Salam, əziz Söyüdlü kəndinin sakinləri. Sizinlə polislər
arasında yaşanan qarşıdurma barəsində məlumat alandan sonra, öncə yayılan
videogörüntülərə baxdım, sonra hadisə yerinə gəlib gərginliyin şahidi oldum.
Açığını deyim, bu hadisədən acı hisslər keçirdim. Gədəbəylilər
mənim sakinlərimdir, cənab Prezident məni başçı təyin edəndə sizlərin sosial
rifahını yaxşılaşdırmağı, qayğınızı çəkməyi tapşırıb.
Sizsə hazırda dərin qayğı içərisindəsiz və bu dərinlik,
tikilməsini istəmədiyiniz ikinci, hazırda fəaliyyət göstərən birinci göldən dəfələrlə
dərindir.
Polisə atılan daşların zərbəsini ürəyimdə, polisin
vurduğu dəyənəklərin ağrılarını beynimdə hiss edirəm.
Mənim əzizlərim, doğmalarım, valideynlərim, qardaş və
bacılarım! Elə situasiya yaranır ki, həmin vaxt beyinlə ürək eyni anda işləməlidir. Ürək həmişə istidir, insanı emosional hərəkətə
sövq edir, beyin isə soyuq ola bilir, düşünmə bacarığı var. Etiraz nəyədir, göləmi? Xeyr. Etiraz gölün yaratdığı xəstəlik
fəsadlarına və örüş yerlərinin sıradan çıxarılmasınadır. Birinci problemə mütləq
dövlət səviyyəsində komissiya qərar verməlidir, artıq hörmətli Baş nazirin
imzası ilə komissiya yaradılıb. Azərbaycanın Prezidenti, Birinci - vitse
prezidenti, o cümlədən bütövlükdə dövlət razı ola bilməz ki, onun vətəndaşları,
hətta bir kənd səviyyəsində xəstələnsinlər. Bir haşiyə çıxım: Mehriban xanım
Əliyeva həkimdir və adlı-sanlı həkim ailəsində, öz sənəti ilə akademikliyə yüksələn
ananın ailəsində tərbiyə alıb. Həkim xəstələrə şəfa verəndir və Mehriban
xanımın şəfa verdikləri insanların sayı minlərlədir.
Komissiya doğru qərarı verəcək. Örüş yerləri
problemini də sizin başçınız kimi məhz mən həll etməliyəm və hazırda bu istiqamətdə
ciddi fəaliyyətə başlamışıq. O ki, qaldı 11 il ərzində niyə bu barədə davamlı
şikayətinizin təşkil və təmin olmadığının, müzakirələrin açılmadığının səbəblərinə,
bunun adı da laqeyidlikdir. Bir az siz öz vəziyyətinizə laqeyid davranmısız,
bir az biz – icra.
Heç vaxt unutmayın: 30 ildən sonra 44 gün ərzində
Şuşanı işğaldan azad edən Azərbaycan dövləti və onun Ali Baş Komandanı gədəbəyliləri
darda qoymaz. Polis də sizlərin ovladlarınızdır, funksiyaları da insanları
qorumaqdır. Azərbaycan polisi çox əziyyət çəkir, görürsünüz ki, ölkədə
qanunsuzluğa, xüsusən narkomaniyaya qarşı necə sərt mübarizə aparılır. Bu
mübarizəni polis gecə bilmədən, gündüz bilmədən aparır. Deməli, polisimizə daha
çox hörmət qoymaq bizim vətəndaş olaraq mənəvi borcumuzdur. Hər yerdə pis niyyətli
insanlar olur. Ananın gözünə qəsdən qaz püskürdən, yaxud başqa aksiya
iştitakçlarını təlimata uyğun olamyan şəkildə döyən polis mütləq cəzalanacaq,
artıq DİN rəsmisi də bu barədə açıqlama yayıb. Elə polis dövlət adına ləkə vurur.
Ancaq biz də polisə daş atmalı deyilik. Onların arasında böyük əksəriyyəti göl
hadisəsinin mahiyyətindən xəbərsizdirlər, eləcə əmrə tabedirlər.
İmkan verə bilmərəm ki, mənim sakinlərimi kimsə
incitsin. Ona da razı olmaram ki, sakinlərim kimisə incitsinlər. Biz qalib
xalqıq və ermənilərə birlikdə, Azərbaycan qanunları altında yaşamağı təklif
edirik. İndi onların əlinə bəhanə düşüb ki, azərbaycanlılar bir-birinə zülm
edirlər, gör bizim başımıza hansı oyunu açarlar. Erməni saytları bu biabırçı
olayı paylaşırlar.
İndi gördünüz dövlət əleyhinə nə boyda ziyanın
yaradımçısı olduq. Axı bu dövlətin yükü həm də şəhidlərin ruhları üzərindədir.
Çox təəssüf, saf, təmiz, intellektual, savadlı, gözəl insanlar olan gədəbəylilər
ikrah yaradan hadisənin iştirakçısına çevrildilər.
İndi gedin isti ocaqlarınlza. Saxlanılanlardan da
nigaran qalmayın. Məhkəmə sərt qərar verməz yəqin və proseslərdə biz də iştirak
edib, hakimdən daha yumşaq davranmasını istəyəcəyik. Gedin dincəlin, dövlətinizə
də güvənin. Biz yanlış olan heç bir işə imza atmarıq.
Bu günü də unudun getsin, mənim əziz, sevimli, doğma gədəbəylilərim.
Biz özümüzü Qarabağdakı qələbəyə layiq aparmalıyıq. Azərbaycan Prezidentinin əmri
ilə SİZ – xalqımız Qarabağda o qədər füsünkar çaylar, göllər, meşələr fəth
etmişik ki… İki göl bizim kimi xalqın problem ola bilməz!
Ceyhun Musaoğlu