Tez-tez eşidirik: deyirlər, dünyanın şərtləri dəyişib. Əslindəsə dəyişən heç nə yoxdur. Şərt elə həminkidir: güclüsənsə haqlısan. 30 il öncəki Azərbaycanın halına baxaq. Haqlı idi, 20 faiz ərazisini Rusiya il Ermənistan birləşərək işğal etmişdi. Qalib gələ bilirdimi? Kim deyir ki, vuruşmurdu. Birinci Qarabağ müharibəsinin iştirakçıları – şəhidləri, qaziləri barələrində əfsanələr yaradıblar. Bəs niyə məğlub olduq? Sadə cavab budur: əsgərimiz fərd olaraq güclü, ordumuz kollektiv olaraq zəif idi. Əsgər nə atsın, əylə atsın, hansı texnika ilə vuruşsun?.. Daxili savaşlar, dövlət çevrilişinə cəhdlər, şimal qonşumuzun məkrli siyasət, İranın hiyləsi… Üç tərəfli, dörd tərəfli hücuma məruz qalan dövlət qalib gələ bilməz.
Dünyanın şərtləri eynidir, sadəcə Azərbaycan Ordusu fövqəladə gücə sahiblənib. O dərəcədə ki, 30 illik işğala 44 gün ərzində son qoydu və müharibədən qalan tör-töküntü hallarını da addım-addım, riyazi dəqiqliklə həll edir. Son aylar əldə olunun yüksəkliklər, Laçın buraxılış məntəqəsi, imzalanması ehtimalı hər gün artan sülh sazişini misal göstərə bilərik.
İkinci Qarabağ savaşından sonra Ali Baş Komandan İlham Əliyev demişdir: “Azərbaycan həm haqlıdır, həm güclü”. Haqqımıza siyasətlə, gücümüzə sədaqətlə çatmışıq.
Orduya dövlətin və xalqın sədaqəti sonsuzluğa qədərdir. Komonda
hərbi hissələrinin yaradılması bu gerçəyin bariz nümunəsidir.
İyunun 23-də Azərbaycan Prezidenti Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib.
Ali Baş Komandanın mərasimdəki çıxışı xüsusən Azərbaycanla
Ermənistan, daha doğrusu Azərbaycan Ordusu ilə Qarabağın bəzi hissələrinə
sığınan erməni separatçıları arasında yaşanan vəziyyətə tam aydınlıq gətirib.
İlham Əliyev öncə onu bəyan edib ki, Vətən müharibəsindən
sonra Müdafiə Nazirliyində yaradılan Komando Qüvvələrinin sayı gündən-günə
artır. Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin
açılışı nəzərdə tutulur. Sitat: “Beləliklə,
biz öz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq. İkinci
Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və
qəhrəmanlıq göstərmişdir. Bir çox hərbi əməliyyatların keçirilməsində onların
xüsusi rolu var idi. Bütün bunları və müasir döyüş əməliyyatlarını nəzərə
alaraq yeni Komando Qüvvələrinin yaradılması mənim tərəfimdən qarşıya bir
vəzifə kimi qoyulmuşdur və bu vəzifə uğurla icra edilir”.
Prezident vurğulayıb ki, müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var. Çünki dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün təbii ki, kompleks tədbirlər görülür. Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır - həm yeni pilotsuz uçuş aparatlarının, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir”.
Ötən çıxışımda “Ermənistanda revanşist qüvvələr baş qaldırır”
mövzusunda danışmışdım, hətta Ermənistan Müdafiə Nazirliyinin də həmin terrorçu
xuntaya dəstək verdiyini demişdim. "Qarabağdakı
erməni separatçıları müharibəyə hazırlaşırlar" başlığı altında təqdim
etdiyimiz çıxışda ermənilərin terrrorçu dəstələrindən olan Arabo-nun komandiri
Manvel Yeqiazaryan yeni müharibə çağırışı səsləndirdiyini söyləmişdim. Yel
qayadan heç nə qopara bilməz. Bu növ təhdidlərə Azərbaycan Prezidenti Komonda
hərbi hissəsinin açılışındakı nitqində bir cümlə ilə cavab verib: “Bu gün Azərbaycan Ordusu müharibə dövründə
qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür”.
