Bəzən elə pis hadisələr olur ki, onu törədəndən daha
çox cəmiyyət utanc hissi keçirir. Adımıza, şöhrətimizə, qürurumuza ləkə olan
hadisələrin mənəvi ağırlığından qurtulmaq çətindir.
Xüsusən də Qarabağdakı qələbəmizdən sonra gərək elə
ölçülü-biçili yaşayaq ki, bu qələbəyə layiq olaq. Çox təəssüf, layiqsizlik
girdabına düşənlər də tapılır. Qələbədə xüsusi payı olan Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yaşanan utancverici olaylar qalib xalqın
adına yaraşmır. Belə işlər məğlubların başına gəlməliydi, necəki gəlir, necəki
hərbi xidmətə getməkdən boyun qaçırırlar, döyüş meydanında fərarilik edirlər.
Azərbaycanlı həm sovet, həm də müstəqillik dövründə hərbi
xidmətini alnı açıq, üzü ağ yerinə yetirib. Müstəqil ölkəmizdəsə əsgərlik
kişilik, mərdlik məktəbidir. Birinci, ikinci Qarabağ savaşları və həmin dövrün
30 ili, o cümlədən 44 günlük Vətən müharibəsi bir daha təsdiqlədi ki, Azərbaycanın
cəngavər oğulları əsgərlik xidmətini nəinki kişilik borcu, vətəndaş öhdəliyi, vətəni
qoruma xoşbəxtliyi hesab edirlər. Belə xalqın kişi nümayəndəsini əsgərliyə getməkdən
fırıldaq yolu saxlatdırmağa şərait yaratmaq bu işi görənlərin xarakter faciəsidir.
Məşhur fikir var: insan nə yaxşı yaşayır, nə pis, insan
xarakterinə uyğun yaşayır. Laçın, Cəlilabad və Xaçmaz rayon şöbələrində Baş
prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin apardığı əməliyyatlar
zamanı saxlanılanlar rüşvətxor xarakterlərinin qulu olan adamlardır. Əlbəttə belə adam nə rütbəsinə, nə vəzifəsinə,
nə də qalib xalqına hörmət edər.
Neçə-necə cəngavər oğulumuz cəbhədə vuruşarkən, şəhidlik
zirvəsinə ucalarkən, qazi adına layiq görülərkən bu xaraktersiz vayenkomlar”
neçə-neçə qəhrəman olacaq kişilərimizi “qorxaq” adı altında gizlənməyə vadar
ediblər. Bəli, günah əsgərliyə getməkdən yayınan şəxsdə deyil, günah bu şəraiti
ona yaradandadır.
Sən axı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətisən. Sən axı “Vətən səni gözləyir” məzmunlu çağırış lövhələrinin müəllifisən.
Deməli, yalan danışmısan, deməli oyun qurmusan. Vətən çağırır deyərək dəvət
etmisən, sonradan da o adamların qulaqlarına pıçıldamısan ki, Vətən yox, sən
çağırırmışsan. Vətənin adından yalan danışmaq qədər naqisliyə imza atmaq vətəni
uğrunda canlarından keçənlərin ruhlarına ən böyük hörmətsizlikdir və bu Vətən qəhrəman
övladlarına edilən hörmətsizliyi bağışlamaz, bağışlamır.
Pula hərislik şeytanlıqdır. Pulu hər şeydən uca tutan
heç kim xoşbəxtliyə çata bilməyib, şeytan onu xoşbəxtliyin imitasiyası ilə
mükafatlandırıb arxasınca apara bildiyi üçün.
Vətənisə mələkələr qoruyur. Azərbaycanlı oğul
qonşusunun, dostunun, ellisinin cəbhəyə yollandığını görüb onun arxasınca
gedir, “mən arxa cəbhədə qala bilmərəm” deyib döyüşə atılır. Onlar ona görə vuruşurlar ki, daha müharibə
olmasın, yerdə qalan həmvətənləri rahat yaşasınlar. Sizsə belə mələk insanlara
hörmətsizlik edirsiniz, cəmiyyəti əsgərlikdə olanlar və olmayanlar cəbhəsinə
bölürsünüz. Bütün təhqirlərdən an ağır ifadə “ağlın olardı, cəbhəyə getməzdin”
ifadəsidir. Bu ifadəni dillərə siz salmısınız, “vayenkomlar”. Sizə hərbi
komissar təqdimatı heç yaraşmır. Adınız da, mahiyyətiniz də, vəzifəniz də elə
“vayenkomdur”. Va-yen-kom!
Ceyhun
Musaoğlu