Azərbaycanın
APA Agentliyi ilə Çinin CCTV+ Videoxəbər Agentliyi arasında əməkdaşlıq haqqında
saziş imzalanıb.
Kulis.az
xəbər verir ki, tərəflər arasında imzalanmış “Xəbər Xidmətləri haqqında Saziş”
iki media qurumunun xəbər, video və digər multimedia məzmunlarının mübadiləsini,
media sahəsində qarşılıqlı əlaqələrin qurulmasını, peşəkar təcrübə mübadiləsini,
eləcə də gələcək əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsini
nəzərdə tutur.
CCTV+
Çinin beynəlxalq videoxəbər agentliklərindən biridir və qlobal media məkanında
geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Agentlik Çin və dünyanın müxtəlif
regionlarında baş verən hadisələrə dair videoxəbərlər, multimedia materialları
və digər informasiya məhsullarını beynəlxalq media qurumlarına təqdim edir.
CCTV+
eyni zamanda “Qlobal Cənub Media Tərəfdaşları” mexanizminin iştirakçısıdır. Bu
mexanizm müxtəlif ölkələrin media qurumları arasında informasiya və təcrübə
mübadiləsinin təşviq edilməsini, media əlaqələrinin inkişaf etdirilməsini və
“Qlobal Cənub” ölkələrinin inkişaf gündəliyinin beynəlxalq informasiya məkanında
daha geniş işıqlandırılmasını nəzərdə tutur.
İmzalanmış
saziş APA ilə CCTV+ arasında birbaşa media əlaqələrinin qurulması və sistemli
informasiya mübadiləsinin həyata keçirilməsi üçün əsas yaradır. Razılaşma çərçivəsində
tərəflər xəbər və multimedia məhsullarının qarşılıqlı mübadiləsini həyata keçirəcək,
media sahəsində əlaqələri inkişaf etdirəcək və əməkdaşlığın yeni istiqamətləri
üzrə birgə fəaliyyət göstərəcəklər.
Saziş
APA-nın beynəlxalq media əlaqələrinin və informasiya mübadiləsi imkanlarının
genişləndirilməsi baxımından da əhəmiyyət daşıyır. CCTV+ ilə əməkdaşlıq Azərbaycanla
bağlı xəbər və multimedia materiallarının beynəlxalq informasiya məkanında daha
geniş yayılması, eyni zamanda, Çin və digər regionlarla bağlı informasiya və
videomateriallara çıxış imkanlarının artırılması üçün yeni imkanlar yaradacaq.
APA
ilə CCTV+ arasında sazişin imzalanması Azərbaycan və Çin media qurumları
arasında birbaşa əlaqələrin inkişafına, informasiya və peşəkar təcrübə mübadiləsinin
gücləndirilməsinə, həmçinin iki ölkə arasında media sahəsində əməkdaşlığın
genişləndirilməsinə töhfə verəcək.
2004-cü ildə yaradılan APA İnformasiya Agentliyi APA Media Group-un tərkibində fəaliyyət göstərən aparıcı informasiya agentliyi və qrupun əsas xəbər, məlumat və analitika istehsalı mərkəzidir.
İyirmi
ildən artıq fəaliyyəti ərzində APA Azərbaycan media sənayesinin inkişafına
mühüm töhfələr verib, peşəkar jurnalistika, rəqəmsal media və operativ
informasiya istehsalı sahəsində yeni standartlar formalaşdırıb. Bu gün agentlik
yalnız gündəlik xəbər istehsal edən media qurumu deyil, eyni zamanda zəngin
kontent arxivi, analitik potensialı və çoxdilli informasiya resursları ilə
regionun ən etibarlı media platformalarından biridir.
APA
Azərbaycan, Cənubi Qafqaz və yaxın region üzrə real vaxt rejimində xəbərlər,
foto, video, analitik materiallar və multimedia kontenti hazırlayır. Agentliyin
istehsal etdiyi məlumatlar media qurumları, dövlət təşkilatları, beynəlxalq
institutlar, diplomatik nümayəndəliklər, universitetlər, tədqiqat mərkəzləri və
özəl sektor tərəfindən etibarlı informasiya mənbəyi kimi istifadə olunur.
Çində
yerləşən CCTV+ 2010-cu ilin dekabrında fəaliyyətə başlayan beynəlxalq videoxəbər
agentliyidir. Agentlik dünyanın müxtəlif media qurumlarına videoxəbərlər, canlı
görüntülər və multimedia materialları təqdim edir. Çin və digər regionlarda baş
verən hadisələri işıqlandıran CCTV+ geniş qlobal məzmun yayımı və əməkdaşlıq şəbəkəsinə
malikdir. Agentlik, həmçinin “Qlobal Cənub Media Tərəfdaşları” mexanizmi də
daxil olmaqla, müxtəlif tərəfdaşlıq təşəbbüsləri vasitəsilə beynəlxalq media
qurumları arasında peşəkar əlaqələrin və informasiya mübadiləsinin inkişafına dəstək
verir.



