Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 6-da keçirilən qabiliyyət imtahanının nəticələrini elan edib.3 mövzudan biri üzrə inşa (esse) yazan ümumilikdə 519 abituriyentdən 374 nəfəri “məqbul” qiyməti alıb.
AzEdu.az jurnalist olmaq istəyənlərin essə yazma qabiliyyətlərinin hansı səviyyədə olduğuna aydınlıq gətirmək məqsədilə həmin yazıları yoxlayan ekspert qrupunda təmsil olunan Jurnalist Ekspert Mərkəzi İctimai Birliyinin (JEM) sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Ceyhun Musaoğlundan açıqlama alıb.
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanında yazdıqları esselərin yoxlanılması prosesində Mətbuat Şurasının təqdimatı ilə bir neçə dəfə iştirak etdiyini xatırladan JEM sədri bildirib ki, ekspert qrupunda tanınmış jurnalistlər təmsil olunurlar:
"Esselərin yoxlanılması prosesində həmişə nikbin olmağa çalışmışam. Çox təəssüf olsun ki, artıq neçənci dəfədir iştirak etdiyim qabiliyyət imtahanlarında hər mənada çox zəif yazılarla qarşılaşıram. Xeyli sayda yazı müəllifi minimum balı toplaya bilmirdi.
Cəmi bir esse barədə həmkarlarımdan xoş sözlər eşitdim və həmin yazıya növbəli sistem üzrə ekspert kimi qiymət vermək mənə nəsib olmasa da, oxumağa imkan tapdım. Həqiqətən yaxşı yazılmışdı. Hətta həmkarlarımdan biri cəzbedici cümlələri qeyd dəfərçəsinə də yazdı ki, sonradan paylaşsın. Təəssüf belə yazı ilə cəmi bir dəfə üzləşdik".
C.Musaoğlu onu da diqqətə çatdırıb ki, qabiliyyət imtahanında iştirak edən orta məktəbi yeni bitirmiş gənclərdən yüksək səviyyədə yazı gözləmək də doğru olmazdı. Sadəcə, heç olmasa, normal yazsınlar:
“İnanın heç normal esse də qarşımıza çıxmırdı. Peşələrin içərisində yazmaq sənəti ən çətindir. Bu baxımdan yoxlamalar zamanı sərt tələblər də qoyulmur. İşıq elə bir məhfumdur ki, iynə ucu boyda da düşsə, görünəcək. Biz yazılarda həmin işığı axtarırdıq, heyif. Orta məktəbdə oxuduğumuz dövrdlərdə inşa yazmağa 7-ci sinifdən başlayırdıq. Təsəvvür edin, 11-ci sinfi bitiriblər, jurnalist olmaq istəyirlər, test imtahanlarından aşağı-yuxarı normal bal toplayıblar, əsas məsələyə - yazmağa gələndə, onu bacarmırlar. Bir daha qeyd edim ki, yüksək səviyyədə yazmaq tələbi yoxdur, heç olmasa, bir-iki çəkici cümlə işlətsinlər".
JEM sədri qiymətləndirmə prosedurundan da söz açıb. O, bildirib ki, ilk növbədə esselərin həcminin iki səhifədən az olmaması tələb olunur:
“Müşahidələrim əsasında şahidi oldum ki, xeyli abituriyent 3 saat ərzində yazdığını 2 səhifəyə çatdıra bilməmişdi. 11- ci sinfi bitirən və jurnalist olmaq istəyən namizədin yazma səviyyəsi bu qədər aşağı olmamalıdır. Onu da qeyd edim ki, yazı mövzularının püşkatma yolu ilə seçilməsi prosesində də Mətbuat Şurası təmsilçiləri iştirak edib. 200-dən çox mövzu içərisindən 3 mövzu seçildi. Doğrusunu deyim, iki mövzunu bəyənmədim – “Uğurlu insan olmaq nə deməkdir?” və “Yaxşı övlad olmaq üçün hansı xüsusiyyətə malik olmaq lazımdır”. Hər iki mövzu bir qədər sovet düşüncə tərzinin məhsuludur, bu barədə ayrıca danışarıq. “Mətbuat azadlığını necə başa düşürəm?” mövzusu günümüzlə səsləşir. Bu, elə mövzudur ki, hətta 4-5 il jurnalistlik fəaliyyəti ilə məşğul olanlar belə suala ətraflı, açıq, aydın cavab verməkdə çətinlik çəkərlər , o ki qala şagird partasından duran gənc mətbuat azadlığı sual ətrafında yaza. Çox az sayda abituriyent bu mövzuya müraciət etmişdi”.
