“Azərbaycanın tərəfində olan ölkələrin və beynəlxlaq QHT-lərin sayı daha da artacaq"

Məlum olduğu kimi, bir qrup xarici QHT, vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən “Jotform” beynəlxalq platformasında başladılan “Dünya Qafqazda sülh üçün” (“World for Peace in Caucasus”) adlı beynəlxalq kampaniya davam edir. Müraciətdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə məsləhət edilir ki, Ermənistanın və qondarma rejimin qalıqlarının təxribatlarına, onların siyasi manipulyasiyalarına uymasınlar, Ağdam-Xankəndi yolu sülh üçün açılsın.

Dünyanın müxtəlif ölkələrindən müraciəti imzalayan vətəndaş cəmiyyəti təmsilçilərinin sayı 1000 nəfərə yaxınlaşıb. Onlar 42 ölkəni təmsil edirlər. Bir neçə gün əvvəl bu ölkələrin sayı 27 idi.

Bu platformanı dəstəkləyən ölkələrin sayının 27-dən 42-ə çatması, eyni zamanda, vətəndaş cəmiyyətlərinin də sayının artması nə ilə bağlıdır?

Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, haqq heç vaxt məğlub olmur. Əbədi olaraq haqq və ədalətə qalib gəlmək mümkün deyil:

“Müvəqqəti olaraq hegomunluq, işğalçılıq, ədalətin pozulması olub.  Ancaq bu davamlı olmur. Ermənistan 30 illik işğalçılıq siyasəti apardı. Biz bu illər ərzində müharibə, döyüş olmağını istəmədik, diplomatik yolla həll etməyə çalışdıq. Bu istiqamətdə müxtəlif vaxtlarda danışıqlar aparıldı. Ancaq nəticə olmadı. Son olaraq 44 günlük Vətən müharibəsində Azərbaycan qalib gəldi.  Bu isə o deməkdir ki, Azərbaycan haqqlı mübarizə aparırdı. Ona görə də “Dünya Qafqazda sülh üçün” (“World for Peace in Caucasus”) adlı beynəlxalq kampaniyaya qoşulan xarici vətəndaş cəmiyyətlərinin sayı günü-gündən artır. Həmin QHT-lər anlayır ki, Ermənistan mahiyyət etibarı ilə işğalçılıq edib. Biz Qarabağdakı  terrorçularə təmizləmək istəyirik. Nəzərə almaq lazımdır ki, həmin terrorçular Ermənistanın özünə də təhdiddir. Hansı ölkə öz ərazisində qondarma qurulmasına razı olar? Tarixdə belə bir hadisə olmayıb. Bu kimi faktları xarici QHT-lər görür, ona görə də ədalətin yanında olmağa üstünlük verir”.

C.Musaoğlu bildirdi ki, vətəndaş cəmiyyətləri hakimiyyətdən asılı deyil, onlar azad, müstəqil, gördüyünü deyir və ictimailləşdirir. Vətəndaş cəmiyyəti institutu cəmiyyətin ağırlığını üzə çıxarmaq deməkdir.  Bu gün Qarabağda yaşayan erməni əsilli azərbaycan vətəndaşları da erməni terroruna görə əziyyət çəkir:

“Bizdə onları, regionu əziyyətdən, zülmdən qurtarmaq istəyirik. Azərbaycan Cənubi Qafqazda sülh yaratmaq istəyir. Prezident İlham Əliyev dəfələrlə beynəlxalq tədbirlərdə Ermənistanın haqsız olduğunu faktlarla sübut edib. Hesab edirəm ki, Azərbaycanın tərəfində olan dünya ölkələrinin və QHT-lərin sayı daha da artacaq”.

Günel CƏLİLOVA