Prezidentin çıxışına istinadən faktlara diqqət çəkək: Digər xüsusi təyinatlı qüvvələrdə şəxsi heyətin say tərkibi genişləndirilir, Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin, dəniz piyadalarının, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti qurumlarına məxsus xüsusi təyinatlı qüvvələrin sayı dəfələrlə artırılıb. Dövlət başısının sitatından: “Bütün bu böyük qüvvə bir məqsəd güdür, ərazimizin qorunması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi və əgər bizim təhlükəsizliyimizə təhdid olarsa, düşmən qüvvələrə sarsıdıcı zərbələrin endirilməsi. Bu gün deyəndə ki, İkinci Qarabağ müharibəsindən sonra Ordumuz daha da güclənib, o cümlədən mən bunu nəzərə alıram”.
O bədbəxt erməni terrorçularının başında dayanan ayaq adamlar yaxşı-yaxşı eşitsinlər. Bu ilin dövlət büdcəsi müstəqil Azərbaycan tarixində rekord büdcədir. Bu barədə məlumat verən İlham Əliyev əlavə vəsaitin xərclənəcəyi əsas istiqaməti göstərib: Birincisi, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi, ikincisi, hərbi potensialımızın gücləndirilməsi: Növbəti sitat: “Təkcə bu fakt özlüyündə onu göstərir ki, bizim üçün bu gün prioritet məsələlərdən biri ordu quruculuğu, digəri isə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək. Azərbaycanın düşmənləri bunu bilir, görür, bilməlidir və görməlidir. Məhz buna görə bizə qarşı edilən istənilən təxribat cavabsız qalmır, hər bir təxribata layiqli cavab verilir, istər hərbi cavab, istər siyasi cavab. Bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir və müstəqil siyasət aparır. Yəni, bizim ölkəmiz, sözün əsl mənasında, müstəqil ölkədir, çünki müstəqil siyasət aparmaq iqtidarındadır və bizə bu gücü verən, ilk növbədə, bizim hərbi potensialımızdır”.
Azərbaycan Prezidenti onu da xüsusi olaraq diqqətə çatdırıb ki,
dövlətimiz ikinci Qarabağ müharibəsinə hazırlaşırdı. “Ermənistan və onun xarici havadarları hesab edirdilər ki, onlar bizim
torpaqlarımızı işğal altında əbədi saxlayacaq. Biz onların məkrli planlarını
alt-üst etdik. Müharibəyə hazırlaşdıq, düşmənə elə sarsıdıcı zərbə vurduq ki,
düşmən bu günə qədər özünə gələ bilmir” – sitatın sonu .
Ölkə başçısının çıxışına istinad edərək Azərbaycanın hazırkı
vəziyyətinə bir daha nəzər yetirək:
- İkinci Qarabağ
müharibəsindən sonra bölgədə gündəliyi müəyyən edən yenə də biz olduq.
- Vaxtilə erməni
işğalını əbədiləşdirmək üçün səylər göstərmiş Minsk qrupu artıq gündəlikdə
yoxdur, tarixin arxivindədir.
- “Qarabağ Ermənistandır və nöqtə” deyən
Ermənistan rəhbərləri indi mənim sözlərimi təkrarlayırlar: “Qarabağ
Azərbaycandır!”
- Ermənistan-Azərbaycan
sərhədində, onun Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması
bizim çox güclü siyasi iradəmizin göstəricisidir.
- Azərbaycan Ordusu
mülki əhaliyə qarşı müharibə aparmayıb, Ermənistandan fərqli olaraq onların
şəhərlərini “İsgəndər”, “Toçka” və “Elbrus” raketləri ilə dağıtmamışıq.
Azərbaycan Ordusu yüksək mənəvi xüsusiyyətlərə malikdir, Ali Baş Komandanın
əmrlərini tam icra edir və icra edəcək.
- Bu gün güc də bizim
tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da.
Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz
hissəsi kimi tanıyır. Biz gözləyə bilərik. Yenə də deyirəm, biz tələsmirik.
- Keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarırıq. Biz Ermənistanla sərhəd boyunca əlverişli mövqelərə sahibik. Biz o mövqelərdə möhkəmlənirik. Strateji yüksəkliklərdə olmağımız bizə strateji üstünlük təmin edir.
Üstünlüyün səviyyəsinə baxın. Bu yüksəkliyə erməni separatçıları
baxmağa cəhd göstərəndə mütləq papaqları düşər. Papaqları olmadığına görə
həqiqəti dərk etmirlər, düşəcək bir şeylər yox yəni. Olsaydı qarşılarına qoyub
düşünərdilər. Anlayardılar ki, cənab İlham Əliyevin təbirincə desək, Azərbaycan
haqq-ədalətin qorunmasını, daxili işlərimizə heç kimin müdaxilə etməməsini, bütün
ölkələrin sözdə yox, əməldə bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşmasını
tələb edirik.
