"Vətəndaş cəmiyyəti institutu sektorunda təəssüf doğuran elə hadisələr baş verir ki, adam Şuşaya səfər edib bir daha dəqiqləşdirmək istəyir: doğrudanmı biz Qarabağı işğaldan azad etmişik?".
Bu fikirləri
Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu açıqlamasında
bildirib.
JEM sədri
vurğulayıb ki, dünyanın məntiqinin sındığı bir dövrdə Cənubi Qafqazda misli
görünməyən möhtəşəm qələbə əldə etmiş Azərbaycanın ziyalı mühitində yaşanan
abu-hava adekvat deyil:
"Konkretləşdirərək
deyim ki, yurdlarımızın işğaldan azad olunmasında müstəsna əməyə sahib
Qeyri-Hökumət Təşkilatları sferasında olduqca aşağı səviyyəli hadisələr
yaşanır. İslahat təmizlik deməkdir. Sürətlə dəyişən planetdə hər sahə üzrə
islahatlar da bu sürətə və enerjiyə təbii ki, cavab verməldir. Həqiqətən də QHT
sektorunda uzun illərdir acınacaqlı vəziyyət hökm sürürdü. Qanunvericilikdən
tutmuş, donorluq institutunun imkanlarına, milli donorla vətəndaş cəmiyyəti təmsillçiləri
arasında olan münasibətlərin peşəkar, hüquqi, mənəvi müstəvisində, icra olunan
layihələrin keyfiyyətində, müsabiqələrin keçirilməsi qaydalarındakı obyektiv və
subyektiv məqamlarda xeyli çatışmazlıqlar inkişafın qarşısında böyük əngələ
çevrilmişdi. O əngəl bu və ya digər dərəcədə hələ də qalmaqdadır. Belədə biz nəyin
davasını edirik? Əlbəttə “biz” deyəndə hazırda islahatların qarşısına etirazla
çıxan həmkarlarımı nəzərdə tuturam. Bizə nə lazımdır? Cəngəllik, yoxsa açıqlıq?
Bulanıq, yoxsa təmiz su? Gül iyi verən yenilik, yoxsa kif iyi verən köhnəlik,
nimdaşlıq? BƏRBADLIQ?"
İnsanın
özünü hamıdan yaxşı tanıdığı gerçəyinə diqqət çəkən Ceyhun Musaoğlu hesab edir
ki, QHT nümayəndələrinin hər birinin güzgünün qarşısına keçib, “mən nəyə qadirəm”
sualını özünə ünvanlaması ən dəqiq və dolğun cavabın anındaca yaranmasına səbəb
olacaq:
"Bu
sektorun təmsilçilərinin qalib dövlətin adına layiq bir ziyalı kimi davranması
məhz mahiyyətimizin təməlidir. Ziyalı sevgiyə köklənən, bütün davranışları ilə
sevgiyə söykənən şəxsdir. Ziyalı Vətən daşına belə aşğılayıcı nəzərlə
baxmamalıdır. Ziyalının haqsızlıqla qarşılaşması da mümkündür, əks hallarda belə
olur. Ancaq adekvat reaksiya daha çox nur səpələmək olmalıdır ki, ətraf daha yaxşı
işıqlansın və həqiqətən də haqqın pozulduğu görünsün. Yoxsa, həqarət, böhtan,
dava, xəfiyyə xisləti, başqalarını özündən aşağı bilmək ziyasızlığın göstəricisidir”.
JEM sədri
onu da vurğulayıb ki, gözucu monitorinqlər aparmaq kifayətdir ki, həqiqətən
yüzlərlə QHT layihələrinin cəmiyyətə nöqtə boyda da xeyri olmadığını, əksinə,
büdcəyə böyük ziyan vurduğunu görək:
"Verdiyi sifarişin əks nəticə verməsinə, yaxud nəticə verməməsinə hansı sifarişçi razı olar? Övladımız belə, istəyimizə uyğun davranmayanda ondan inciyirik. QHT Agentliyi layihələrə xərclədiyi vəsaitin əməldə cücərmədiyini, çürüdüyünü görüb susmalıdır? Əsla yox. Yeni mühit, təzə qayda, yenilənmiş qanun formalaşmalıdır. İslahatların arxasından daş atmazlar, islahatların önündə gedərlər. Azərbaycan Şuşa zirvəsinə, Xankəndi ucalığına yüksələn dövlətdir. O zirvədə, o ucalıqda əbədi qalmağımızı təmin etməksə daha çox vətəndaş cəmiyyəti institutunun vəzifəsidir. Mübarək vəzifəmizi merkantil maraqlara qurban etməyək, canını bu torpağa qurban verənlərdən ayıbdır".
Mediaekspert.az