Ekspertin fikrincə, mövzunun yaradıcı şəkildə şərhi, fikrin sitat, nümunə, faktla zənginləşdirilməsi, söz ehtiyatına malik olmaq, əhatə səviyyəsi, fərdi baxış, üslüb, fikirlərin məntiqli və inandırıcı yazılması faktorlarında, demək olar, istifadə edilməmişdi:
“Bu kimi tələblərə cavab verən bir yazı demək olar ki, tapa bilmədik. Yazını daha da gözəlləşdirmək, zənginləşdirmək və inandırıcı etmək üçün belə metodologiyadan istifadə vacibdir, həm də elə esselərə qoyulan şərtdir”.
"Problemin kökündə nə dayanır?" sualına gəlincə, C. Musaoğlu bunu şagirdlərdə mütaliə qabiliyyətinin aşağı olması ilə izah edib:
“Söz ancaq kitabdadır. Efirdə və ya hansısa internet saytlarında gördüyümüz sözlər xəbəri çatdırmaq üçün vasitə rolu oynayırlar. Nə qədər yaradıcı ifadələr səsləndirilsə də, oxumadığın halda yaddaş bazan sözsüzlükdən əziyyət çəkəcək. Sözsüzlük həm də səssizlikdir. Gərək sözün olsun ki, fikirlərini dolğun ifadə edəsən. Əvvəl söz gəlir, bu, dini, elmi, hətta mistik mənada da belədir. Deyirlər dünya "bir ol” sözündən yaranıb. Cəmi iki sözdən ibarət ifadədir və bu ifadə dünyanın yaranma vasitəsi kimi təqdim olunur. Söz enerjidir və soznsuz gücə malikdir. Bir nəfər bir sözlə, bir əmrverici ifadə ilə dünyanı dağıda da bilər, qura da. Elə müharibələr sözün nəticəsi deyilmi? Bu mövzu da genişdir, çox da uzatmayım. Gənclər danışa, yaza bilmirlər ona görə ki, sözləri yoxdur. Bir az da sosial şəbəkələr bizi tənbəlləşdirdi".
Müsahibimiz onu da vurğulayıb ki, jurnalist olmaq istəyənlərin öncədən təlimə cəlb olunmaları mütləqdir:
“Jurnalist Ekspert Mərkəzi olaraq Elm və Təhsil Nazirliyinə, Media Agentliyi və Mətbuat Şurasına təklif hazırlamaq istəyirik. Burada əsas məqsəd ondan ibarətdir ki, jurnalist olmaq istəyənlər üçün təlimlər təşkil olunsun. Həmçinin, imtahandan sonra bu məsələni jurnalist həmkarlarımla da müzakirə etdik. Necə ki, abituriyentlər ali məktəblərə qəbul olunmaq üçün repetitor yanına gedib, müxtəlif fənlərdən imtahanlara hazırlaşır, eləcə də, jurnalistikadan da hazırlaşmalıdırlar. Bunun üçün hər hansı bir müəllimin yanına getməyə ehtiyac yoxdur. Elə bu dərsləri jurnalistlərin özü keçməlidir. Jurnalist olmaq istəyən çox adama həmkarlarımla bərabər çox təcrübə keçmişik. Məqsədimiz cəmiyyətdə yararlı jurnalistlərin yetişməsidir. Önəmli məqam yerimizi doldura biləcək həmkarlarımızın jurnalistikaya gəlişinə şərait yaratmaqdır".
C.Musaoğlu bu il universitetlərin jurnalistika fakültələrinə qabul olunan tələbələrin təcrübi biliklərə daha çox üstünlük vermələrinə böyük ehtiyac olacağını da söyləyib:
“Düzdür, həmin abituriyentlərə yüksək səviyyəli müəllimlər ali təhsil aldıqları müddətdə bu sahəni daha yaxşı öyrədəcəklər, təcrübələrə cəlb olunacaqlar, amma bazaları yox səviyyəsindədir. Müasir dövrün tələbi də jurnalistlərin yetişməsinə əngəl olur. İndi SMM (Sosial Media Meneceri), kimi işləyəmək, xəbəri “copy past” edib sayta yerləşdirmək, mövzunun mənasına fikir vermədən, ekspert kimi təqdim olunan şəxslərdən iki cümləlik açıqlama alıb, şəkil də əlavə edib yaymaq, el dilində buna “şillə ilə üz qızartmaq deyilir”, dəbdir. İndiki jurnalistika özünü xəbərə qurban verir, reportaj yox, müsahibə yox, ciddi təhlillər yox, portret yazılar yox. Bir sözlə, jurnalistikanın yazı janrları "itkin düşməkdədir". Sosial şəbəkələr vətəndaş jurnalistikası adı altında xaos yaratmaqdadır. Bu xaosun içərisinə düşənlər də elə zənn edirlər ki, hər kəs jurnalist olmağı bacarar. Əslində isə belə deyil. Jurnalistika çox çətin, çox şərəfli, çox vacib peşədir. Jurnalistika dövlətin dayaqlarından sayılır – jurnalist olmaq istəyənlər bu gerçəyi heç vaxt unutmasınlar. Mənə elə gəlir ki, SOS siqnalı verməyin vaxtıdır”.