İyulun 21-i “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi qısa – cəmi 16 cümləlik nitqi hər bir vurğusu, sözü, ifadəsinə görə dərin məzmuna malik tarixi çıxış kimi dəyərləndirilməyə tam layiqdir.
Prezident yerli və xarici media təmsilçilərinin Şuşa Qlobal Media Forumunda iştirakından şad olduğunu bildirib, 49 ölkədən 150 xarici qonağın, dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu, 60 yerli media rəhbəri və nümayəndəsinin qatıldığı mərasimi Azərbaycan və Qarabağ bölgəsi üçün çox möhtəşəm tədbir adlandırıb.
Şuşanı müxtəlif aspektlərdən orijinal tərzdə xarakterizə edən İlham Əliyev bu şəkildə təqdimatı ilə dövləti, xalqı, cəmiyyəti, ordunu jurnalistlər üçün dəqiq canlandırıb. Prezident deyib:
“Şuşa rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Çünki Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Siz buraya gələrkən azad olunmuş ərazilərdən keçdiniz. Siz Füzuli Hava Limanından Şuşaya elə bir yolla gəlmisiniz ki, biz onu Zəfər yolu adlandırmışıq. Bu yol nə sovet dövründə, nə də ki, işğal dövründə mövcud deyildi. Bu yol bizim qəhrəmanlarımızın cəsarəti və ruhu sayəsində açılıbdır. Biz buraya məhz bu şəkildə gəlmişik, şəhərlərimizi və kəndlərimizi azad edə-edə gəlmişik. Bu şəhər həm də bizim cəsarətimizin rəmzidir. Şuşada artıq bir neçə beynəlxalq tədbir keçirilibdir. Bu şəhərdə “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, bir neçə beynəlxalq idman tədbiri keçirilib və nəhayət bu gün Qlobal Media Forumu keçirilir. Yəni, bu şəhər öz kimliyini qoruya bilmişdir. Baxmayaraq ki, işğal dövründə o, məqsədli şəkildə, qəsdən dağıdılmışdır”.
Belə təqdimatdan sonra xüsusən xarici media nümayəndələri Azərbaycanın qüdrətini, Şuşanın siyasi çəkisni beynəlxalq aləmə daha düzgün, daha doğru tanıda biləcəklər.
Forum 21-23 tarixlərində Prezident İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilir.
Jurnalist Ekspert Mərkəzi