Aİ-nin müşahidə missiyası erməni xalqını uçuruma aparır Fransa da uçurumu dərinləşdirir

Fransa Xarici İşlər Nazirliyi erməni qanunsuz silahlı birləşmələrinin təxribatları nəticəsində aprelin 11-i Qarabağda yaşanan qanlı savaşla bağlı fakta, məntiqə, beynəlxalq qanunlara sığmayan bəyanat yayıb.   

Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdikləri ərazilərində gizlənərək terrorçu fəaliyyəti göstərən erməni quldurları  Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutun şimalından keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarından qeyri-qanuni silahlı dəstələrin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün mütəmadi istifadə edir, həmin yerlərə silah, hərbi texnika, canlı qüvvə daşınır. Ermənilər həmin yollarda qanunsuz tikinti və təkmilləşdirmə işlərini də intensivləşdirmişdilər. Bu, azmış kimi, aprelin 11-də Ermənistan silahlı qüvvələri Qərbi Azərbaycanın Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini minaatan və iriçaplı silahlarla atəşə tutdular. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alındı, atəş mövqeləri susduruldu. 

Erməni quldurların xeyli itki verərək (sayı həmişə azaldırlar, öz ictimaiyyətlərindən də gizlədirlər) qaçıblar və Azərbaycan Ordusu əzəli, əbədi mövqelərində nəzarəti tam ələ keçirib. Savaşda ordumuzun 3 giziri şəhid olub.  

Fransa XİN ermənilərin vəhşiliyinə don geyindirmək məqsədilə guya manevr edib. Bizlərdə buna biclik deyirlər. Elmi baxımdan biclik gicliyin antonimdir. Fransanın simasında isə məhz sinonimdir. Rəsmi Parisin bicliyi o qədər bəsit və ikrah doğurandır ki, leksik mənaca bir-birinin əksinə olan sözlər də onlarda eyni mənalı alınır.

Tərsinədirlər. Qərəzlidirlər. Həyasızdırlar…


Fransa XIN-in rəsmi saytına yerləşdirilən bəyanatın fransız dili variantında bildirilir ki, Paris aprelin 11-də Ermənistan və Azərbaycan sərhədində, Ermənistan ərazisinin Teq yaşayış məntəqəsi yaxınlığında baş vermiş, hər iki tərəfdən 7 nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən zorakılıqdan dərin narahatlıq keçirir.

Bu hissin adı narahatlıq yox, riyakarlıq olar. Həmin söhbətdir – antonim, sinonim məsələsi. Fransızsayağı yanaşmada narahatlıqla riyakarlıq sinonim sözlərdir.

Bəyanatda “Ermənistanın ərazi bütövlüyünə hörmət və Azərbaycan qüvvələrinin qoşunların təmas xəttinin Ermənistan tərəfindəki işğal olunmuş mövqelərindən çıxarılması gələcək insidentlərin qarşısının alınması və regionda davamlı sülhün əsaslarının qorunması üçün vacibdir” ifadəsi var. “Narahat” Fransa Cənubi Qafqazı, Azərbaycanı, erməni xalqının özünü bir əsrdən çoxdur narahtlıq işərisində saxlayan, 30 il rəsmən işğalçılıq edən, bu gün də eyni xislətindən əl çəkməyən Ermənistanın ərazi bütövlüyündən danışır. Tarixən ərazisi olmayan, qonşularının torpaqlarına göz dikən, bu gün Qarabağın bəzi yurdlarında terror yuvası salan və sülh sazişinin bəndlərini yerinə yetirməyən Ermənistanın hansı torpaq bütünlüyünə xələl gəlib?! Bəyanatdakı sərsəmləmədən belə çıxır ki, Azərbaycan qüvvələri Ermənistanın mövqelərini işğal edib. Bunun adı sırtıq böhtandır, beynəlxalq müstəvidə tam məhkəmə predmetidir.


Təsəvvür edin ki, “Sputnik Armeniya” saytı Fransa XİN-in bəyanatındakı “Ermənistanın ərazi bütövlüyünə hörmət və Azərbaycan qüvvələrinin qoşunların təmas xəttinin Ermənistan tərəfindəki işğal olunmuş mövqelərindən çıxarılması” cümləsindəki “işğal” ifadəsini işlətməyib, bu abzası belə təqdim edib:

“Ermənistan ərazi bütövlüyünə hörmət və  təmas xəttinin Ermənistan tərəfində olan Azərbaycan quvvələrinin tutduğu “pozitsiyalar”dan çıxarılması, gələcək insidentlərin qarşısının alınması və regionda sülhün qorunub saxlanmasında böyük rola malik olacaq”.

