Dini təfriqələr əsasında bölünmə fəlakətə bərabərdir Ceyhun Musaoğlu

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında millət vəkili Fazil Mustafa evinin önündə güllələnib. Əksəriyyət baş vermiş hadisənin İran xüsusi xidmət orqanları tərəfindən törədildiyini bildirir.

Bakupost xəbər verir ki, “Jurnalist Ekspert Mərkəzi” İctimai Birliyinin sədri Ceyhun Musaoğlu da bu terror aktının Azərbaycan dövlətçiliyinə qarşı olduğu qənaətindədir.

O, istintaq nəticəsində hadisənin arxasında duran ölkənin məlum olacağını qeyd edib:

“Deputat Fazil Mustafaya atılan güllələrin Azərbaycan dövlətçiliyinə qarşı tuşlandığı ilə bağlı fikirlərlə razıyam. Terrorçular mütləq tapılacaq və təbii ki, onların arxasında başqa bir dövlətin dayandığı məlum olacaq. Azərbaycan daxilində kriminogen duruma ciddi nəzarət edilir, belə ağır hadisəni sıradan insanın törətməsi mümkün deyil. Ona görə də hadisə baş verən kimi əksəriyyət barmağını İrana tuşlayıb. İranın din pərdəsi altında Azərbaycanda həyata keçirdiyi məkrli siyasətə qarşı cəsarətlə çıxan Fazil Mustafanın molla rejiminin təkidi ilə hədəfə alındığı ehtimalı çox böyükdür”.

C.Musaoğlu hələlik istintaq getdiyi üçün qəti fikir söyləməyin düzgün olmadığını da bildirib:

"Sadəcə, bir həqiqətə tapınmalıyıq. Azərbaycanlıların dini təfriqələr əsasında bölünməsi fəlakətə bərabər olar. Azərbaycanda vahid din var və adı da sevgidir. İnsana, Vətənə, Dövlətə sevgi. Ən böyük din sevgi, ən adil Peyğəmbər dövlət babadır".

Aynur
BakuPost