Azərbaycanın mərkəzində dayandığı "Həmrəylik halqası" Etibarlı tərəfdaşlıq nümunəsi

Prezident İlham Əliyevin aprelin 25-i Bolqarıstana səfəri çərçivəsində keçirilən tarixi tədbirlərdə müxtəlif ölkələrin təmsilçiləri olan mötəbər şəxslər Azərbaycan dünya arenasında yerinə və roluna, ölkənin liderinin mövqeyinə dair önəmli fikirlər səsləndiriblər.


Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev iştirak etdiyi Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimində tərəflərin təmsilçiləri çıxışlarında Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın  verdiyi töhfənin yüksək səviyyədə olmasından söz açıblar və nəticənin bu dərəcədə üstün vəziyyətə çatmasını İlham Əliyevin riyazi dəqiqliklə yürütdüyü inamlı siyasətlə əlaqələndiriblər. 

Qeyd edək ki, Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.


Bolqarıstanın təklif etdiyi və Avropa Komissiyası tərəfindən dəstəklənən “Həmrəylik halqası” təşəbbüsü Avropa İttifaqına (Aİ), Mərkəzi və Cənub-Şərqi Avropaya təbii qaz tədarükünün təhlükəsizliyini yaxşılaşdırmaq məqsədi daşıyır.

Memorandum modernləşdirilmiş “Həmrəylik halqası” vasitəsilə Azərbaycandan Avropaya əlavə qaz həcmlərinin tədarükü üzrə əməkdaşlıq sahələrini müəyyən edir.


AZƏRTAC-ın məlumatına görə, Bolqarıstan Prezidenti Rumen Radev memorandumun imzalanmasını mühüm uğur kimi səciyyələndirərək, bunu həmçinin Azərbaycan ilə Bolqarıstan arasında uzunmüddətli və dayanıqlı münasibətlərin göstəricisi kimi şərh edib: “Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması əhəmiyyətli dərəcədə Bolqarıstanla Azərbaycan arasında etibarlı, uzunmüddətli strateji əməkdaşlıqla əlaqədardır”.

Azərbaycanın etibarlı tərəfdaş olduğuna diqqət çəkən Rumen Radev bu gerçəyi məhz Prezident İlham Əliyevin sübut etdiyini vurğulayıb: “Bolqarıstan sazişlərə uyğun olaraq Azərbaycandan lazımi həcmdə təbii qaz alır. Azərbaycan həm də Avropa İttifaqının (Aİ) mühüm və etibarlı tərəfdaşıdır”.

Tədbirdə xüsusi qonaq qismində iştirak etməklə bağlı təklifini qəbul etdiyinə görə Prezident Əliyevə minnətdarlığını bildirən Bolqarıstan Prezidenti ölkələrimiz arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu ifadə edərək bildirib: “Son bir ildə bu əməkdaşlıq çox uğurla inkişaf edib və hazırda artıq yeni müstəvidədir. Daha bir mühüm məqam ondan ibarətdir ki, bu təşəbbüs bizim ambisiyalarımızın səviyyəsini artırır. İndi biz artıq digər daha mühüm layihələr barədə danışmağa başlamışıq. Biz gələcəyin enerjisi - yaşıl hidrogenin nəqli barədə danışmağa başlamalıyıq".

Prezident onu da deyib ki, Bolqarıstanın tənzimləyici qurumu artıq “SOCAR Trading”ə Avropa ərazisində təbii qaz ticarəti ilə məşğul olmaq üçün lisenziyasını təsdiqləyib: “Cənab Prezident Əliyev, mən bu münasibətlə Sizi təbrik etmək istərdim və inanıram ki, biz gələcəkdə uğur qazanacağıq. Çünki geosiyasi vəziyyət ilk növbədə birlikdə olmağı və ən yaxşı həllər axtarmağı tələb edir”.


“Report” xəbər verir ki, Rumıniyanın energetika naziri Vircil Daniyel Popesku də Azərbaycanı Rumıniya üçün strateji tərəfdaş adlandırıb və ölkələr arasında uzunmüddətli əlaqələr qurulduğunu söyləyib.

Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını xatırladan V. Popesku Anlaşma Memorandumunu yüksək qiymətləndirib.

Nazir Rumıniyanın 2027-ci ilin əvvəlinədək “Həmrəylik halqası” təşəbbüsünə və bütün regiona töhfə verəcəyini qeyd edib: “Avropaya əlavə qaz həcmlərinin tədarükünü nəzərdə tutan memorandum “Həmrəylik halqası” təşəbbüsü vasitəsilə layihədə iştirak edən ölkələr arasında uğurlu və sıx əməkdaşlığın qurulmasının göstəricisidir”.

