Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarını girov saxlayan hazırda Arayik Arutyunyanın başında dayandığı terrorçu xuntanın düşdüyü həlqə hər saat bir qədər də daralır.
Bu faktı təsdiqləyən hadisələri sadalayaq və bütün nöqtələrinə qədər dəqiq, doğru olan atalar sözləri ilə bəzəyək.
- Ermənistanın BMT Təhlükəsizlik Şurasında göstərmək istədiyi “humanitar fəlakət” şousu Azərbaycanın dəqiq arqumentlərilə ifşa olundu və beynəlxalq aləm Ağdam - Xankəndi yolundan istifadənin mümkünlüyünü və vacibliyini yenidən gündəmə gətirdi.
Erməni xülyası dimdiyindən bəlaya düşdü.
- Bu gün – 22 avqust 2023-ci ildə erməni əsilli şəxslərin Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində sərbəst keçidi təmin olunub. 60-a yaxın şəxs Ermənistan istiqamətinə sərbəst şəkildə keçid ediblər.
Terrorçu ermənilərin “yolumuz bağlıdır” yalanı nə ayaq tutdu, nə də yeridi. Azərbaycan yol bağlamır, yol açır.
- Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin ordumuzun bölmələrinə qarşı terror-təxribat fəaliyyətlərini həyata keçirmək məqsədilə Qarabağ iqtisadi rayonunda təminat yolları və döyüş mövqelərimizə yaxın ərazilərdə quraşdırdıqları 30-a dək texniki müşahidə və dinləmə vasitələri sıradan çıxarıldı. Proses davam edir.
Burnun girmədiyi yerə başı soxmaq istəyəndə aqibət ağır olur.
- Erməni separatçılarının "humanitar yardım" şousunu bu dəfə Azərbaycan Qızıl Aypara Cəmiyyət ifşa etdi. Cəmiyyət yaydığı bəyanatda bildirir ki, Ağdam-Xankəndi yolu ilə zəruri ərzaq, tibbi ləvazimat, dərman preparatları, geyim və s. ilə təchiz olunmuş istənilən humanitar yükün erməni sakinlərə çatdırmasına dəstək verməyə hazırdır. Bu humanitar missiyanı həyata keçirmək həm milli qanunvericiliyin, həm də Cenevrə konvensiyaları və ona edilmış əlavələrin, həmçinin, 1997-ci ildə qəbul edilmiş Seviliya Razılaşmasına 2022-ci ildə edilmiş müvafiq dəyişikliyin tələblərinə tam uyğundur. Həmin dəyişikliyə əsasən, humanitar yardımların həyata keçirilməsində aparıcı rol milli cəmiyyətlərə verilir.
Ev
kimindirsə, işığının hardan yandığını da o bilir.
Zəruru xatırlatma: Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1920-ci ildən etibarən 100 ildən artıq bir müddətdə, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq, Beynəlxalq Hərəkatın 7 fundamental prinsipini, xüsusilə “bitərəflik”, “qərəzsizlik”, “vahidlik” prinsiplərini rəhbər tutaraq, həm sülh dövründə, həm hərbi münaqişələr şəraitində, eyni zamanda fövqəladə hallar zamanı dini etiqadından, milli mənsubiyyətindən, irqindən, siyasi baxışlarından asılı olmayaraq, insanlar arasında fərq qoymadan müharibə qurbanlarına, məcburi köçkün və qaçqınlara, minadan zərərçəkmişlərə və digər ehtiyaclı insanlara zəruri humanitar yardımlar göstərir.
- Xankəndində Karen Matevosyan adlı biri peyda olub. Erməni sakinlərini məcburən “könüllü” adı altında təxribat qruplarına cəlb edərək özünü onların komandiri kimi sırımağa çalışır. Sosial şəbəkələr vasitəsilə müraciətində Qarabağda yaşayan erməniləri quldur Arayik Arutyunyanın ətrafında birləşməyə çağırıb. Arayikin istefasını istəyənləri gülləbaran etməklə hədələyib. Missiya.az saytı bu mövzuda təhlil yazaraq Qarabağdakı erməni terrorçuları arasında ciddi qarşıdurmanın yaşandığına diqqət çəkib.
