Bəy qızı olan nənəm kürsü üzərində tikilən ikimərtəbəli
rayon evindən yataqxananın birotaqlı zirzəmisinə yıxılanda bir də onda özünə gəldi
ki, əmim döyüşlərdə başından ağır yaralanıb, Arazdan İrana qaçıb qurtulmaq istəyərkən
ərinin motaskletində qəzaya düşən böyük bibim 19 il əlil arabasında yaşayandan
sonra ölüb, babam nisgilin qoynunda əbədi torpağın altına girib.
Nənəm onda ayıldı ki, ölüm onu aparmağa gəlmişdi.
Hökumətin ayırdığı Masazırdakı binanın 3 otaqlı evində nəinki tək-tənha yaşayırdı,
həm də qonaq qarşılayıb, qonaq yola salacaq əzimdə, gücdə, başarışıqda idi.
Bolşeviklərin qolçomaq damğasına tuş gələn ailənin ən
kiçik qızı olasan, ata SSRİ müharibəsində itkin düşə, gələcək ər Leninqradın
mühasirəsi zamanı don vurmuş əl və ayaq barmaqlarının hər birini itirə, doğulduğun,
böyüdüyün yurdundan 20 nəfərlik ailə üzvlərinlə birgə qaçqın düşəsən, 3 uşağı
olan şikəst qızına19 il zirzəmi şəraitində əl olasan, ayaq olasan, baş olasan və
83 yaşına gəlib çatasan, dözəsən, ürəyin partlamaya, ölməyəsən. Yaşayasan,
yaşayasan, son gününə qədər çökməyəsən. Hələ üstəlik, nəvəni hər görəndə
soruşasan: “Sənin adına saxladığım ala dananın səsini eşidirsən”. Əlbəttə “yox”
cavabına məhəl qoymadan, “mən çox aydın eşidirəm, çıxanda qaça-qaça düşdük,
suyunu verə bilmədim, yazıq mouladaya-mouldaya qalıb”.
Qorxmuşdum, elə bilmişdim arvad havalanıb. “Ala dana”
söhbətini nə vaxt eşidirdim, Salamın “başıma gələn havadır, sümüyümə düşən
hava” misrasını xatırlayırdım. Oğrun-oğrun güdürdüm ki, nənəm də əl qaldırıb
otaqdan otağa süzəcək. Dərd adamı qanadlandırır axı.
Olmadı, anormal hadisələrin heç biri baş vermədi, təkcə
bu arvadın hələ də yaşamasından başqa. Normal deyildi.
Nədir bu bədbəxtlər bədbəxti qadını həyatda saxlayan?
Elə bilirsiz soruşmadım, lap həyasızcasına soruşdum. Sualımdan özüm də
diksindim. Onun sözlərimi sakit qarşılamasına tab gətirə bilməyib, şah damarları
Zəngilan yollarına, kapilyarları o yolların kənarlarındakı çinarlara bənzəyən əllərini
qucaqlayıb kişi kimi ağladım. Nəvəsi kişi yaşına çatan nənə, hətta dərdin bir
ucunu ürəyinə, bir ucunu beyninə çalayaraq 5 yaşınadan – 78 ildir hisslərin cərəyanını
bütün nöqtələrinə keçirə-keçirə yaşayan nənə hələ sağdırsa, burada dünyanın səkkizinci
möcüzəsinin tuşlandığı sirr var.
- Ölə bilmirsən? – qəfil verdim bu sualı
- Hardan bildin? – tövrünü pozmadan soruşdu
- Ala dananın səni axtara-axtara qalmasından
– kinayə ilə demədim.
- Axırı ki, sən də səsini eşitdin… – sevinclə
dilləndi
Ona yalan danışdım. Eşitdiyimi dedim. Niyə ölə bilmədiyinin
səbəbi məlum olurdu: 91-ci ilin yay tətilinin sonunda Bakıya geri dönəndə
ciddi-ciddi “ver danamı da özümlə aparım” demişdim. Nənəm heyvanın heç olmasa
iki il böyüməsinin vacib olduğunu bildirmişdi.
Masazırdakı Zəngilan söhbətimizin nidasını özü qoydu:
-… Ölmək olmaz. Gedəcəm, qayıdacağıq. Yox, havalanmamışam.
Bütün dərdlərimin mələrtisini ala dananın moultusu batırıb həmişə. O səs məni
ölməyə qoymur. Nənələr nəvələrinə borclu qalanda ölüm utandığından ölüb yerə
girir, bala.
Nənəm gecələr yatmağa qorxardı ki, birdən durmaz, Zəngilan
yox, Mehdiabad qəbiristanlığında dəfn olunar. Yenə Salam: “Tutdum yıxılmağa
qorxduğum yerdən”. Yer aralandı, mələk arvadı götürüb apardı. Mələyə bax, Zəngilanın
qayıdacağına inanmadı. Mələyə bax, nənəmə uduzdu. Nənəm geri dönəcəyinə əmin
idi. Bir xəbəri buraxmazdı. Deyirdi: “Bala, əgər bir məmləkətin padşahnın
sözünün əvvəli də Qarabağ, ortası, sonu da Qarabağdırsa kainat bu mesajı özümüzə
qaytaracaq. Bircə ölüm ermənilik etməyə…
Etdi. Ölüm oluma uduzdu. Mələklərin əli üzündə qaldı.
20 oktyabr 2020-ci il. Mehdiabad qəbiristanlığındakı Səttarova Simuzərlə, Səttarov
Əlinin bir baş daşına bağlı qoşa qəbrindən ətrafa nur səpilir. Nənəm başında
örpək, əynində həyət yaxalığı, ayağında qaloş, əlində tut ağacının şivi
qarşısına ala dananı salıb tələsə-tələsə doqqaza yaxınlaşır. Məni görüb verəcəyim
sualı gözlərimdən oxuyur:
- Hə, tələsirəm ay bala, Prezident rayona gəlib,
raykomun qarşısında camaatla görüşür. Gedib boynunu qucaqlayıb əllərindən öpəcəm.
Deyəcəm ki, böyük insan, sən mələkdən güclü çıxdın. Məni nəvəmin xəcalətindən
qurtardın. Bu gündə ora gedə bilmərəm. Təşər paltarım var, özüm tikmişdim, rəngi
al olduğuna görə “qaçqına qırmızı yaraşmaz” deyib heç geyinmədim.
- Təzə ayaqqabın var? – qaloşa işarə ilə
dedim.
- Var, var. Qaçqınlıqda əminin toyu oldu, bircə dəfə ora geyindim, heç ürəyimcə olmadı, ayağımı bərbad günə qoydu, neçə gün axsadım – cavabını verdi.
Nə axsamaq, bəstəboy arvad uça-uça raykoma doğru sürət götürmüşdü. Qırmızı paltarda, qara ayaqqabıda, ağ örpəkdə bəstəboy qadın. Prezident bu cazibəyə özü yaxınlaşdı. Nənəmin onun əlindən öpməsinə imkan verməyib, özü arvadın başından öpdü.
Bu da Azərbaycan Prezidentinin növbəti möcüzə davranışı. Nənəmin təşəkküründən öncə özü arvada minnətdarlıq edərək dedi:
- O dünyada belə, Zəngilann işğaldan azad ediləcəyinə inandığınıza, o günü gözlədiyinizə görə Azərbaycan analarının simasında Sizin sevginizə əhsən!
Simuzər arvad çöhrəsində təbəssüm, gözlərindən gildir-gildir yaş axıdırdı.
Ceyhun
Musaoğlu