V. Popeskunun sözlərinə görə, bu gün dünyanın enerji təchizatında ciddi böhran və enerji təhlükəsizliyi üçün böyük risklərlə üzləşdiyi bir zamanda bu əməkdaşlıq xüsusilə böyük əhəmiyyət kəsb edir.


“Bu gün Sofiyada imzalanan anlaşma memorandumu Azərbaycan ilə neft-qaz sahəsində əməkdaşlıq baxımından yeni səhifə açır” – Bu açıqlamanın müəllifi isə Slovakiyanın iqtisadiyyat naziri Karel Hirmandır. 

Slovakiyanın iqtisadiyyat nazirinin sözlərinə görə, “Həmrəylik halqası” təşəbbüsü Avropanın enerji təhlükəsizliyini gücləndirməyə imkan verir: “Hesab edirəm ki, bu gün imzalanan memorandum Azərbaycan ilə neft-qaz sahəsində əməkdaşlıq baxımından yeni səhifə açır. Azərbaycan bu sahədə mühüm və sınaqdan çıxmış tərəfdaşdır”.

K.Hirman vurğulayıb ki, ölkəsi Memorandumu imzalamaqla Avropaya təbii qaz idxalı üçün yeni dəhliz yaratmağa, tərəfdaşları olan Azərbaycanla əməkdaşlığa və qaz tədarükünün şaxələndirilməsinə dəstək verməyə hazır olduğuqlarına dair aydın siyasi siqnal verib:  “Bu prosesə anlaşma memorandumunun imzalanması ilə aşlamağımızdan məmnunam və inanıram ki, Avropa İttifaqı da bu layihəni müsbət qiymətləndirəcək, səylərimizə siyasi və maliyyə cəhətdən dəstək verəcək”.

Onun sözlərinə görə, Slovakiya bütün qonşuları ilə əlaqələr qurub: “Buna görə də Avropanın digər hissələrinə təbii qazın paylanılmasında Azərbaycan üçün çox perspektivli tərəfdaş ola bilərik. Bizim təbii qaz anbarlarımız var və Azərbaycan Dövlət neft Şirkəti (SOCAR) bizim üçün mühüm tərəfdaş ola bilər”.


Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto çıxışında Azərbaycan qazının Avropaya enerji təchizatının şaxələndirilməsində xüsusi əhəmiyyət kəsb etdiyini deyib.

P. Siyarto Avropaya enerji təchizatının təhlükəsizliyinin təmin edilməsinin, xüsusən də nəql marşrutlarının və həcmlərinin genişləndirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu baxımdan Azərbaycan qazı xüsusi əhəmiyyətə malikdir.

Macarıstanın xarici işlər naziri tədarükün təmin edilməsi üçün infrastrukturun yaradılmasının vacibliyini vurğulayıb: “Müvafiq boru kəmərləri olmadan Mərkəzi Avropanın Azərbaycandan lazımi həcmdə qaz alması mümkün olmayacaq”.


Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya və Azərbaycan arasında imzalanan Anlaşma Memorandumun iştirakçı ölkələr arasında əlaqələrin gücləndirilməsinə və Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəyinə dair fikirləri “Bulgartransgaz"ın icraçı direktoru Vladimir Malinov da bölüşüb. O, bugünkü imzalanma mərasimini reallığa çevirən siyasi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.


Anlaşma Memorandumunun imzalanma mərsimində Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxış edərək vurğulayıb ki, dövlət başçısının yürütdüyü dayanıqlı siyasət sayəsində Azərbaycandan Avropaya təbii qaz nəqli üçün yeni marşrutun yaradılması hadisəsi yaşanır:  “Bu layihə sayəsində iştirakçı ölkələr qaz təchizatında mühüm həlqəyə çevrilə biləcək".

Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson tədbirdə Azərbaycanı Avropanın sınaqdan çıxmış və etibarlı tərəfdaşı olaraq xarakterizə edib.

Bolqarıstanın paytaxtında yaşanan mühüm tarixi hadisə Azərbaycanın Avropa, ümumilikdə dünya üçün vacib, etibarlı, güvəncli ölkə olduğunu bir daha təsdiqlədi. Bu həqiqətin məhz müxtəlif ölkələrin, beynəlxalq təşkilatların, nüfuzlu şirkətlərin rəhbərləri tərəfindən dəfələrlə səsləndirilməsi Azərbaycanın strateji hədəflərini dəqiqliyi ilə müəyyənləşdirdiyini, bu hədəflərə doğru sarsılmaz taktiki addımlarala qürurla irəlilədiyini açıq, aydın göstərir.

Gələcəyin gəlməsini gözləmədən ona doğru inamla gedəndə işıqlı günlərə tez və əbədi qovuşmuş olursan!

Jurnalist Ekspert Mərkəzi