Təhsildəki topdağıtmaz şəbəkəni necə dağıdaq – JEM yetkilisindən təkliflər

Elm və təhsil naziri Emin Əmrullayevin fevralın 29-da elmin və təhsilin inkişafına dair bir sıra açıqlamalar verib. 

Jurnalist Ekspert Mərkəzi İdarə Heyətinin üzvü, "Yeni Müsavat" qəzetinin redaktoru, tanınmış jurnalist Elşad Məmmədli nazirin fikirlərinə istinadən daha təkmil və ekspertlərin fikrincə, xeyli dərəcədə effektli təkliflər irəli sürüb. 



Mediaekspert.az JEM yetkilisinin həmin təkliflərini təqdim edir: 

- Müəllimlərin maaşı normal yaşayışını təmin edəcək qədər artırılmalı və bundan sonra repetitorluq edib daha çox pul qazanmaq istəyənə orta məktəbdə dərs demək yasaqlanmalıdır, onlar fərdi hazırlıqla, kurs müəllimliyini seçməlidir;
- Məktəblərdə təhsilin keyfiyyətinin yüksək olması üçün davamlı monitorinqlər aparılmalı və buna nəzarət etmək üçün hər məktəbdə formal yox, vicdanlı adamlardan ibarət İctimai Şura yaradılmalıdır;
- Azərbaycanda ali məktəbə qəbul qaydaları sadələşdirilməlidir. Necə ki, dünyanın sivil ölkələrində orta təhsildən ali təhsilə keçid sadəcə bir mərhələdir, əsas tələb ali məktəbdəki tədrisi yüksək səviyyədə qavramaq şərtinin olması, əks təqdirdə ali təhsildən uzaqlaşdırılması mexanizminin tətbiqidir. Bu gün ölkəmizdə hətta təhsil səviyyəsi 4,5 bal olan şagirdlər ali məktəbə çətinliklə daxil olur, obrazlı desək, buna kosmosa uçmaq kimi yanaşırlar. Heç kim repetitor yanına kefindən getmir. İndiki şərtlər daxilində hətta məktəblər normal, arzuolunan tədris aparsa belə, ali məktəbə qəbul üçün repetiror mütləqdir. Çünki DİM imtahanları o qədər qəliz, mürəkkəbdir ki, şagird azı 2 il gecə-gündüz 5-6 fəndən fərdi hazırlığa getməsə, məktəb vəsaitlərindən əlavə xeyli materialları mənimsəməsə, universitetə girmək əlçatmaz arzu olaraq qalacaq...
- Texniki peşə məktəblərinə, peşə təhsilinə xüsusi önəm verilməlidir, nəzəriyyəyə yox, məhz təcübəyə üstünlük verilməlidir;
- Orta məktəblərdə direktor seçimi qaydalarına xüsusi diqqət yetirilməlidir, insani hissləri, vətənpərvərliyi yüksək olan adamlar məktəb rəhbəriyində olmalıdır. Çünki məktəbi onlar yönləndirir. Təcrübə sübut edib ki, bir sanballı, gerçək ziyalı direktor məktəb üçün nümunəyə çevrilir. Paralel olaraq orta məktəblərdə kişi müəllimlərin sayı həvəsləndirici metodlar tətbiqi ilə artırılmaldır.