Jurnalistika təhsili nə qədər vacibdirsə, istedad, sevgi, bacarıq, məsuliyyət daha çox vacibdir - JEM sədri

Mediaekspert.az sorğuda iştirak edən Jurnalist Ekspert Mərkəzinin sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Ceyhun Musaoğlunun fikirlərini təqdim edir:  

Jurnalistika yaradıcı sahələr sinfinə daxildir. Yaradıcı sahələrə rəssamlıq, heykəltəraşlıq, yazıçılıq, rejissorluq, ssenari müəllifliyi də aiddir. Rəssamlıq və heykəltəraşlıq bir-biri ilə qohum sənətlər sayılır, o cümlədən ədəbiyyatla publisistika, publisistika ilə jurnalistika.

Jurnalistikanı daha yaxşı dərk etmək və daha yaxşı jurnalist olmaq üçün təbii ki, bütün sənətlərdə olduğu kimi ali təhsilə, bu sahə üzrə universitet təhsilinə böyük ehtiyac var. Amma təcrübə göstərir ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da yaradıcı sənətlərin mahir ustası olmaq üçün təhsil nə qədər vacibdirsə, istedad, sevgi, bacarıq, məsuliyyət daha çox vacibdir. Bakı Dövlət Universitetinin və digər universitetlərin Jurnalistika fakültələrini bitirərək jurnalist olmaq böyük xoşbəxtlikdir. Amma bitirməyərək də jurnalist olmaq mümkündür. Belə faktları minlərlə sadalamaq olar. Jurnalistika təhsili almaq əladır, vacib deyil. Bəzən düşünürəm ki, kaş BDU-nun Jurnalistika fakültəsini bitirərdim. Mənə elə gəlir ki, o zaman beş qat jurnalist olardım. Azərbaycanda jurnalistikanın akademik təhsilini almayan yüzlərlə imza sahibi var ki, nə qədər pafoslu da çıxsa, demsəm olmur: jurnalistikanın ağırlığı onların da çiyinlərinə düşüb və aparıcı jurnalistlər kimi hörmət, diqqət sahibləridirlər. Bu gün həmin adamlar jurnalistlərə təcrübi tərəfdən dərs deyirlər, peşə davranış qaydalarını, necə yazmaq lazım olduğunu öyrədirlər.

Yaradıcı sahələrdə təhsildən öncə təcrübə daha vacibdir. Adətən sovet dövründən çıxan ölkələrdə akademik təhsildə nəzəriyyəyə üstünlük verilir, təcrübə küsmüş uşaqlara bənzər taleh yaşayır – kənarda qalır. Məsələn, 5 illik təcrübə müddətində uzağı 2-3 dəfə təcrübəyə cəlb olunursan, onda da təcrübəyə getdiyin redaksiyalarda ən yaxşı halda səninlə məşğul olmağa vaxt tapılmır, redaksiya əməkdaşlarının öz işləri başlarından aşır, belə olan təqdirdə öyrətməyə həqiqətən vaxt qalmır. İçində həvəsi, qəlbində sənətə sevgisi, fitrətində istedadı olan şəxs, gənc onu fərdi qaydada öyrətməsələr də, elə qocaman jurnalistlərin cümlələrindən öyrənə bilir.

Bunların hamısını yaşamışam, yaşayıram və yaşatmışam, yaşadıram. Yaxşı jurnalist olmaq üçün peşə təhsilinin olması böyük üstünlükdür, amma akademik peşə təhsilinin olmaması faciə deyil. Bu həmin jurnalistin əl-ayağını bağlamır. Həmin jurnalistin əgər bacarığı, məsuliyyəti, peşəyə sevgisi olsa, ondan çox gözəl jurnalist də, yazıçı da çıxar.

Atalarımız necə deyib: Çobanın könlü olsa, təkədən pendir tutar.Təkə keçinin erkəyidir. Erkək süd vermir axı, bəs pendir necə istehsal olunacaq. Diqqətlə dinəyək: “çobanın könlü olsa…” Birincisi, çoban pendir hazırlayan mütəxəssis deyil, əgər hazırlayırsa, deməli onu öyrədən illərin təcrübəsidir. İkincisi, “könlü olsa”… Könül elə məhvumdur ki, o kimdə varsa, dağı dağ üstə qoyar, məsələn Fərhad. Sevgisinin gücü ilə dağları torpağa döndərirdi”.

Rəşid Qarayev (SİA.az)