“Matevosyanın təhdid xarakterli açıqlamaları separatçılar arasında baş qaldırmış narazılığın daha da dərinləşdiyini göstərir. Karen Matevosyanın qondarma parlamentin sədrinin də ünvanına sərt tənqidi fikirlər səsləndirməsi, ondan Arayik Arutunyanın ünvanına səsləndirilmiş fikirlərə görə üzr tələb etməsi münasibətlərin xarakterindəki sərtlikdən xəbər verir. Görünən odur ki, Arayik Arutunyan özünə qarşı genişlənməkdə olan cəbhə ilə mübarizədə Karen kimi terrorçulardan istifadə edir. Karen Mativosyanın təhdid leksikonunda danışması, “fəaliyyətdə olan prezident ətrafında birlik yaranmasa, biz müvafiq addımlar atmaq məcburiyyətində qalacağlıq” kimi xəbərdarlıqlar etməsi qarşıdakı mərhələdə separatçılar arasında hətta silahlı qarşıdurmaların yaşana biləcəyi ehtimalını yaradır. Bu isə heç şübhəsiz ki, Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının həyatına təhlükə deməkdir. Onu da nəzərə almaq lazımdır ki, Mativosyan bir neçə gün öncə başının dəstəsi ilə qondarma parlamentin iclasına basqın edib, elə orada da hamını Arayikin ətrafında birləşməyə çağırıb. Bundan başqa, Mativosyanın dəstəsinin üzvləri Arayiki tənqid edən ictimai fəalların nömrəsinə zəng edərək onları müxtəlif təhdidlərə məruz qoyur, ölümlə hədələyirlər. Xankəndidə separatçılar arasında yaşanan qarşıdurmanın getdikcə daha sərt xarakter alması və proseslərin gedişatında mülki əhalinin ziyan görə biləcəyi ehtimalı, eləcə də başıpozuq dəstələrin qanlı hadisələr törətmə mümkünlüyü Azərbaycanın müvafiq qurumlarının adekvat tədbirlərə əl atması zərurətini yaradır. Xankəndidə və erməni əsilli Azərbaycan vətəndaşlarının yaşadığı digər ərazilərdə dövlətin suverenliyi tam şəkildə bərqərar olmayınca, Qarabağın təhlükəsizliyindən söhbət gedə bilməz. Bölgədə yaşayanların hamısı Azərbaycan qanunlarına tabe olmalıdır. Yalnız bundan sonra bölgədə əminamanlıq, Azərbaycanın digər ərazilərində olduğu kimi, sabitlik yarana bilər. Qısası, Azərbaycan Dövləti bölgənin və orada yaşayan erməni əsilli vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün zəruri olan addımları atmalıdır. Bunun hansı şəkildə olacağını isə, təbii ki, Dövlət bilər!”.
Bu hadisə Qarabağdakı terrorçu ermənilərin vəziyyətinə dair bu fikri yada salır: İt quduranda quyruğunu gəmirər.
- Azərbaycanın Baş Prokurorluğu özünü Karen Matevosyan kimi təqdim edən hərbi geyimdə olan şəxsin avqustun 21-də teleqram və digər internet informasiya resurslarında rus dilində yayımlanmış videomüraciəti üzrə İstintaq idarəsində araşdırma aparıb. Onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
Lap az qaldı: Su səhəngu suda sınar. Azərbaycan hüququ terrorçu Xaçaturyanın aqibətini terrorçu Matevosyana da yaşadacaq.
Azərbaycan 44 günlük qalibiyyət müharibəsindən sonra elə müstəviyə ucalıb ki, oradan baxanda erməni terrorçuları ovuc içindəki qarışqalar kimi görünürlər. Şuşa ucalığından hətta bütün Ermənistan aydın görünür. Adam balası kimi yaşamaq istəyən erməni Azərbaycandan kömək istəyir, bu istək informasiyaya çevrilib açıq şəkildə və sürətlə yayılmaqdadır.
Əlbəttə, ayağı yorğana görə uzdarlar.
Ceyhun Musaoğlu
Jurnalist Ekspert Mərkəzinin sədri