Gəncədə dövlətin çağırışlarına etinasızlıq müşahidə olunur - Nicat Dağlar

Bir neçə gün əvvəl Gəncədə şəhid adını daşıyan  küçədəki bərbad vəziyyətdən bəhs etmişdik. Bu dəfə dövlət televiziyası Gəncədəki digər ciddi problemə toxunub.Videodan da  göründüyü kimi, Gəncədəki məktəb geridə qalmış Afrika ölkələrindəki məktəblərə bənzəyir".

Bu sözləri Jurnalist Ekspert Mərkəzinin sədr müavini Nicat Dağlar Gəncə şəhərində 24 saylı orta məktəbdə qeydə alınmış bərbad vəziyyət barədə AzTV-nin hazırladığı süjet barədə fikirlərini açıqlayaekən deyib.

N.Dağlar qeyd edib ki, Azərbaycanın heç bir yerində, ucqar dağ kəndlərində belə bu cür təhsil müəssisəsinə rast gəlinmir: 



"Ümumiyyətlə, Gəncədə mövcud olan problemlər bənzərsizdir. Şəhərin yolları da bərbad vəziyyətdədir. Bu şəhərdə avtomobil idarə etmək müşgül məsələdir. Sürücülər iki gündən bir çilingərə üz tuturlar. Hər dəfə Gəncəyə gedəndə şəhərin yollarını görüb ürək ağrısı keçirirəm. Şəhər rəhbərliyindən soruşsan, deyəcəklər ki, bizlik deyil, başqa qurum məsuliyyət daşıyır. Amma fakt odur ki, şəhər İcra Hakimiyyəti, hər dəfə  kanalizasiya, su kəmərlərini dəyişmək adı altında küçələri qazıb tökür, sonra isə üstünü torpaqlamaqla kifayətlənir. Bir- iki vedrə asfaltla yamaq işləri aparmaq üçün də "Azəravtoyol"u gözləmək lazımdır?"
JEM təmsilçisinin sözlərinə görə, Gəncənin yolları kənd yolları ilə belə müqayisə oluna bilməz. Belə görünür ki, şəhərin kommunal təsərrüfat sahəsi tamamilə sıradan çıxıb. Ya da bu idarələrdə Gəncəyə qənim kəsilmiş adamlar cəmləşib. Açığını deyim, xaricdən qonaqlarımız gələndə Gəncəyə aparmağa utanıram. İstəmirəm şəhərin yollarını görüb, qazılmış yerlərə ikicə bel asfalt, sement töküb dağılanı düzəltmək həvəsində olmayan məmurların varlığından xəbər tutsunlar. Ağlamalı vəziyyətdə olan məktəbə əl gəzdirmək üçün bu dövləti, xalqı sevmək lazımdır. Bizlik deyil, başqa qurumlar məsuliyyət daşıyır demək təkcə baganəlik deyil, dövlətə, dövlətin çağırışlarına etinasızlıqdır. Hər halda məktəbdə miqyaslı təmir işlərinə qədər yüngül kosmetik işlər də aparmaq  olar. Bunun üçün Dövlət Qarabağı dirçəldir, viran qoyulmuş yurd,-yuvalarımızda nəhəng infrastruktur layihələri həyata keçirir kimi həqiqəti dərk edib, məktəb təmiri probleminə görə əlaqədar qurumun gəlişini gözləməkdənsə,  heç olmasa, akt, ya idman zalını, ya da sinif otaqlarını yüngül təmir etmək olar.Ölkənin ikinci şəhərinin mərkəzi küçələrini abıra salmaq üçün  əlaqədar qurum gözləmək yox, Azərbaycanı sevmək QADASINI ALDIĞIM şəhərə bağlı olmaq lazımdır".

Mediaekspert.az