MSK-nın hazırladığı maarifləndirici vəsaitlər jurnalistlər üçün də əhəmiyyət daşıyır

“Fevralın 7-də baş tutacaq prezident seçkiləri zamanı jurnalistlər öz peşə fəaliyyətlərini Seçki Məcəlləsi, “Media haqqında” Qanun, Jurnalistlərin Etik Davranış Qaydalarına əsasən tənzimləməlidir. Bu, həm seçki qanunvericiliyinin tələblərinin, həm də MSK tərəfindən elan edilmiş qaydaların yerinə yetirilməsi üçün əsas şərtdir”.

Bu fikirləri secki-2024.az saytına açıqlamasında Jurnalist Ekspert Mərkəzinin (JEM) sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Ceyhun Musaoğlu bildirib.

Seçkilər ərəfəsində həm Mərkəzi Seçki Komissiyasının, həm də vətəndaş cəmiyyəti sektorunu təmsil edən ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının jurnalistlər üçün yaddaş kitabçaları hazırladıqlarını xatırladan JEM sədri xüsusən MSK-nın nəşr etdirdiyi bu kimi maarifləndirici vəsaitlərin böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb:

“MSK 7 fevral prezident seçkisi ilə əlaqəli “Müşahidəçilərin yaddaş kitabçası”nı artıq nəşr etdirib. Kitabça bütün seçki dairələrinə və məntəqələrinə paylanır. Bu kitabçadan jurnalistlər də tam yararlana bilərlər. Müşahidəçi funksiyası vahid kriteriyalar əsasında formalaşıb. Sadəcə jurnalistlərin digər müşahidəçi qismində iştirak edəcək şəxslərdən fərqi ondan ibarətdir ki, media təmsilçiləri prosesi işıqlandırmaq məqsədi ilə izləyirlər. Müşahidəçinin hüquq və vəzifələri barədəsə MSK-nın hazırladığı yaddaş kitabçasından ətraflı öyrənmək mümkündür”.

C.Musaoğlu onu da vurğulayıb ki, seçki prosesində jurnalistlərlə seçkinin keçirilməsinə müvafiq cavabdeh şəxslər, xüsusən dairə və məntəqə üzvləri arasında davranışlar qanunvericilik əsasında qurulmalıdır:

“Məntəqə sədrləri seçkinin gedişatını aydın şəkildə izləmələri üçün jurnalistlərə qanunlar, qaydalar, tələblər çərçivəsində geniş, şəffaf şərait yaratmalıdır. Təbii ki, jurnalistlər də bu şəraitdən su-istifadə hallarına yol verməməlidir. Bir sözlə, qanunvericiliyə və jurnalistlərin peşə davranış qaydalarında əksini tapan bütün şərtlərə əməl olunmalıdır”.

JEM sədri təmsil olunduğu Mətbuat Şurasının da prosesə töhfə verəcəyini söyləyərək bildirib ki, səsvermə günü MŞ-nın inzibati binasında “Qaynar xətt” fəaliyyət göstərəcək, İdarə Heyətinin üzvləri dairə və məntəqələrdə monitorinqlər aparacaq, jurnalistlərin müşahidəçiliyi ilə bağlı har hansı problem yaranacağı təqdirdə onun aradan qaldırılmasına səy göstərəcək, Şura sonda hesabat xarakterli açıqlama hazırlayıb yayacaq.