rəhbərlik etdiyiniz “Sənət Akademiyası” yüzlərlə ailəyə nur səpib. Övladlarını
musiqi sənətinə, rəqsə yönəldən valideynlər cəmiyyətin ən əziz insanlarıdır.
Onlar mədəni cəmiyyətin formalaşmasında böyük rola sahibidirlər. Bu kimi mövqe
məhz Sizin varlığınıza görə seçilir. Valideynlər övladlarını Sizə tapşırırlar. Siz
təkcə Aybəniz Haşımova deyilsiniz. Siz hər birimiz və hamımızsınız! Siz xalqın
mədəniyyət və mənəviyyat təcəssümüsünüz! Vətəninə sevgisinə, insanına, sənətinə,
vəfalı olan xalqın sənətkarı!
Hələ də pıçıldayıram.
Sehrə bax, hamı da nə dediyimi aydın eşidir!
Ceyhun
Musaoğlu