Bəli, cənab Paris! Azərbaycan öz torpağını işğal etməz, oranı tutar – mövqelərini bərkidər ki, terrorçu ermənilər yenidən azərbaycanlılara işğal faktı yaşatmasınlar, regionda sülhə tez nail olunsun, qan-qada, qırğın-mərəkə həmişəlik sona çatsın, vətəndaşlarımız olan ermənilər də Qarabağa soxulan cinayətkar soydaşlarının girovluğundan çıxaraq, Azərbaycan Konstitusiyasının onlara verdiyi imkanlardan yararlansınlar, rifah işərisində rahat yaşasınlar.

“Ermənstanın ərazi bütövlüyü” ifadəsi şəklində təzahür edən qondarma iddianı isə sıravi fransızlar eşidib, cənab Makrona gülərlər, onu hoydu-hoyduya qoyarlar, necəki Fransada prezident Emanuelə qarşı etirazlar hər ötən gün daha şiddətlənir.


Ermənilərin yaşadığı indiki ərazi belə, başqasınındır, tarixi Azərbaycan torpaqlarıdır. Laçını atəşə tutan erməni silahlılarının təpələrində gizləndikləri Dığ kəndini misal çəkək. Kənd Qərbi Azərbaycanındır. Fransa XİN öz dilində yaydığı bəyanatda kəndi Tex adlandırır. Azərbaycan səfirliyin Facebbok səhifəsindəsə bizim dildə “Dığ” yazıblar. Bunun adı yüngüllükdür. Özünü tərəfsiz göstərməyə çalışan Makrongil işğalçını “işğala məruz qalan” adlandırırsa, “biz erməniləri dəstəkləməyə gedirik” açıqlaması yayan Avropa İttifaqının müşahidə missiyasının heç bir ehtiyac olmadan Ermənistana göndərilməsi kimi ziyanlı oyun qurursa, Cənubi Qafqazda sülhün yaranmasına əngəl törədirsə, çoxüzlü paralelepipedin eynisidir.

11 aprel hadisəsinə görə hazırlanan bəyanatda vurğulanır ki, Fransa sərhədin Ermənistan tərəfində yerləşdirilmiş, töhfə verən və gərginliyin azaldılmasında mərkəzi rol oynayan Aİ-nin müşahidə missiyasının fəaliyyətini tam dəstəkləyir. Müşahidə missiyası kimə, nəyə töhfə verib? Ermənistana gəldikləri gündən sərhəddə gərginlik artıb. Quldurlar Aİ-nin 50-si silahlı olan 100 nəfərlik heyətinə güvənərək təxribatları intensivləşdiriblər. Ermənistan bu missiyanı təcavüskar siyasətinin tərkib  hissəsinə çevirir.


Məlumata görə Ermənistan XİN aprelin 11-də Aİ müşahidə missiyasının komandiri Markus Ritteri Dığ kəndi istiqamətindəki erməni mövqelərinə gətirmək üçün nə qədər dilə tutsa da, istəyinə çatmayıb.

Dezinformasiya da ola bilər. Məqsəd ermənilərə qulluq etmirik” görüntüsü yaratmaqdır. Tutaq ki, doğru xəbərdir. Müşahidə missiyası insident baş verən əraziyə getmirsə, monitorinqi necə aparacaq? Onların Ermənistanda gicəllənmələrinin mənası nədir? Azərbaycan qarşı tərəflə Xocalıda sülhməramlıların vasitəsi ilə belə, görüş keçirməyə razılıq vermirsə, Aİ nümayəndələri təmasların qurulması prosesində hansı nüfuz sahibləridir.

Buyurun, o missiya da onlarlıq deyil. Yerinə düşür, deməsəm olmur. Belədə soruşarlar Ermənistanda nə itiniz azıb? Hakimiyyətləri on illərdir erməni xalqını uçruma atıb, Azərbaycan Vətən müharibəsindən sonra zavallılara xilas yolu göstərir, nəinki göstərir, bu yolu qurur, yaradır, niyə imkan vermirsiniz bədbəxtlər bəladan qurtulsunlar, region da təmiz hava alsın!  Təxribatçıları cəsarətləndirməklə erməni xalqının düşdüyü uçurumu dərinləşdirirsiz. Özünüzü ATƏT-in Minski qrupu kimi aparırsınız: ilərlə gəldilər, getdilər, ortalıqda yeyib, qıraqda gəzdilər, bir də baxdılar ki, fotoya dönüblər.  Makronkimilər sinifinə daxil olanların pencəklərinin yaxasına yaraşan fotoya.

Ceyhun Musaoğlu