Rəaşd Məcid Avropa Şurası Platformasının jurnalistikaya dair hesabatını spekulyasiya adlandırdı

"Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platformasının Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatının Azərbaycanla bağlı hissələri qərəzlidir". 

"Mediaekspert" xəbər verir ki, bu fikirləri Mətbuat Şurasının sədri Rəşad Məcid Palatformanın yaydığı bəyanata cavab olaraq Şuranın rəsmi saytına açıqlamasında bildirib. MŞ sədri vurğulayıb ki, belə yanaşmanın “köhnə qitə”nin, ümumən dünyanın ayrı-ayrı institutları üçün adi hala çevrilməsi təəssüf doğrurur. Bu kimi hallar, ümumən, söz və ifadə azadlığı prinsiplərinə xələl gətirir, həmçinin, ali dəyərlərlə spekulyasiya mahiyyəti daşımaqla, mənfi presedent yaradır:

"Birincisi, hiss olunur ki, Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platforması Azərbaycanla bağlı hesabat hazırlayarkən, bir çox məqamlara diqqət yetirməyib. Sənəd müəlliflərinin gördükləri işə səthi münasibət göstərdikləri birmənalıdır. Belə təəssürat yaranır ki, kimlərsə əvvəlcədən qarşılarına Azərbaycanı ləkələmək məqsədi qoyub və sonra həmin məqsədi reallaşdırmaq üçün hesabat hazırlayıb". 

İkincisi, Azərbaycan dövlətinin son illərdə apardığı media siyasəti mövcud məkanda həm saflaşmanı, həm də şəffaflaşmanı hədəf seçib. Bu hədəfə doğru atılan addımlar beynəlxalq təcrübədən qaynaqlanıb. Eyni zamanda, o da tam aydındır ki, medianın sağlamlaşması zərurəti Azərbaycan cəmiyyətinin sosial sifarişindən irəli gəlir. Yəni, islahatlar bu sifarişin icrasına adekvat yanaşmanın göstəricisidir. Sözügedən hesabatdan gəlinən qənaət isə budur ki, sanki reallaşdırılmış tədbirlərdə hansısa mürtəce xarakter və mahiyyət var. Bu cür kortəbii rəy təkcə Azərbaycanın deyil, ümumən dünyanın hazırda getdiyi media tənzimləməsi yolunu şübhələndirməkdir.

Üçüncüsü, kimsə Azərbaycan mediasında çətinliklərin olmadığını, hər şeyin qaydasında getdiyini iddia etmir. Problem də var, onların aradan qaldırılmasına yönələn iradə də. Ölkəmizdə aparılan media islahatlarının məğzində, bütövlükdə, Azərbaycanda söz və ifadə azadlığının, plüralist fikrin, bir növ, keşiyində dayanmaq əzmi də duyulur. Görünür, bu əzmimiz dünyada hansısa qüvvələri qane etmir. Bəlkə Azərbaycanın media mühitində anarxiya olmalı idi ki, bizdən razı qalsınlar? Görəsən, dünyanın harasında anarxik təmayüllər norma kimi qəbul olunur? Əlbəttə, suallarımız ritorikdir". 

Rəşad Məcid Azərbaycan Mətbuat Şurası Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatın Azərbaycanla bağlı hissələri ilə qətiyyən razılaşmadığını diqqətə çatdıraraq, bu sayaq sənədlərin obyektivliyi əks etdirmədiyini qeyd edib: 

"Yaxşı olar ki, özünü dünyada söz və ifadə azadlığının, plüralist fikrin qoruyucusu qismində göstərməyə çalışan təsisatlar üzərilərinə götürdükləri missiyanın əlahiddəliyinə adekvat davransınlar və nəzərə alsınlar ki, ali dəyərlərdən sui-istifadəni adiləşdirməklə, özlərinin mənəvi legitimliklərini şübhə altına alırlar. Belə şübhələrin formalaşdırdığı etimadsızlıq mühiti isə söz azadlığına etinasız yanaşanlara münbit zəmin yaradır, onlara xoşagəlməz əməllərini davam etdirmək üçün yeni fürsətlər qazandırır".