Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin altı ayının
sosial-iqtisadi yekunlarına həsr olunmuş iyulun 11-də keçirilən müşavirədə Azərbaycanla
Ermənistan arasında imzalanmalı sülh sazişini ətrafında gedən proseslərə dair
sevindirici fikir də səsləndirib.
Prezident bildirib ki, Ermənistan tərəfinin mövqeyində müsbətə
doğru hərəkət var: “Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü,
suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli
gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və
anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu, müsbət hal kimi qiymətləndirilməlidir.
İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın,
imzalar atılsın və münasibətlər yaradılsın. Hər halda biz bu istiqamətdə öz səylərimizi
davam etdirəcəyik”.
Ölkə başçısı sülh danışıqları ilə bağlı Azərbaycanın mövqeyinin
aydın, məntiqli olduğunu xatırladıb, beynəlxalq hüquqa əsaslandığımız
vurğulayıb: “Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və
prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər. Hər halda mən hesab edirəm
ki, belə imkanlar var. Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə
tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına
daha da yaxınlaşaq. Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük.
Ancaq yenə də deyirəm, hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır
olmalıdır”.
Proseslər onu diktə edir ki, qarşı tərəfin manevr etmək
imkanları çox daralıb və uçuruma gedən Ermənistanın yeganə çıxış yolunun məhz
Azərbaycanla münasibətlərin bərpasını imzasıyla təsdiqləməsidir.
Paşinyan hakimiyyəti radikal müxalifətin və onların siyasətinə
dəstək verən Qarabağa sığınmış separatçıların hədəfindədir. O quldurlar Azərbaycan
vətəndaşları olan erməni əhalisini də girovluqda saxlayıblar. Həmin ermənilərin
sosial durumları o dərəcədə acınacaqlıdır ki, dünən “Laçın” keçid məntəsəindən
keçərkən özlərinə oğurluq mallar aparmağa cəhd göstəriblər və bu mirkin işə
Beynəlxalq Qırmızı Xaç Komitəsini alət ediblər. Belə vəziyyətdə əlbəttə sülh
sazişinin imzalanması yeganə və ən yaxşı çıxış yoludur.
Azərbaycan həm hərb, həm də sülh masasında haqqın qələbəsinə
nail olur. Hərbi qələbə güclü ordunun, diplomatik uğur xalqın rəhbərinə
inamının göstəricisidir.
Elnur Musayev
Jurnalist Ekspert Mərkəzinin üzvü