Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü
ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iyulun 11-də keçirilən
müşavirədə ölkə başçısı qısa və konkret təsnifatlandırması ilə beynəlxalq
münasibətlər müstəvisində yaşananların aydın mənzərəsini cızmış oldu.
Dünyanın müxtəlif yerlərində beynəlxalq hüququn işləmədiyi faktına diqqət çəkən ölkə başçısı bu barədə zun illərdir söylədiklərinin təsdiqini tapdığını vurğulayıb. “Beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə bel bağlamaq olmaz. Biz həmişə hüququn tərəfdarı idik, o cümlədən beynəlxalq hüququn. Biz həmişə ədalətin tərəfdarı idik. Bu gün də ədalətin və beynəlxalq hüququn tərəfdarıyıq və beynəlxalq müstəvidə bu mövqeyi müdafiə edirik. Həm bir ölkə kimi, həm də 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatının sədri kimi və nazirlər səviyyəsində son toplantı bir daha onu göstərdi. Ancaq biz görürük ki, dünyada qaydalar tamamilə pozulub, davranış qaydalarına, beynəlxalq hüquqa əməl edilmir. Biz demək olar ki, bunu hər gün görürük, hər gün. Böyük dövlətlər, hansılar ki, beynəlxalq hüququn təminatçısı rolunu öz üzərinə götürüblər, birinci onlar bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar” – İlham Əliyev belə deyib.
Çox təəssüf
ki, belə tendensiya bütün ölkələrə xasdır. Prezident bu barədə fikirlərini diqqətə
çatdırarkən qeyd edib ki, hər bir dövlət öz xətti ilə ya konvensiyaları, ya
beynəlxalq hüquq normalarını, ya da oturuşmuş beynəlxalq davranış qaydalarını
pozur bunu heç gizlətmir də: “Ona görə, əlbəttə ki, biz, ilk növbədə, özümüzü
qorumaq üçün, öz müstəqilliyimizi qorumaq üçün, seçimimizi qorumaq üçün, həyat
tərzimizi qorumaq üçün, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq.
İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz dayanmadan bu istiqamətdə çox
ciddi addımlar atmışdıq və mən bunu artıq bildirmişəm, bir də demək istəyirəm,
bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm
döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü
olacağıq, çünki bu proses dayanmır və dayanmamalıdır. Mən demişəm, iki istiqamət
üzrə - hərbi potensial və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait
lazımdır biz o qədər də ayıracağıq”.
Prezident
bu siyasəti aparmaqla ölkəmizin qüdrətini artırdığımızı da bildirib. Səbəb odur
ki, bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar, gücdən çəkinirlər:
“Biz son iki il yarım ərzində bir neçə dəfə bunu bir neçə ünvana göstərmişik və
heç kim bizim iradəmizə təsir edə bilməz. Əksinə, bizə qarşı tuşlanmış bütün
oxları sındırıb öz ləyaqətimizi qoruya bilmişik və maraqlarımızı qoruya
bilmişik, daha əlavə sözlərə ehtiyac yoxdur, hər şey göz qabağındadır”.
İlham
Əliyev bird aha bəyan edib ki, Azərbaycanla hədə - qorxu dilində danışmaq
mümkünsüzdür: “Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz
və hesab edirəm ki, bundan sonra belə cəhdlər də olmayacaq”.
Müstəqilliyinin cəmi 32 yaşı olan ölkə 500-700 illik qırılmaz
müstəqillik tarixinə malik ölkələrə “bizimlə ultimatum dilində danışa bilməzsiniz” mesajını birinci şəxsin dilindən açıq
ifadələrlə ünvanlayırsa, belə dövlətin insan resurslarına bağlı dayaqları mütləq
hərəkdir möhkəmlənsin.
Yaxın
tarix sübut edir ki, ölkələrə yadelli müdaxilələr xalqın parçalanması siyasətinin
ucunda yeridilib. Azərbaycan xalqı bütövdür, bölünmsəzdir, möhtəşəm nəticəsi
olan 44 günlük müharibə bu gerçəyi bird aha möhürlədi. Belə davam etmək hətta
azdır, daha da sıxlaşaraq, gücün haqq olduğu nahaq siyasət dünaysında haqlı və
qüdrətli davranış birliyinin təcəssümünə çevrilək.
Ceyhun
Musaoğlu