Gədəbəydə sakinlərlə polis arasında yaşanan tərbiyəsizlik Şuşanı işğaldan azad edən xalqa yaraşmır. Nə sakinlər polisləri daşa basmalıydı, nə polis o dərəcədə qeyri-əxlaqi davranış sərgiləməliydi. Sakinləri başa düşmək olur, həmin an kütlə psixologiyası işə düşür. Bəs polis?.. Sən ki, qorumaq üçünsən, ay polis.
Qadına gözyaşardıcı qazla hücum edən polis yəqin cəzalanacaq. Sadəcə bir qaydaya əməl etməsək, bu sayaq vəhşilik daha da genişlənəcək. Zabit polislər Akademiya bitirirlər, auditoriya görürlər, illərlə samballı müəllimlərdən dərs alırlar, bu da özlüyündə onların mədəniyyətinə müsbət təsir göstərir. Çavuşlarsa, orta məktəbi bitirib, uzağı əsgərlikdən qayıdıb polisə düzəlirlər. Onlara dərs keçən olmur.
Çıxış yolu: çavuşları işə götürəndə onların seçimində əsas meyar kimi xarakterlərinə üstünlük verin. Bir, mədəni, iki, intellektli, üç, sevgi dolu olsunlar, dörd, başqasına yüksək hörmət qoymağı bacarsınlar. Yoxsa ki, avara düşüncə tərzinə malik insanlardan polislər düzəltmək böyük xətadır.
Yəqin unutmamışıq. Nəqliyyat Departamenti vardı. Oranın əməkdaşlarına qoçular deyirdilər. Harda taksi gördülər, sürücünün üzərinə hücuma keçib, adamı heyvan kimi döyürdülər. Belə münaqişələrdə dəfələrlə bıçaqlanmalar da olub. Sonradan bilindi ki, bu qoçuları işə götürəndə onların həbsxanada yatıb çıxmaları, üzündən oxuya bilməmələri, kobud, insani dəyərlərdən uzaq yaşamaları seçim üçün əsas meyar götürülürmüş.
Belə üsulla seçimi polis sisteminə gətirərək tətbiq etmək Qarabağı işğaldan azad edən xalqın, dövlətin polisinə yaraşmaz. Nə bilirik, bəlkə elə qazı ananın gözlərinə vuran polis, məsələn, Zəngilandan imiş, həmin ananın da oğlu Zəngilan uğrunda döyüşlərdə şəhid olub...
Bir-birimizlə insanlıqdan uzaq rəftara yol verməyimiz taleyin hökmü ilə qadağandır. Biz özümüzü Qarabağdakı qələbəyə uyğun aparmalıyıq.
Ceyhun Musaoğlu