Belə olan təqdirdə jurnalistlər seçki barədə obyektiv və operativ yazacaqlar – Ceyhun Musaoğlu

“Azərbaycanda bütün növ seçkilərin keçirilməsi üçün hüquqi normativ aktlar mövcuddur və obyektiv səbəblərdən zərurət yarandıqda qanunvericiliyə -  Seçki Məcəlləsinə zaman-zaman əlavə və dəyişikliklər edilir. Seçkilərin  açıq, şəffaf keçiriləməsini təmin etmək, namizədlərə bərabər şərait yaratmaq, seçicilərin səsvermə hüququndan sərbəst şəkildə yararlanmasına nail olmaq, nəticələri obyektiv təqdim etmək Mərkəzi Seçki Komissiyasının əsas funksiyasıdır. Seçki prosesinin hər detalı məhz Seçki Məcəlləsi ilə tənzimlənir.”

Mediaekspert.az xəbər verir ki, bu fikirləri SİA.az saytına açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Ceyhun Musaoğlu bildirib.

JEM sədri sualımıza cavab olaraq vurğulayıb ki, 17 şəxsin prezident seçkisində namizədliyini irəli sürməsinə baxmayaraq, cəmi 7 nəfərin qeydiyyata alınması qanunuverciliyin tələblərinə ciddi əməl edilməsini göstərən amillərdəndir:

“Təbii ki, 10 nəfərin MSK-ya təqdim etdiyi sənədlərdə Seçki Məcəlləsinin maddələrinə zidd çatşımazlqlar aşkara çıxıb ki, onlar qeydiyyata alınmayıblar.  Yanvarın 15-dən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılıb. Fevralın 6-sı saat 8:00-da təşviqatın aparılması dayandırılacaq. Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır”.

MSK jurnalistlərin seçki prosesini obyektiv və operativ işıqlandırmalarına daha geniş şərait yaradılması mqəsədi ilə “Seçki-2024” Müstəqil Media Mərkəzi yaradıb. Bu barədə danışan C.Musaoğlu MSK sədri Məzahir Pənahov və Katibliyin təmsilçilərinin də iştirakı ilə Mərkəzə baxış keçirildiyini xatırladıb:

“Yayılan rəsmi məlumatda bildirilir ki,MSK sədri yaradılmış şəraitlə yaxından tanış olub, yerli və beynəlxalq media nümayəndələrinin prezident seçkiləri ilə bağlı sərbəst və asan məlumat əldə etmələrinin, seçki prosesinin digər iştirakçılarına da daha effektiv və keyfiyyətli xidmət göstərilməsinin zəruriliyini vurğulayıb. Jurnalistlər həmişə olduğu kimi, bu dəfə də seçki prosesini işıqlandırarkən Seçki Məcəlləsi, “Media haqqında” Qanun”, Jurnalistlərin Etik Davranış qaydalarına istinad edəcəklər. Belə olan təqdirdə seçki dövründə və xüsusən səsvermə günü – fevralın 7-si və nəticələrin elan olunması ərəfəsndə hazıralanacaq informasiyalar, reportajlar, təhlillər obyektiv olmaya bilməz”.