O papaqsızların, qoyub qaçdıqları dəmir dəbilqələri Bakıdakı Hərbi Qənimətlər Parkında sərgilənən əsgərlərin valideynlərini əbədi ağlar qoymaq istəyən erməni terrorçularının başları olsaydı, əlbəttə papaqları da olardı və o papağı qarşılarına qoyub, o başları ilə anlayardılar ki, Prezidentimiz demiş, bu gün Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması həm bizə lazımdır, həm də daha çox Ermənistan: “Bu sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır. Bu sülh anlaşmasında postmüharibə reallıqları nəzərə alınmalıdır. Bu, təbiidir. Biz qalib gəlmişik, biz qan tökmüşük, şəhidlər vermişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz öz torpağımızda müharibə aparmışıq və bu gün öz torpağımızda yaşayırıq və yaşayacağıq”. – sitatın sonu
Sonuncu şərt. Təbii ki, bu şərti də Azərbaycanın Ali Baş Komandanı
irəli sürməlidir. Söz öncə qalib dövlətindir. Bu da həmin şərt:
“Ermənistan keçən ilin
oktyabr ayında rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Mən dedim ki, bu
sözlər kifayət deyil, daha dəqiq sözlər deyilməlidir və keçən ay artıq bir daha
rəsmən nəinki ərazi bütövlüyümüz Ermənistan tərəfindən tanınıb, hətta
Azərbaycan ərazisinin parametrləri də qeyd olunub. Yəni, bu, müsbətə doğru
atılan bir addımdır. Ancaq bundan sonra həmin bu ifadələr kağız üzərində də
olmalıdır və Ermənistan buna imza atmalıdır. Belə olan halda Cənubi Qafqazda
uzunmüddətli sülh yarana bilər. Əks təqdirdə, sülh olmayacaq. Eyni zamanda,
bizim şərtlərimizdən biri Zəngəzur dəhlizinin açılmasıdır. Bu, bizim haqlı
tələbimizdir. Xüsusilə nəzərə alsaq ki, Ermənistan 2020-ci il noyabrın 10-da
imzaladığı kapitulyasiya aktında bu öhdəliyi öz üzərinə götürmüşdür. Ancaq bu
günə qədər bu öhdəlik yerinə yetirilməyib. Digər şərtimiz odur ki, Ermənistan
ordusunun silahlı birləşmələri Qarabağ bölgəsindən çıxarılmalıdır. Bu da
Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biridir. Bu da icra edilmir”.
Gücümüzün rüşeyimi olan əsas üstünlüyümüzün bəyan edilməsindən həmişə çəkinmişəm. Elə bilmişəm ki, ölkəmin uğurunu istəməyənlər bu üsulla silahlanıb üstümüzə daha şəstlə ayaq açarlar. Azərbaycan Prezidentinin bu mövzuda açıq danışması isə həyacana yer qoymur. Onsuz da bizim bacardığımızı onlar bacarsaydılar, əksinə, bu gün regionda qan-qada olmazdı. Biz yaradılışın əsəs şərtinə əməl etməyi bacaran xalq və dövlətik. Yolumuz da Ali Baş Komandanın bəyan etdiyi istiqamətdir. Dinləyək:
“Biz hələlik özümüzü
təmkinlə aparırıq. Son iki il yarım ərzində biz bir neçə dəfə məcbur olub
Ermənistan tərəfinə öz gücümüzü göstərmişik, birincisi, onların hərbi təxribatlarına
cavab olaraq. İkincisi, onlara bir siqnal göndərmişik ki, özlərini yaxşı
aparmasalar, öz imzalarına hörmət etməsələr, nəticə onlar üçün acınacaqlı
olacaq. Ona görə hələ də özümüzü təmkinlə aparırıq. Biz heç vaxt tələskənliyə
yol verməmişik, buna ehtiyac yoxdur. Bu gün güc də bizim tərəfimizdədir, zaman
da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da. Dünya ictimaiyyəti artıq
birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz
gözləyə bilərik”.
Həqiqətən Ermənistan özü-özünü girov vəziyyətə salıb. Sənin
Azərbaycan kimi qonşun var, gücü, qüdrəti, iqtisadiyyatı, səbri olan bir ölkə
ilə qonşusan, ancaq yenə də bədbəxtlik girdabından qurtula bilmirəsn. Səbəb çox
sadədir: erməni dövlətini cibində gəzdirən terrorçu ünsürlər və onların
apardığı mif xarakterli təbliğat. Çürük ağacın barı budaqdaca quruyar.
Ceyhun Musaoğlu
Jurnalist Ekspert
Mərkəzinin sədri